SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “SOVETSKİ” SAKİNLƏRİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ KÖMƏK ÇAĞIRIŞI – “Bizim problemimizi nəzarətinizə götürün” + VİDEO

“SOVETSKİ” SAKİNLƏRİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ KÖMƏK ÇAĞIRIŞI – “Bizim problemimizi nəzarətinizə götürün” + VİDEO

Tarix:

9-02-2019, 12:38

/ 856 dəfə oxundu.
“SOVETSKİ” SAKİNLƏRİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ KÖMƏK ÇAĞIRIŞI – “Bizim problemimizi nəzarətinizə götürün” + VİDEO

“Prezidentin nəzarətində “Sovetski”yə ayrılan pulların xüsusi auditini həyata keçirəcək komissiyanın yaradılmasını xahiş edirik”

“Mehriban xanım Əliyevadan xahiş edirik ki, sökülən evlərimizin əvəzində bizim ətraf ərazilərdə mənzillə təmin olunmağımız barədə göstəriş versin ”

“Yasamal rayon İcra Hakimiyyətinin məsul şəxsləri bizi zorla evlərimizdən çıxarmaq istəyirlər. Heç bir müqavilə imzalamadığımız halda, bizim mülkiyyətimzdə olan evləri dağıtmağa cəhd edirlər”. Bu fikirləri Bakının “Sovetski” kimi tanınan məhəlləsinin bir qrup sakini “AzPolitika.info”nun əməkdaşına şikayətlərində bildiriblər.

Onlar yeganə ümidlərinin ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olduqlarını bildirərək, saytımız vasitəsilə səslərini onlara çatdırmaq istəyirlər: “Möhtərəm prezidentimiz İlham Əliyevdən və hörmətli birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevadan kömək istəyirik. Artıq prezidentdən və Mehriban xanımdan başqa ümid yerimiz qalmayıb. Vətəndaşların problemlərinə yalnız onlar qayğı ilə yanaşdığından, bizim də səsimizi prezidentimizə çatdırmağınızı xahiş edirik”

Sakinlər Yasamal rayon İcra Hakimiyyətinin məsul şəxslərinin onların evlərini tərk etməyə məcbur etmək üçün dözülməz şərait yaratdıqlarını bildirirlər: “Bizim hüquqlarımız pozulur, evlərimizdən çıxmağa məcbur etmək istəyirlər. Qazımızı, suyumuzu tam kəsiblər. Elektrik xətlərini hər gün gəlib kəsirlər. Camaat bir təhər bərpa edir, yenə kəsirlər. Məqsədləri odur ki, məcbur qalıb evlərimizi tərk edək. Bir çox insan məcburiyyət qarşısında qohumlarının evlərinə, kirayəyə köçməli olub. Qalanlarını da buna məcbur etmək üçün gecələr hətta evlərimizin pəncərələrini daşlayırlar. Bizim harada və necə yaşayacağımızla maraqlanmırlar”.
Sakinlərin sözlərinə görə, əraziyə göndərilən məsul şəxslər insanları aşağılamaqdan belə çəkinmirlər: “Hörmətli prezidentimiz, eləcə də birinci vitse-prezident Mehriban xanımın sadə insanlara nə qədər qayğı ilə yanaşdığının hər gün şahidi oluruq. Prezident dəfələrlə çıxışlarında da məmurlara xəbərdarlıq edib ki, özlərini xalqın ağası kimi deyil, xidmətçisi kimi aparsınlar. Ancaq əraziyə gələn İcra Hakimiyyətinin məsul şəxsləri vətəndaşların şikayətlərini dinləmək belə istəmirlər. Deyirik ki, bizə təklif olunan kompensasiya ilə ev almaq mümkün deyil. Deyirlər ki, “indiyədək quş damında yaşayırdınız, indi də gedin bir yer tapın yerləşin”. Bizim isə gedəcəyimiz bir yer olmadığından, belə ağır şəraitdə yaşamaq məcburiyyətində qalmışıq. Yasamal Rayon İcra Hakimiyyətinin məsul şəxsləri isə artıq buna da imkan vermək istəmirlər, evlərimizi uçurdacaqlarını bildirirlər. Buna görə də mətbuat vasitəsilə ölkə rəhbərliyindən bizim problemimizin xüsusi nəzarətə götürülməsini xahiş edirik.”

“Sovetski”də qalan sakinlər problemlərinin həllinin elə də çətin olmadığını bildirirlər.

Bu haqda danışmazdan öncə qeyd edək ki, 2014-cü ildən etibarən Bakının “Sovetski” kimi tanınan məhəlləsinin sökülməsinə başlanıb. Bununla əlaqədar bu məhəllədə yaşayanların başqa ərazilərə köçürülməsi həyata keçirilir. Köçürmənin birinci mərhələsi 2017-ci ilin yayında başa çatıb və 4 min 300 ailə ərazidən çıxarılıb. Köçürülən ailələrə hər kvadratmetrə 1500 manat kompensasiya ödənilib. Ancaq məbləğin az olmasına etiraz edən, verilən vəsaitlə ev ala bilməyən xeyli sayda ailənin hələ də təyin olunan kompensasiyanı almadığı bildirilir. Onların bir çoxu hələ də ya qohumlarının evlərinə sığınıblar, ya da ucuz kirayələrdə yaşayırlar.

Buna baxmayaraq, artıq Yasamal Rayon İcra Hakimiyyəti köçürmə işlərinin ikinci mərhələsinə başlayıb. Bu mərhələdə daha 2 min evin köçürülməsi prosesinin həyata keçiriləcəyi gözlənilir. Bununla bağlı İcra Hakimiyyəti tərəfindən məhəllə sakinlərinə xəbərdarlıq da edilərək, bildirilib ki, ərazidə yaşayan ailələrə yenə hər kvadratmetrə 1500 manat kompensasiya ödəniləcək.
Bu da “Sovetski”də yaşayan bir çox ailənin narazılığına və narahatlığına səbəb olub. Məhəllə sakinləri köçürüldükləri halda, verilən kompensasiya ilə yaşamaq üçün ev ala bilməyəcəklərindən, evsiz qalacaqlarından narahatdırlar. Çünki ərazidəki evlərin bir çoxunun sahəsi kiçik olduğundan, verilən kompensasiya ilə nəinki indi yaşadıqları mərkəz ərazilərdə, heç ucqarlarda belə normal şəraiti olan mənzil almaq mümkün deyil. Nəzərə alsaq ki, 2014-cü illə müqayisədə tikinti materialları bazarında qiymətlər xeyli bahalaşıb, sahəsi kiçik olan mənzillərdə yaşayanların verilən kompensasiya ilə özlərinə ev tikməkdə belə çətinliklə üzləşəcəkləri şübhə doğurmaz. Ona görə də sakinlər hər kvadratmetrə kompensasiyanın ən azı 2 min manata qaldırılmasını, sahəsi kiçik olan mənzillərə 2500 manatdan hesablanmasını xahiş edirlər. Ya da sahəsi kiçik olan evlərdə yaşayanlara əraziyə yaxın binalarda 2 otaqlı mənzillər verilməsi arzusundadırlar.

Elə “AzPolitika.info” ya müraciət edən bir qrup “Sovetski” sakini də prezident İlham Əliyevdən və I vitse-prezident Mehriban xanım Əliyevadan onlara sökülən evlərinin əvəzinə şəhər ərazisində 2 otaqlı ev verilməsinə dair göstəriş vermələrini xahiş edirlər: “Bilirik ki, Prezidentimiz daim insan amilinin ön planda tutulmasını tapşırıb. Vətəndaşların incidilmədən, razı salınaraq köçürülməsini tələb edib. Həm Prezidentimiz, həm də Mehriban xanım vətəndaşların probleminə hər zaman xüsusi diqqətlə yanaşmağı tələb ediblər. Bilirik ki, Mehriban xanım şəxsən 800-ə yaxın məcburi köçkün ailəsinin evlə təmin olunmasına yardımçı olub. Şübhə etmirik ki, bizim də problemlərimizin həll olunması tapşırılıb”,
Ərazidə yaşayanlar köçürməni həyata keçirən vəzifəli şəxslərin bu tapşırıqlara əməl etmədiyini bildirirlər: “Ərazidə yaşayanların bir çoxu kompensasiyanın azlığından şikayətçi olsalar da, bunu nəzərə almırlar. Bir çox insanların evlərinin sahəsi az göstərilib, onlara qanunla düşən pul belə verilməyib. Bəzi insanlara da çox az kompensasiya ödəyərək evlərini dağıtdıqları, sonra isə sahəsini çox göstərərək külli miqdarda vəsaitin silindiyinə dair şübhələr var. Ona görə də biz Prezidentin nəzarətində “Sovetski”yə ayrılan pulların xüsusi auditini həyata keçirəcək komissiyann yaradılmasını xahiş edirik. Audit yoxlaması olarsa, çox məsələlərin üstü açılar. Dövlətin ayırdığı pulların haralara getdiyi tam aydınlaşar”.

Sakinlər bildirir ki, İcra Hakimiyyəti onların problemini həll etmək əvəzinə, insanları məhkəmələrə yönəldirlər: “Ardınca da deyirlər ki, indiyə qədər məhkəmələrə gedən vətəndaşların heç birinin tələbi yerinə yetirilməyib. Məhkəmələr də onların istədiyi qərarı çıxarır. Çünki bu işin arxasında böyük vəzifəli bir məmurun dayandığını söyləyirlər…”

Sakinlərin sözlərinə görə bu gün hər kvadratmetrə görə 1500 manat kompensasiya ödənilməsi, onları evsiz-eşiksiz küçələrə atmaq deməldir: “Burada – “Sovetski” massivində yaşayış binalarında mənzilin kvadratı 3000-4000 manat arasında dəyişir. On illər ərzində şəhərin mərkəzində yaşayan insanlar onlara verilən kompensasiya ilə özlərinə buraya yaxın yerlərdə ev ala bilmirlər.

İkincisi də,təklif edilən kompensasiya ilə nəinki şəhərin mərkəzində, hətta sahəsi kiçik olan evlərdə yaşayanlar paytaxtın kənar rayonlarında belə mənzil almaq mümkün deyil. Ona görə də kiçik sahəsi olan mənzil sahibləri üçün ya kompensasiyanın məbləğinin ən azı 2500- 3000 manata çatdırılmasını, ya da evlə təmin olunmağımızı xahiş edirik”.

Sakinlər bildirirlər ki,böyük evlərdə yaşayanlar üçün hər kvadratmetr üçün 1500 manat kompensasiya verilməsi ciddi çətinlik yaratmasa da, kiçik mənzilləri olan ailələr evsiz qalmaq təhlükəsilə üzləşiblər: “Burada yaşayanların bir hissəsinin evinin sahəsi cəmi 20 və ya 25 kvadratmetrdir. Hətta 15 kvadratmetr evdə yaşayanlar da var.
Belə evlərin hər kvadratmetri üçün 1500 manat kompensasiya verdikdə, bu 30 -35 min manat edir. Bu qiymətə şəhərin harasında ev ala bilərsən? Heç paytaxtın kənar rayonlarında belə, bu qiymətə normal mənzil almaq mümkün deyil. Bu dəqiqə “Sovetski”dəki təzə yaşayış binalarında mənzilin kvadratı 4 min manatdan aşağı deyil. Bəs, bizə niyə 1500 manatdan verirlər?

Kompensasiya veriləndə mənzil bazarındakı vəziyyət nəzərə alınmalıdır. Elə pul versinlər ki, heç olmasa Yasamalın başqa yerində ev ala bilək : “Əslində əhaliyə kompensasiya vermək əvəzinə, Yasamal rayonu ərazisində binalar tikib insanların mənzillə təmin olunması daha yaxşı olardı. Bu həm vətəndaşlar, həm də dövlət üçün xeyirli idi. Binal tikintisi qat-qat ucuz başa gələrdi, hamı da mənzillə təmin olunardı. Ancaq nədənsə bunu etmədilər. Heç olmasa qalan sakinləri yaxın ərazilərdə mənzillə təmin etsinlər.
Biz hörmətli Prezidentimizdən və I vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirik ki, sahəsi kiçik olan mənzillərdə yaşayanlara şəhərin mərkəzinə yaxın ərazilərdə 2 otaqlı mənzillərlə təmin edilməsi barədə göstəriş versinlər Bizcə dövlətimizin buna gücü də, imkanı da çatar”.
Sonda narazı vətəndaşlar ölkə prezidentinin və I vitse-prezidentin onların probleminə diqqətlə yanaşacaqlarına əmin olduqlarını bildiriblər: “Bilirik ki, Prezident əhalinin incidilməməsini tapşırıb. Mehriban xanım Əliyeva isə hətta zirzəmilərdə yaşayanlara belə ev verilməsini təmin edib. Biz də artıq heç nə istəmirik. Sökülən evlərimizin əvəzində bizim ətraf ərazilərdə 2 otaqlı mənzillərlə təmin olunmağımıza şərait yaradılmasını arzulayırıq”.

Qeyd edək ki, sakinlərin şikayəti ilə bağlı ərazidə söküntü işlərinə nəzarəti həyata keçirən Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini Elçin Rzayevlə danışmağa çalışdıq. E. Rzayev sualımızı dinlədikdən sonra ərazidə olduğunu, sonra cavab verəcəyini dedi. Sonrakı günlər isə dəfələrlə zəng etsək də, onunla əlaqə qura bilmədik. Bununla belə, istənilən vaxt Yasamal rayon İcra Hakimiyyətinin də mövqeyini işıqlandıra bilərik.

Mövzunu diqqətdə saxlayacağıq.

AzPolitika. info

“SOVETSKİ” SAKİNLƏRİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ KÖMƏK ÇAĞIRIŞI – “Bizim problemimizi nəzarətinizə götürün” + VİDEO
“SOVETSKİ” SAKİNLƏRİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ KÖMƏK ÇAĞIRIŞI – “Bizim problemimizi nəzarətinizə götürün” + VİDEO
“SOVETSKİ” SAKİNLƏRİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ KÖMƏK ÇAĞIRIŞI – “Bizim problemimizi nəzarətinizə götürün” + VİDEO
“SOVETSKİ” SAKİNLƏRİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ KÖMƏK ÇAĞIRIŞI – “Bizim problemimizi nəzarətinizə götürün” + VİDEO

Şərhlər

XƏBƏR LENTİ