SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Oliqarxların hakimiyyətə gəlməsi tendensiyası dayanır”

“Oliqarxların hakimiyyətə gəlməsi tendensiyası dayanır”

Tarix:

5-02-2019, 09:21

/ 842 dəfə oxundu.
“Oliqarxların hakimiyyətə gəlməsi tendensiyası dayanır”

Meksika ilə sərhəddə səddin tikintisinə dair Konqreslə yaranan fikir ayrılığı səbəbindən federal hökumətin işinin dayandırılmasına gətirib çıxaran büdcə böhranından sonra ABŞ prezidenti Donald Trampın dəstək reytinqi 40 faizə qədər azalıb. ABŞ-ın tanınmış sorğu mərkəzlərinin keçirdiyi reytinq sorğusu bu nəticəyə gəlib. Sorğuda iştirak edən ABŞ vətəndaşlarının 57 faizi Amerika liderinin büdcə böhranından çıxmaq üçün göstərdiyi fəaliyyətlə razı deyil. Bununla yanaşı, rəyi soruşulan Respublikaçılar Partiyasının tərəfdarlarının 86 faizi Ağ Evin rəhbərini dəstəkləyir. Demokratlar Partiyasının eyni sayda tərəfdarı isə büdcə böhranına görə Trampı günahlandırır. Heç bir partiyanı dəstəkləməyən respondentlərin 60 faizi də ABŞ liderinin siyasətini bəyənmir.

Sorğu yanvarın 18-dən 22-dək 1996 amerikalı arasında aparılıb. ABŞ-da bu cür büdcə böhranları əvvəllər də baş verib. Lakin hazırkı böhran müddətinin uzunluğuna görə rekorda imza atıb. Respublikaçılarla demokratların bir-birinə güzəştə gedəcəyi perspektivi isə hələlik inandırıcı görünmür. Artıq doqquz nazirlik, həmçinin bəzi iri dövlət müəssisələri maliyyəsiz qalıb.

Donald Trampın Amerika vətəndaşları arasında reytinqinin sürətlə aşağı düşdüyünü artıq ABŞ mediası hər gün tirajlayır.

Ümumiyyətlə, təkcə D.Trampın timsalında deyil, son illərdə dünyada böyük kapitala sahib iş adamlarının siyasi hakimiyyətə gəlişi prosesi müşahidə olundu. Ukraynada milyarder iş adamı Pyotr Poroşenko, Gürcüstanda milyarder Bdizina İvanişvili və digər bir neçə ölkədə, həmçinin ABŞ-da Donalda Tramp illərin peşəkar siyasətçilərinə seçkilərdə qalib gəlməklə yeni bir trend yaratmışdılar. Xalqların siyasətçilərə etimad göstərmədiyi, biznesmenləri seçməyə başlamasının müxtəlif səbəbləri qeyd edilirdi.

D.Trampın reytinqinin qısa müddətdə aşağı düşməsi, İvanişvilinin bir müddətdən sonra baş nazir vəzifəsindən getməsi, Poroşenkonun nüfuzunun əvvəlki səviyyədə qalmaması artıq əks prosesin getdiyini göstərir. Ekspertlərin fikrincə, artıq qeyd etmək mümkündür, son illərdə iş adamlarının siyasətçiləri sıxışdırıb siyasi hakimiyyətə sahiblənməsi tendensiyası dayanır və siyasətçilər yenidən önə çıxır. Səbəb isə odur ki, xalqlar siyasətçiləri deyil, iş adamlarını seçməklə yanıldıqlarının fərqinə varmağa başlayıblar.

Maqnatların siyasi hakimiyyətə sahiblənməsi tendensiyasının dayandığını və bundan sonra sırf peşəkar siyasətçilərin yolunun açılacağını söyləmək mümkünmü?

Yeni AXCP-nin sədri Razi Nurullayev bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, biznesmenlərin, oliqarxların hakimiyyətə gəlməsinə hər zaman fəlakət kimi yanaşıb. Çünki onların əksəriyyəti “Madaqaskar” cizgi filmində ac qalan şir Aleks kimi dostu zürafəni qızarmış toyuq tabakası kimi görürlər: “İş adamları üçün kapital qazanmaq bir vərdişdir. Siyasətdə isə pul vacibdir, amma hər şey demək deyil. Vətənini və xalqını inkişaf etdirmək istəyən ağıllı biznesmen özü siyasi hakimiyyətə can atmaz, normal siyasi qüvvəyə, siyasətçiyə kənardan dəstək verər. Dəstək verər ki, həmin siyasətçi iqtidara gəlsin və dövləti irəli aparsın. Təcrübə göstərir ki, oliqarxlar hakimiyyət sahibi olanda biznesdə əldə edə bildikləri, bacardıqları uğurları təkrarlaya bilmirlər. Nəzərə almaq lazımdır ki, dövlət idarə etməklə şirkət idarə etmək eyni deyil. Siyasətçilər dövlət idarə etməsində daha peşəkar və maraqlı olurlar. Təbii ki, böyük sayda istisnalar da var, mən ümumiləşmiş obraz barədə danışdım. Mən cənab Donald Trampın ikinci dəfə seçiləcəyinə çox da inanmıram, seçilsə belə, görünən odur ki, dünya liderləri onun dünya düzəni ilə bağlı atdığı addımları çox da dəstəkləmirlər. Ukrayna prezidentinin reytinqi çox aşağıdır. Gürcüstanın keçmiş baş naziri və milyarder İvanişviliyə münasibət çox dəyişib, amma o, ağıllı hərəkət edərək siyasətdən vaxtında getdi və gizli əl kimi idarə etməyə başladı. Doğrudan da eyni adam həm siyasətçi, həm də biznesmen olanda ölkə xaosa çevrilir”.

R.Nurullayev onu da dedi ki, biznesmenlərin siyasətə nüfuz etməsi prosesi Azərbaycanda da bir müddət çox güclü inkişaf edib və 2015-ci ilə kimi bu proses gedib. 2015-ci ildən sonra proses bir az səngidi və bu ildən isə, demək olar ki, dayanmağa doğru gedir: “Qeyd olunan dövrə qədər nazirlərin çoxu biznesmenlər idi, deputatların yarısı oliqarx. Amma vətəni, torpağı və dövlət atributlarını qorumaq məqamı gələndə onlar yox idi və təbii ki, olmayacaqlar da. Onlar üçün vacib biznes və puldur. Onun üçün də siyasətlə siyasətçilər məşğul olsun, biznesmenlər və oliqarxlar isə sevdikləri peşə ilə-pul qazanmaqla məşğul olsunlar. Onsuz da dünyada biznesmenlərin, oliqarxların hakimiyyətə gəlməsi tendensiyası dayanır”.

Şərhlər

XƏBƏR LENTİ