SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » 2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir? - TƏHLİL

2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir? - TƏHLİL

Tarix:

17-12-2018, 09:58

/ 1 562 dəfə oxundu.
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir? - TƏHLİL

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği yüksək olaraq qalır. Problem 2018-ci ildə həll edilmədi. Bəs 2019-cu ildə məsələ ilə bağlı nələr baş verəcək?

Noyabr ayına olan rəsmi məlumatlara görə ilin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlər 4,4% artıb, ötən il noyabrın 1-nə nisbətən isə 10,1% azalıb. Oktyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 13,8% təşkil edib. Bu nisbət sentyabrın sonuna 14,2%, ötən ilin sonuna 13,8%, ötən il oktyabrın sonuna isə 15,5% təşkil edib.

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, problemli kreditlərlə bağlı hazırda iki önəmli məsələ var: “Birincisi odur ki, Azərbaycan rəsmi statistikası problemli kreditləri, ümumi kredit portfelinin 16 faizi kimi göstərir. Əslində bu da çox böyük rəqəmdir. Çünki dünyada problemli kreditlər ümumi kredit portfelinin 3 faizini keçdiyi zaman bu, bank sektorunda böyük təlatümlərin olmasının göstəricisi kimi qəbul olunur. Dərhal da yeni proqramlar qəbul olunur ki, bu vəziyyət düzəldilsin. Rəsmi rəqəmlərə görə, bizdə problemli kreditlərin həcmi dünya normalarından 5 dəfədən də artıqdır. Beynəlxalq reytinq agentliklərində isə bu rəqəm bizdəkindən fərqlidir. Ən az rəqəmi 20 faiz olmaqla ”Fitch" göstərib. Ən yuxarı rəqəm isə “Moodys”də qeyd olunub ki, bu da 30 faiz təşkil edir. Ümumilikdə demək olar ki, real rəqəmlər rəsmi rəqəmlərdən yüksəkdir. Çünki onların hesabatları birbaşa banklardan aldıqları məlumatlara görədir. Bu baxımdan hesab edirəm ki, bu sahədə ciddi statistika problemi var ki, buna nəzər salmaq lazımdır. Problemi həll etmək istəyiriksə, onun diaqnozunu qoymaq lazımdır. Diaqnoz qoymaq üçün də əlimizdə kifayət qədər real göstəricilər olmalıdır. İkinci problem odur ki, hökumət bu sahədə addım atmaqda çox gecikdi. Birinci devalvasiyadan sonra, yəni dollar 1.5 AZN olduğu zaman dərhal qərar verilməli idi.

Mərkəzi Bank, hökumətlə birlikdə problemli kreditlərin yenidən nəzərdən keçirilməsini düşünməli idi. Bu xüsusda banklarla köhnə məzənnə ilə kreditlərin qaytarılması istiqamətində banklarla müştərilər arasında vasitəçi rolu oynanılmalı idi. Lakin bu, baş vermədi və ardınca ikinci böyük devalvasiya gəldi. Nəticədə dollar 1.55 AZN olduqdan sonra problemli kreditlərin həcmi də sürətlə artmağa başladı. Bu gün isə nə qədər səsləndirilməsə də biz artıq 3-cü devalvasiya dönəmində yaşayırıq. Bu da dolların 1.7 AZN olan dövrüdür. Yəni ikinci devalvasiya ilə hazırkı məzənnənin arasında 15 qəpik fərq var ki, bu da əslində kifayət qədər böyük rəqəmdir. Sabitlik dönəmində problemli kreditlərin həcmi isə daha da artmağa başladı. Nə qədər acınacaqlı olsa da bu gün məhkəmə sistemində bankla müştərilər arasında olan çəkişmələr, ümumi məhkəmə yükünün az qala 70 faizinə çatır. Yəni 10 minlərlə işlər məhkəmələrə göndərilib və araşdırmalar aparılır".

Ekspert bunu problemdən çıxış yolu saymır: “Yəni cəzalarla, hər hansı böyük həcmdə məhkəmə qərarları ilə məsələ həll olunmayacaq. Nə vətəndaş bu yükün altına tək girə bilir, nə də banklar təkbaşına problemi həll etmək gücündədir. Burada artıq dövlətin müəyyən addımlarına, proqramlarına ehtiyac yaranıb. Dövlət də addım atmaq fikrində deyil. Ona görə problemli kreditlərin həcmi getdikcə artıq. Hesab edirəm ki, gələn il də bu tendensiya davam edəcək. 3 il öncə təklif etmişdik ki, məsuliyyətin 3 yerə bölünməsi prinsipi olsun. Yəni problemli kreditlərin şişməməsi üçün 33 faiz dövlətin, 33 faiz bankların, 33 faiz də vətəndaşın üzərində yükün olmasını təklif etmişdik. Ancaq təəssüf ki, bu təklif qəbul olunmadı. İndi isə artıq bu addım belə, gecikmiş olacaq. Çünki artıq vətəndaş 33 faizi də üzərinə götürmək gücündə deyil. Ona görə də dövlət bank sistemini sağlamlaşdırmaq istəyirsə, gec-tez probleminin həlli ilə bağlı ciddi addımlar atmalıdır. Bu addımlar gec atılacaqsa, problem hökumətə, büdcəyə də bir o qədər baha başa gələcək. Yəni daha çox vəsait xərcləməli olacaqlar. Ay, il keçdikcə, problemli kreditlərin üzərinə gələn faizlər də artır. Məbləğ olaraq borc şişir. Əgər bu gün problemli kreditlərin həcmi 2 milyarda çatıbsa, gələn ilin sonunda bu, daha 30-40 faiz artacaq. Yəni problemli kreditlərin həllinin gecikməsi, hər il vətəndaşın, bank sisteminin çiyninə əlavə yük qoyur”.

Şərhlər

XƏBƏR LENTİ