SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dələduzluqla üzləşən şəhid bacısı kömək istəyir... - Müraciət

Dələduzluqla üzləşən şəhid bacısı kömək istəyir... - Müraciət

Tarix:

17-12-2018, 11:54

/ 1 442 dəfə oxundu.
Dələduzluqla üzləşən şəhid bacısı kömək istəyir... - Müraciət

Kəlbəcər rayon Günəşli kənd sakini, ikinci qrup Qarabağ əlili Quliyeva Validə Məhəmməd qızı ona 1500 manat pul atan əmisinin kürəkənindən şikayətçidir. V.Quliyeva həm də Kəlbəcərin işğalı zamanı iki güllə yarası alaraq, yaralı halda ailə üzvləri ilə ermənilərə əsir düşüb. Ermənilər onun bacı və qardaşını şəhid ediblər. V.Quliyeva isə bir il yarım əsirlikdə qaldıqdan sonra azad edilib.

V.Quliyeva Moderator.az-a hadisəni bu cür nəql edib:

“Özüm Kəlbəcər rayonundan məcburi köçkünəm. Bir il yarım erməni əsirliyində olmuşam. Ağstafa rayonunun Böyük Kəsik kəndində vaqonda yaşayırdıq və səhhətimdə problemlər olduğu üçün həyat yoldaşımla birlikdə Bakıya müalicəyə gəlirdik. Bir dəfə Bakıya müalicəyə gələndə əmim qızı Quliyeva Aybəniz Binnət qızı mənə zəng vuraraq bildirdi ki, xəstəxanadan çıxandan sonra gecəni gəlib bizdə qalarsınız. Mən də həyat yoldaşımla xəstəxanadan çıxıb onların yaşadığı Köhnə Günəşliyə getdim. Söhbət əsasında əmim qızının həyat yoldaşı Bərdə rayon sakini Şirinov Sahib Yunus oğlu bildirdi ki, burda köhnə hamam deyilən ərazidə bir otaqlı evlər var, bir az pul düzəldin, onlardan birini sizin adınıza sənədləşdirim və Bakıya gələndə orda yaşayın.

Həmin vaxtı maddi imkanım yox idi. 2015-ci ildə borc edib 1500 manat pul düzəldərək Şirinov Sahibə verdik. O, bizə bildirdi ki, bir neçə aya otaqlardan birini adımıza sənədləşdirəcək. Bizi bir il süründürdükdən sonra onları yaşadıqları ərazidən köçürdülər. Əmim qızı Aybəniz zəng vurub dedi ki, bəs bizi burdan köçürüb evlərimizi də uçurdular.

İki il öncə isə dövlətimiz bizim ailəni Qazax rayonunda evlə təmin etdi. 2015-ci ildən bu günə kimi mən Şirinov Sahibdən pulumu ala bilmirəm. Onlar hal-hazırda Bərdə rayonunda yaşayırlar. Məsələylə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdim və nazirlikdən bildirildi ki, məhkəməyə müraciət edin. Mən də 2018-ci ildə Bərdə rayon Məhkəməsinə müraciət etdim. Məhkəmədə bir neçə prosesimiz oldu və Sahib Şirinov məhkəməyə gəlmədi. Amma mənin israrımdan sonra onun həyat yoldaşı, əmim qızı Aybəniz Quliyeva məhkəməyə gələrək bildirdi ki, biz Validə Rəhimovadan pul almamışıq, yalan danışır.

Məhkəmə işin prokurorluq tərəfindən araşdırılacağını bildirdi. Amma heç bir nəticə olmadı, bu günədək Bərdə rayon Məhkəməsində hansı qərar çıxarıldığını belə, öyrənə bilmirəm. Hüquqi savadımın olmamasından sui-istifadə edərək mənim bütün sənədlərimi məhkəmədə it-bat ediblər. Mən yenidən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edəcəm. Mətbuat vasitəsilə səlahiyyət sahiblərindən xahiş edirəm, mənə bu məsələdə yardımçı olun”.

Şərhlər

XƏBƏR LENTİ