SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Binəqədi icra başçısı Qarabağ əlilini ev tikməyə qoymur - ŞİKAYƏT

Binəqədi icra başçısı Qarabağ əlilini ev tikməyə qoymur - ŞİKAYƏT

Tarix:

25-04-2017, 11:17

/ 60 698 dəfə oxundu.
Binəqədi icra başçısı Qarabağ əlilini ev tikməyə qoymur - ŞİKAYƏT

İkinci qrup Qarabağ müharibəsi əlili Quliyev Namiq Allahverdi oğlu redaksiyamıza gələrək şikayətlənib. Şikayətçi qeyd edib ki, 2007-ci ildən yaşadığı Binəqədi rayonunun Biləcəri bələdiyyəsi tərəfindən onun adına torpaq sahəsi ayrılsa da, həmin sahədə bu günə qədər ona ev tikməsinə icazə verilmir:
“Qanuni olaraq 150 kv.m torpaq sahəsi 2007-ci ildən mənim adıma keçirilmiş və həmin vaxtdan mənim faktiki istifadəmdədir. Həmin torpaq sahəsinə ayrılan çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DSEDRX-nin Bakı şəhər Ərazi İdarəsinin rəisinə yazılı surətdə müraciət etmişdim. Cavab məktubumda bildirildi ki, həmin ərazi Dövlət Neft Şirkətinə məxsus olduğu üçün çıxarışın verilməsi mümkün deyil. Bununla bağlı Dövlət Neft Şirkətinə də müraciət etmişəm. Qurumdan bildirildi ki, Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərdə fəaliyyət göstərən neft-qaz hasilatı sənayesi əhaliyə, ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edildiyindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Halbuki həmin ərazilərdə minlərlə fərdi yaşayış evləri tikilib, böyük yaşayış massivi salınıb, 324, 18 saylı orta məktəblər, uşaq bağçaları, poçt, digər iaşə obyektləri tikilib. Hazırda da o ərazidə tikinti gedir. Eyni zamanda əraziyə qaz, işıq, su, telefon və digər kommunikasiya xətləri çəkilib, geniş asfalt küçələr salınıb”.
Şikayətçinin sözlərinə görə, ərazinin təhlükəli olub-olmadığını araşdırmaq üçün aidiyyəti dövlət orqanlarına, o cümlədən Fövqəladə Hallar Nazirliyinə, Təhsil Nazirliyinə, Binəqədi İcra Hakimiyyətinə açıq məktub göndərib: “Müraciətimə cavab olaraq müvafiq dövlət orqanları həmin əraziyə baxış keçirmiş, araşdırma aparmış və mənə rəsmi cavab verilmişdi. Məlum oldu ki, o ərazilər heç də təhlükəli deyil, orada yerləşən neft quyuları isə sovet dövründə, yəni 1971-90-cı illərdə ləğv edilib, dövlət tərəfindən inşa edilən yuxarıda sadaladığım tikintilər qanun çərçivəsində aparılıb.
Sual olunur, bəs onda niyə mənə ərazidə yerləşən 150 kv.m torpaq sahəmə hüquq müəyyənedici sənəd verilmir?
Mən də bu dövlətin vətəndaşıyam, özüm də Qarabağ müharibəsi veteranıyam. Dəfələrlə məsələ ilə bağlı Binəqədi İH-yə müraciət etmişəm. Əvəzində məni təhqir edib, hədələyiblər. Mənim dövlətdən heç bir tələbim, təmənnam yoxdur. Sadəcə, mən öz torpaq sahəmdə kiçik yaşayış evi tikmək istəyirəm, çünki buna ehtiyacım var".
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışdıq. Biləcəri bələdiyyəsinin katibi Nazir İskəndərov qeyd etdi ki, şikayətçi adıçəkilən ərazidə ev tikmək üçün aidiyyəti qurumlardan razılıq almalıdır: “Bəli, 2008-ci ilə qədər bələdiyyə Qarabağ veteranlarına torpaq sahəsi ayırırdı. Hazırda həmin ərazi inzibati zonadır və Neft Şirkətinə aid deyil. Ərazidə ev tikmək səlahiyyətini bələdiyyə deyil, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti verir. Amma əgər adıçəkilən ərazi təhlükəli zona olsaydı, orada evlər, məktəb, uşaq bağçaları tikilməzdi. Orada dövlət tərəfindən böyük yaşayış massivi salınıb”.
Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Şərhlər

XƏBƏR LENTİ