SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Boltonun Bakıya zəngində “İran məsələsi”

Boltonun Bakıya zəngində “İran məsələsi”

Tarix:

1-02-2019, 09:00

/ 1 022 dəfə oxundu.
Boltonun Bakıya zəngində “İran məsələsi”

Qabil Hüseynli: “İran məsələsi getdikcə ciddiləşir, Azərbaycanın mövqeyi ortadadır”; Asim Mollazadə: “ABŞ əslində İran məsələsini əsas hərbi müttəfiqləri ilə müzakirə edir”
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında hansı məsələlərin müzakirə edildiyi barədə rəsmi məlumat verilib. Məlumata görə, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o sırada enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

Bolton bu barədə özünün twitter hesabında belə yazıb: “Bu gün mən Azərbaycan prezidenti İlham Əliyevlə danışdım. Biz enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində ABŞ-ın dəstəyi də daxil, bir sıra ortaq maraq kəsb edən məsələləri müzakirə elədik”.

Maraqlıdır, müzakirə edildiyi deyilən “bir sıra ortaq maraq kəsb edən məsələlər” deyilərkən başqa hansı məsələlərdən söhbət gedə bilər? İran məsələsinin də müzakirə edildiyini söyləmək mümkünmü? Nəzəri baxımdan Con Bolton Cənubi Qafqaz ölkələrini İrana qarşı sanksiyalara qoşulmağa dəvət edə bilərmi?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, İran məsələsinin telefon danışığında müzakirə edilməsi inandırıcı deyil. Con Bolton ötən ilin sonlarında Azərbaycanda səfərdə olmuşdu, Azərbaycan prezidenti ilə görüşmüşdü. Bu cür görüşlərdə müəyyən məsələlər qaldırıla bilər: “Amma bu cür ciddi məsələnin başqa kanalların duyması ehtimalının olduğu telefon danışıqlarında müzakirə edilməsini mümkün saymıram. İran məsələsində lazım gəlsə, Amerika öz istəyini və mövqeyini başqa diplomatik kanallarla və birbaşa üz-üzə görüşlər vasitəsilə çatdıra bilər. Bu baxımdan da zənn edirəm ki, Azərbaycan prezidenti ilə telefon danışığında İran məsələsi deyil, iqtisadi sahədə ABŞ-Azərbaycan əməkdaşlığı, enerji dəhlizlərinin təhlükəsizliyi, Qarabağ məsələsi əsas müzakirə mövzusu olub”.

Q.Hüseynli vurğuladı ki, ABŞ siyasətində İran məsələsi çox mühüm yer tutsa da, Vaşinqton bu məsələni telefonla müzakirə etməz, eyni zamanda Azərbaycanın bu məsələdə mövqeyini zatən bilir: “İran məsələsi getdikcə ciddiləşir. Azərbaycanın isə İran məsələsində mövqeyi ortadadır. Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən hansısa üçüncü dövlətə qarşı istifadə edilməsinə heç zaman izn verməyəcək. Amerikanın İrana qarşı Azərbaycan ərazilərindən istifadə edə biləcəyi barədə dezinformasiyalar yayılır. Hesab edirəm ki, ölkəmiz bundan sonra da əvvəlki mövqeyinin üzərində dayanaraq İran məsələsində indiyə qədərki mövqeyində qalacaq. Azərbaycan indiyə qədər İrana qarşı tətbiq edilən sanksiyalara qoşulmadığını da bəyan edib. Məncə, bundan sonra da qoşulmayacaq. Azərbaycanın bu mövqeyini Vaşinqton bilməmiş deyil”.
Politoloq onu da bildirdi ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri İran məsələsində Amerika üçün çox ciddi problemə, təhlükə mənbəyinə çevrilə bilər: “İstisna deyil ki, Vaşinqton İran məsələsini ciddiləşdirdikcə bu problemi göz önünə almağa başlayıb. Azərbaycanın həmin ərazilərinin Rusiyanın əlaltısı olan Ermənistanın əlində qalması gələcəkdə ABŞ-ın strateji planlarına ciddi əngəl yarada bilər. Həmin ərazilər istənilən vaxt ABŞ-ın əleyhinə platsdarm kimi istifadə oluna bilər. Odur ki, zənnimcə, ABŞ-ın bugünkü mövqeyi ondan ibarətdir ki, İran məsələsindən öncə Dağlıq Qarabağ probleminin həlli məsələsi sürətləndirlməlidir. Dağlıq Qarabağın hüdudlarından kənarda işğal altında olan 7 rayonun azad edilməsi Vaşinqtonun planlarında yer tutur”.
Deputat Asim Mollazadə isə teleqraf.com-a deyib ki, ABŞ bizim bölgədə sabitliyin və konfliktlərin həllində maraqlıdır. Çünki bu bölgənin böyük əhəmiyyəti var: “Birincisi, Azərbaycanın yaratdığı enerji dəhlizidir ki, dünyaya, ABŞ-ın əsas müttəfiqlərinə neft və qaz bu dəhliz vasitəsilə gedir. İkincisi, həm Azərbaycan, həm də Gürcüstan ABŞ-ın antiterror koalisiyasının fəal üzvləridir. Və ABŞ-la birlikdə terrorla mübarizə aparırlar. Yəni təhlükəsizlik sahəsində bizim geniş əməkdaşlığımız var. Onun üçün son hadisə bölgədə sabitliyi qorumaq, münaqişələrin kiminsə tərəfindən aktivləşdirilməsinin qarşısını almaqda ABŞ-ın maraqlı olması mesajıdır.

İran məsələsinin müzakirə olunması prinsipcə mümkündür, amma region ölkələri bu istiqamətdə Vaşinqtona dəstək göstərə bilməz. Ermənistan İranın əsas müttəfiqlərindən biridir. Azərbaycan və Gürcüstan sabitlikdə maraqlı olan dövlətlər kimi bu proseslərə qoşulmur. ABŞ əslində İran məsələsini əsas hərbi müttəfiqləri ilə müzakirə edir. Azərbaycan isə ABŞ-ın hərbi müttəfiqi deyil. Eyni zamanda ABŞ sanksiyalar mövzusunu əsasən İranla əməkdaşlıq edən əsas iqtisadi tərəfdaşlarla müzakirə edir. Nə Azərbaycan, nə də Gürcüstanın İranla iqtisadi münasibətlərində böyük həcm yoxdur. Burada əsasən Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edilə bilər. Çünki İran Ermənistanın ən ciddi iqtisadi tərəfdaşıdır. İqtisadi baxımdan İran Ermənistana Rusiyadan daha ciddi dəstək verir".

Şərhlər

XƏBƏR LENTİ