SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Qarabağla bağlı kritik mərhələ: müharibə riski artdı

Qarabağla bağlı kritik mərhələ: müharibə riski artdı

Tarix:

29-04-2017, 13:50

/ 87 640 dəfə oxundu.
Qarabağla bağlı kritik mərhələ: müharibə riski artdı

Aprelin boşa çıxan son sülh təşəbbüsü; Moskvadakı qapalı görüş də nəticəsiz yekunlaşdı; danışıqları toplar davam etdirə bilər; ekspert: “Moskva müharibə istəmirsə...”
Dağlıq Qarabağa dair danışıqlarda ötən ilin iyunundan - prezidentlərin Sankt-Peterburq görüşündən sonra hökm sürən sükut nəhayət, pozulub. Dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbəndyan bir araya gəliblər. Kremlin təşəbbüsü ilə baş tutan və qapalı keçən görüşə daha sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri də qatılıb.
Qeyd edək ki, kifayət qədər simvolik əhəmiyyət daşıyan budəfəki görüşü erməni tərəfi sabotaj etməyə çalışmışdı. Kremlin vassalı Ermənistan bununla bir daha öz qeyri-konstruktiv mövqeyini ortaya qoymaqla yanaşı, həm də özünün əsassız ön şərtlərini Azərbaycan tərəfinə qəbul etdirmək istəyirdi.
Söhbət təmas xəttində atəşkəsin pozulmasını istisna edən yeni və sərt monitorinq mexanizminin tətbiqindın gedir. Hansı mexanizm ki, işğalçı tərəfə tamamilə sərf edir. Azərbaycan isə haqlı olaraq, belə mexanizmlərin tətbiqinin işğal rejimini möhkəmlətməyə, şərti cəbhə xəttini legitimləşdirməyə xidmət etdiyinin əsas götürərək və ən önəmlisi, beynəlxalq sənədlərə, Qarabağa dair qətnamələrə söykənərək, öncə sülh danışıqlarında real irəliləyiş olması şərtini irəli sürür, Azərbaycan ərazilərinin azad edilməyə başlaması zərurətini önə çəkir.
Yada salaq ki, bir qədər öncə Sergey Lavrov Azərbaycan mediasına müsahibəsində Qarabağa dair ziddiyyətli məsələlərin çoxunun artıq razılaşdırıldığını, yalnız bir-iki prinsipial məqamın qaldığını söyləmişdi. Bu da yəqin ki, Dağlıq Qarabağın yekun statusu və anlaşmanın hansı ardıcıllıqla gerçəkləməsi ilə bağlı idi. Dünənki Moskva görüşündə bu və digər aspektlərin aparıcı olacağı gözlənilirdi.

***
Ən maraqlısı da bu idi ki, görəsən Moskva öz satellitinə nəhayət, daşı ətəyindən tökdürə biləcəkmi? İşğalçi tərəfi heç vaxt olmadığı qədər aktual olan “hərb, yoxsa sülh” seçimini düzgün etməyə, Bakının səbir limitinin bitdiyinə inandıracaqmı? Bu xüsusda görüşlə bağlı ekspert proqnozları əslində bir elə nikbin xarakter daşımırdı.
Məsələn, sabiq dövlət müşaviri Qabil Hüseynliyə görə, Rusiya bölgədə yeni müharibə istəmirsə, onda sülhə nail olmağın yollarını göstərməlidir. Moskva görüşünün baş tutmasının özünü müsbət hal sayan ekspert görüşdə gündəmin zəngin olma ehtimalını da istisna etməyib.
“Bir sıra prinsipial məsələlərdə irəliləyişlər əldə edilsə, bu, prezidentlərin görüşünə yol aça bilər. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov müsbət irəliləyişlərin gözlənildiyini qeyd edibsə, bu, qarşılıqlı kompromislərin mövcud olmasından xəbər verir. Ona görə də tərəflər bəzi məsələlərdə bir-birinə güzəştə getməlidir. Ancaq elə prinsipial məsələlər var ki, Azərbaycanın güzəşt limiti bitib. Bakı danışıqların davam etməsi və sülh sazişi ilə bitməsi naminə güzəştə gedə bilər”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, bu məsələdə Rusiyadan çox şey asılıdır: “Əgər Rusiya bölgədə yeni müharibə istəmirsə, onda sülhə nail olmağın yollarını göstərməlidir. Yəni Moskva da prosesə qatılmalı, BMT-nin dörd qətnaməsinə uyğun olaraq Qarabağ məsələsinin həllinə təkan verməlidir”.
Ekspert bu fonda son günlər Azərbaycanın Rusiyadan yeni döyüş silahları almasına da toxunaraq deyib: “İrəvanın konstruktiv mövqeyindən çox şey asılı olacaq. Ermənistan bu dəfə də status məsələsini ön plana çəksə, danışıqlar yenidən pozulacaq. Bu isə yaxşı heç nə vəd etmir. Əgər Moskvada dünya təcrübəsinə uyğun olaraq muxtariyyətin ən yüksək formaları ətrafında polemikalar gedərsə, bu məsələdə Azərbaycan kompromislərə gedə bilər. Əks təqdirdə, problemin həlli uzana bilər. Bu isə yalnız Ermənistanın ziyanına olacaq. Moskva görüşündə azacıq tərpəniş belə daha ciddi irəliləyişlər üçün baza rolunu oynaya bilər. Ümid zəif də olsa, hər halda danışıqların davam etdirilməsi yaxşı olardı”
Günün ikinci yarısında Moskva görüşünün ilkin nəticəsi bəlli oldu. Nazirlərin üçtərəfli görüşünün yekunları ilə bağlı yayılan bəyanatda deyilirdi: “Aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbəndyanın işgüzar görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib. 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb”
O da qeyd olunur ki, Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri münaqişənin sülh yolu ilə həllinə kömək səylərinə görə Rusiya XİN rəhbərinə təşəkkür ediblər: “Nazirlər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar. Üçtərəfli danışıqların yekunları əsasında onların ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü olub. Görüşdə münaqişənin həlli məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb”.
“Moskvada aparılan üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək”. Bunu nazirlərin Moskva görüşünü şərh edən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib (Report).
“Aprelin 28-də Moskvada Rusiyanın xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü keçirilib. Görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilən görüşlər əsnasında prezidentlər səviyyəsində aparılan substantiv danışıqlar ətraflı müzakirə edilib”, - deyə Azərbaycan XİN-in rəsmisi vurğulayıb.

***
Beləcə, Moskva görüşü kritik sayılsa da, əslində nəticəsiz başa çatıb. Bunu bəyanatdakı ənənəvi ütülü və şablon cümlələrdən də görmək mümkündür. Görünür, hazırkı həssas məqamda bundan artıq ümidverici ifadələr tapmaq mümkün olmayıb. Tərəflərin danışıqları davam etdirmək haqda razılığa gəlməsi kimi ümumi fikir isə sülh danışıqları görüntüsü yaratmaqdan savayı bir şey deyil. Bu, həm də o deməkdir ki, tezliklə prezidentlərin görüşü planlaşdırılmır. Gözlənilsəydi, bununla bağlı bəyanatda pozitiv nəsə deyilərdi.
Bəyanat bütövlükdə o anlamı verir ki, Moskva təması zamanı tərəflərin hamısı öz mövqeyində qalıb: İrəvan öz şərtlərində israr edib, Bakı prinsipial mövqeyindən çəkilməyib, Moskva da işğalçı tərəfə heç bir təzyiq göstərməyib. Bu da o deməkdir ki, Moskva görüşü bölgədə yeni müharibə riskini azalda bilməyib. Rus ermənini yenə ağla gətirməyib. Hərbi əməliyyatlar üçün ən əlverişli sayılan yaz-yay mövsümümün başladığı da nəzərə alınarsa, bir ilə yaxındır dalandan çıxa bilməyən sülh danışıqlarını deyəsən, toplar davam etdirəcək...

Şərhlər

XƏBƏR LENTİ