SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nəsimi Paşayevin ucuz kampaniyasında şirkət maraqları və media prinsipləri necə pozulur?

Nəsimi Paşayevin ucuz kampaniyasında şirkət maraqları və media prinsipləri necə pozulur?

Tarix:

4-02-2019, 15:07

/ 1 254 dəfə oxundu.
Nəsimi Paşayevin ucuz kampaniyasında şirkət maraqları və media prinsipləri necə pozulur?

Sosial şəbəkədə bir tikinti şirkətinin PR meneceri Nəsimi Paşayevin təşəbbüsü ilə başladılan “hünərin varsa, hünərli ol” adlı aksiya izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, həmin viktorinada KİV nümayəndələrinin iştirakı həm media etikasına, həm də müasir qərb praktikasına görə, şirkət əməkdaşlarının sosial məcradakı fəaliyyət prinsiplərinə ziddir.

Bu barədə ilk etiraz AzNews.az saytının Baş redaktoru Taleh Şahsuvarlı səsləndirib.

O qeyd edib ki, hazırda inkişaf etmiş ölkələrin hamısında şirkətlər öz əməkdaşlarına sosial şəbəkə ilə bağlı müəyyən yasaqlar tətbiq edir:

“Nəsimi Paşayev hamımızın sayğı duyduğu bir isimdir. Öz sahəsində qabiliyətli adamdır. Ancaq gözümüzün qabağında çox da xoş olmayan bir hadisə baş verir. Ayrı-ayrı redaksiyaların əməkdaşları çalışdıqları şirkətin, media quruluşunun prestijini 100 manat qarşılığında zərbə altına qoyur. Hər bir jurnalist bilməlidir ki, onun imzası və nüfuzu, o cümlədən sosial şəbəkələrdəki aktivliyi çalışdığı şirkətə xidmət etməli və heç bir halda işəgötürənə xələl gətirməməlidir. Artıq Avropada bu şərti əmək müqaviləsinə də daxil edirlər. Ona görə də redaksiya rəhbərləri öz işçilərini bu barədə məlumatlandırmalı və bu yöndəki fəaliyyətlərinə son verməlidir. Bizim redaksiyamızda isə bu trendə qoşulan yoxdur, ola da bilməz!”.

Azinforum.az informasiya portalının rəhbəri Məhəmmədəli Qəribli də həmin viktorinada jurnalistlərin iştirakına qarşıdır:

“Mən Nəsimi bəyi tanıyıram. Ona qarşı heç bir qərəzim yoxdu. Jurnalist kimi tanımışam. Bilirəm ki, bu sahəyə yad adam deyil. Biz bir müddət əvvəl onun tərəfindən “hünərin varsa, hünərli ol” adlı kampaniya aparıldığının şahidi olduq. Sonra bəlli oldu ki, bu Nəsimi bəyin bu təşəbbüsü PR menecer kimi işə başladığı qrupun reklamına hesablanmışdır. Hardasa normal yanaşmaq olar. Ola bilsin ki, ilk təqdimat idi. Bəlkə də bu yolla harada işlədiyini bildirmək istəyirdi. Sonra bunun davamlı olduğunu gördük. Təsəvvür edin, gün ərzində mənə 20 nəfər bu saytı “like” elə göndərir. İşin mahiyyətində isə 100 manat pul dayanır. Mən burada jurnalistləri də qınamıram. Təbii ki, jurnalistlər də istəyərlər ki, pul qazansınlar. Amma jurnalistlərlə böyük bir şirkətin əməkdaşlığının qurulması normal əsaslarla olmalıdır. Hesab edirəm ki, bu jurnalistləri də hörmətdən salır. Burada doğru bir reklam strategiyası fikirləşmək olar ki, orada jurnalistlər də pul qazana bilər. Amma bu, bir az obrazlı desəm, sanki qumar oynayırlar. Yəni , lisenziyasız mərc oyunları kimi. “Kim kimi keçdi” yarışması təşkil olunur. Jurnalistlər 100 manatdan yana yarışmağa məcbur qalırlar. Onlar bütün gün bu işlə məşğul olurlarsa, bəs çalışdıqları KİV üçün xəbəri kim hazırlamalıdır? Düşünürəm ki, jurnalistlər bu kampaniyada iştirakını dayandırılmalıdır. İstənilən hüquqşünas izah edə bilər ki, burada reklam qanunvericiliyinin tələbləri də pozulub”.

Femida.az saytının baş redaktoru Günay Arda hesab edir ki, dünyanın heç yerində belə nümunə yoxdur ki, hansısa şirkətin PR meneceri dostluq-qardaşlıq müstəvisində şirkətini reklam elətdirsin:

“Buna şirkət özu də razı olmamalıdır. Onu layk elə, bunu layk elə qeyri-ciddilikdir. Həm də jurnalistlər bilməlidir ki, 5-10 manata iş gorduklərinə gorə boyuk pullar almaq imkanları dayanır. Şirkət düşünür ki, bir işi, madam, 5 manata etdirə bilirəm, niyə 500 manat reklam üçün pul köçürüm”?

Günay Arda bunun səbəblərindən də danışıb:

“Sayta reklam gələndə o reklamın gəlirindən müxbirlərə əlavə haqq verilmir. Ancaq bu, çox normal prosesdir. Müxbir reklam da gətirə bilər, hətta konkret simaya gorə reklam da verilə bilər. Sonra deyirik ki, saytlarda mailiyyə yoxdur. Konkret ona maddi dəstək olan fərdlər,qurumlar olsa belə, saytların reklam alması arzulanandır. Hər xırda xərc üçün , səfər xərcləri, kiçik texniki avadanlıqlar üçün maliyyə ayırandan da pul istəməzlər. Şirkət də özünə hörmət etməlidir, jurnalist də! Hansısa tanıtımı, reklam məqsədli tədbirləri bir dəfə pulsuz yola vermək olar, amma həmişə yox”.

Sputnik.az-ın əməkdaşı İradə Cəlilin sözlərinə görə, müsabiqələrdə, yarışlarda iştirak etməyin də həddi var. Bu hədd aşılanda çox iyrənc hal alır: “Məsələn son 2-3 gündə nə zaman “Facebook” səhifəmə baxmışam, həmkarların 100 manat üstündə bir-biri ilə rəqabətini görmüşəm. Bu da çox cansıxıcıdır. Həm də jurnalistin işlədiyi qurumu kölgə altına atmaqdır. “Like” üzərində qurulan müsabiqələri dəstəkləmirəm”.

Əfqan Qafarlı, Modern.az saytının baş redaktoru:

“Mən digər sosial şəbəkələri o qədər də yaxından izləmirəm, əsasən Facebook-da varam. Ona görə də bu şəbəkədəki reklamlarla, PR kampaniyaları ilə tez-tez qarşılaşmalı oluram.

Doğrudur, Facebook-da bəzi şirkətlərin PR işi ilə məşğul olmağı bəzən birmənalı qarşılanmır, bir sıra insanlarda qıcıq doğurur. Amma mən belə kampaniyalara o qədər də pis baxmıram.Təbii ki, söhbət ucuz PR işindən getmir. Çünki sosial şəbəkələr elə məkandır ki, müxtəlif məqsədlər üçün istifadə etmək olur.
Facebook sosial şəbəkəsi də Azərbaycanda daha populyar olduğundan bəzi biznes qurumları, hansısa digər təşkilatlar çalışırlar ki, bu imkanlardan istifadə edərək, məşhurlaşın, ictimaiyyətlə əlaqələrin qurulmasına nail olsun. Həmin şirkətlərin PR menecerləri, ya da mətbuat katibləri fikirləşirlər ki, sosial şəbəkələrdə həm ünsiyyət qurmaq, həm də maarifləndirmək üçün imkanlar varsa, bunlardan niyə istifadə etməsinlər. Bu baxımdan PR menecerlərini başa düşmək olar. Şəxsən mən jurnalist olaraq Facebook-da hansısa kampaniyaya qoşulmamışam, amma qoşulan həmkarlarımı da qınaya bilmərəm. Çünki az əvvəl qeyd etdiyim kimi, sosial şəbəkə azad məkandır, hər kəsin şəxsi profili var və kimsə hansısa PR işinə qoşulursa, bu onun öz işidir. Son vaxtlar “Huner Group” şirkətinin belə kampaniyalardan istifadə etməsi nəzərə çarpır.Təbii ki, bu, marketinq işini qurmaq istəyən şirkət üçün bir imkandır. Belə başa düşdüm ki, sizin sualınız da konkret olaraq bu şirkətin PR işi ilə bağlıdır. İstərdimki, belə kampaniyalara qoşulan jurnalistlər bir qədər təmkinli davransınlar, “layk” toplamaq üçün çox xırdaçılığa, ucuz variantlara əl atmasınlar… Sən status yazmısansa, onu görənlər bəyənəcəksə, “layk” edəcək. Yəni “layk” üçün kiməsə yalvarmaq nəyə lazımdır?Fikrimcə, jurnalist belə kampaniyalara qoşulanda diqqətli olmalı, çalışdığı KİV-in adı, nüfuzunu bu məsələlərə qatmamalı, onu zərbə altında qoya biləcək davranışlara yol verməməlidir”.

Norveçdə yaşayan jurnalist İdrak Abbasov isə öz təcrübəsindən misal çəkməklə Nəsimi Paşayevdən 100 manat qoparmaq istəyən jurnalistlərə əməlli-başlı dərs keçib:

“Norveçin İctimai Teleradio Şirkətində işə başladığım ilk gün, ilk olaraq yanğın təhlükəsizliyi qaydaları, ekstremal vəziyyətdə binada necə davranmalı kursunu keçdim. Sonra isə şirkətin daxili etik kodeksi mənə təqdim edildi. Çünki əmək müqaviləsində dəfələrlə bu kodeksə istinad var idi. Mən orada işə başladığım gündən şirkətin bir parçası və siması hesab olunuram. Məsələn, mən simpatiyam olan hansısa siyasi partiya liderinin status və ya şəklini layk edə, şəxsi sosial şəbəkələrimdə ailəmə aid olan şəkil, xəbər, videodan başqa, hər hansı xəbər yükü ola biləcək nəyisə paylaşaramsa, bunu şirkətlə müzakirə etməliyəm. Hansısa siyasi və ya ictimai yüklü tədbirlərdə iştirak edəndə də bunu şirkətlə razılaşdırmalıyam. İctimai hər hansı fikir söyləyəndə də bunu şirkətlə razılaşdırmalıyam. Çünki mən şirkətin bir hissəsi və sifətiyəm! Hətta işdən sonra, yatan yerdə də mən şirkətin sifətiyəm və az qala yuxu görəndə də şirkətin maraqlarını güdməliyəm”.

AzNews.az

Şərhlər

XƏBƏR LENTİ