SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Tikinti oliqarxları hücumda: Bakıda tikintinin dayanmasının səbəbi məlum oldu

Tikinti oliqarxları hücumda: Bakıda tikintinin dayanmasının səbəbi məlum oldu

Tarix:

9-02-2019, 13:32

/ 1 072 dəfə oxundu.
Tikinti oliqarxları hücumda: Bakıda tikintinin dayanmasının səbəbi məlum oldu

Beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini pisləşdirəcək “taktika”; ekspert: “Komitə, sadəcə, hamıdan tələb edir ki, inşaat tikinti və şəhərsalma qaydalarına uyğun aparsınlar”

Deputat Fəzail Ağamalının Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin sədri Samir Nuriyevi ölkədə tikintiləri dayandırmaqda ittiham etməsindən sonra tikinti sahəsində mövcud vəziyyət diqqət mərkəzinə gəlib.

Deputatın öz çıxışı ilə bağlı sonradan mətbuata dediyinə görə, S.Nuriyev komitə sədri təyin olunandan sonra Bakıda tikinti demək olar ki, tam dayanıb, tikinti sektorunda çalışanlar işsiz qalıb.

Deputatın sözlərinə görə, onda S.Nuriyev vəzifəyə təyin edilməzdən öncə razılıq alınmış tikinti şirkətlərinin də öz işlərini apara bilmədiklərinə dair məlumat var: “Yəni Samir Nuriyev vəzifəyə təyin edilməzdən əvvəl bütün mərhələlərdən keçərək tikinti aparmaq üçün icazə alanlara da qadağa qoyulub. Sadəcə, ”istəmirəm” deməklə olmaz axı! Əsaslandırmaq lazımdır ki, niyə tikinti aparılmasını istəmirsən. Hər halda, Samir Nuriyev düşünməli, fikirləşməli, tezliklə bu problemi aradan qaldırmaq üçün konkret addımlar atmalıdır. İstəyimiz budur. Yoxsa mənim ona qarşı hər hansı subyektiv münasibətim yoxdur, ola da bilməz”.

F.Ağamalının bu çıxışlarından sonra məsələni diqqətdə saxlayan bəzi mətbuat orqanları hətta onun səsləndirdiyi narazılıqların ölkə rəhbərliyinə çatdırıldığı və S.Nuriyevə ciddi xəbərdarlıq olunduğuna dair məlumat yaydılar. Eyni zamanda komitədən də deputatın iradlarının əsassız olduğuna dair açıqlama verildi.

Bəs Bakının tikinti sektorunda nə baş verir? Vəziyyət deputatın dilinə çatacaq qədər problemlidirmi? Nəhayət, problemlidirsə, buna kim məsuliyyət daşıyır?

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun “Yeni Müsavat”a dediyinə görə, ötən ilin ikinci yarısından etibarən Bakıda tikintiyə başlanma sahəsində ciddi geriləmə həqiqətən müşahidə olunur: “Müşahidələr göstərir ki, tikintiyə başlanmaların sayında az qala iki dəfəyə yaxın azalma var. Amma gəlin baxaq, görək bu nədən irəli gəlir? Komitə heç bir şirkətə demir ki, tikmə. Sadəcə, hamıdan tələb olunur ki, tikintini tikinti və şəhərsalma qaydalarına uyğun aparsınlar. Bu məsələlərdə heç kimə güzəşt olunmur”.

Ekspertin sözlərinə görə, komitənin tələbləri adi standartlardır, amma illər boyu Bakı şəhərində onlara demək olar ki, əməl olunmayıb: “Məsələn, illər uzunu hamı tikintilərin bir-birinə çox yaxın aparılmasından şikayətlənib. Tikinti sıxlığı əmsalını, adambaşına düşən yaşıllıq əmsalını qorumurlar. Binalarda avtomobil parklanma normalarına, uşaqlar üçün oyun yerlərinin saxlanması tələblərinə əməl olunmur. Komitə bunları sərt tələb şəklində qoyur, şirkətlər də onlara əməl etmədən tikməyə çalışırlar. Məsələnin kökü buradadır”.

Qeyd edək ki, Bakı şəhərində tikinti qaydalarının kobudcasına pozulması barədə illər boyu əhalinin şikayətləri aşıb-daşıb. Ötən ilin iyulunda Nazirlər Kabinetinin iclasında ölkə prezidenti bu məsələyə xüsusi diqqət yetirib. Prezident İlham Əliyev qeyd edib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaq: “… Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk”.
Prezident bu çıxışının ardınca ölkə üzrə tikintiyə icazələrin verilməsi sahəsində bütün səlahiyyətlərin Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə verilməsinə dair sərəncam imzalayıb. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq idarəsini Komitəyə birləşdirib. Yəni görünən budur ki, S.Nuriyev tikinti şirkətlərinə qarşı tələbləri birbaşa ölkə rəhbərliyinin tapşırığı əsasında sərtləşdirib. Və heç kimə güzəştə getmədiyi üçün tikinti şirkətləri, daha doğrusu, onların arxasında dayanan məmur oliqarxiyasının hücumlarına məruz qalır.

Tikinti biznesinin hakimiyyətdə yüksək mənsəb sahibi olan məmurlara bağlı olduğu heç kimə sirr deyil. O da hamıya aydındır ki, arxasında iri məmur dayanmayan hər hansı bir şirkət illər boyu qanunsuz formada, heç bir normalara əməl etmədən nəinki çoxmərtəbəli bina, heç toyuq hini də inşa edə bilməzdi. Belə mənzərə yaranır ki, S.Nuriyevin dövlət rəhbərliyinin dəstəyi ilə başladığı mübarizədə qarşı tərəf əslində şirkətlər deyil, onların arxasındakı məmur oliqarxiyasıdır.

Xatırladaq ki, S.Nuriyevin rəhbəri olduğu komitə ötən ilin ikinci yarısından etibarən dəfələrlə açıqlamalar yayaraq, tikinti şirkətlərinin norma və qaydalara əməl etməmələrindən şikayətçi olub.

Komitənin hesabatından da aydın olur ki, ötən il Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan “Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub. Eyni zamanda 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat ölkənin Baş Prokurorluğuna təqdim edilib.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, şirkətlərin əksəriyyəti komitənin tələblərini iqnor edərək, tikintiyə başlamaqdan imtinaya üstünlük verirlər. Bunun əslində məmur şəriklərindən gələn tapşırıq əsasında düşünülmüş bir plan olduğu qeyd edilir. Məsələ burasındadır ki, tikintiyə icazələrin alınması Azərbaycanın beynəlxalq hesabatlardakı mövqeyinə təsir göstərən əsas kriteriyalardan biridir. Son illərdə bu sahədə həyata keçirilən tədbirlər nəticəsində Dünya Bankının “Doing Business 2019″ hesabatında ”Tikinti üçün icazə alınması” indikatoru üzrə Azərbaycanın mövqeyi 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşıb. Bu mövqenin daha da yaxşılaşması üçün prezident 28 dekabr 2018-ci il tarixdə “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Yeni qaydalar tikinti layihəsini hazırlayacaq tərəfdən tutmuş sənədlərin yoxlanılması, müvafiq orqan tərəfindən rəy verilməsi, tikintiyə və istismara icazə müddətlərini, eyni zamanda icazədən imtina və çatışmazlıqların aradan qaldırılması, tikinti obyekti üzərində əmlak hüquqlarının qeydiyyatının aparılma prosedurunu müəyyən etməklə yanaşı, onlar üçün tələb olunan vaxt məhdudiyyətlərini də bəlli edir.

Yanvarın sonlarında isə komitə Bakı şəhəri üzrə tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirildi. Bu elektron müraciət sistemi prezidentin 28 dekabrda imzaladığı qeyd edilən fərmana uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanıb. Elektron müraciət sistemi vasitəsilə tikinti obyektinin sifarişçisi Bakı şəhəri üzrə, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınmasını “bir pəncərə” prinsipi əsasında elektron formada həyata keçirə biləcək.

Açıq hiss olunur ki, tikinti maqnatlarının məqsədi tikintiyə icazələrin verilməsi kimi bir məsələdə Azərbaycanın mövqeyini pisləşdirəcək taktika yürütməklə komitə rəhbərliyinin fəaliyyətini sabotaj etməkdir. Belə düşünürlər ki, bununla S.Nuriyevin vəzifədən alınması, yaxud onun geri çəkilməsinə nail olunacaq. Bu taktikanın nə qədər uğurlu olacağını yəqin ki, yaxın aylarda görə biləcəyik.

Şərhlər

XƏBƏR LENTİ