SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » HÖVSANIN "YUXULARA GİRƏN" KİTABXANASI

HÖVSANIN "YUXULARA GİRƏN" KİTABXANASI

Tarix:

14-11-2018, 13:59

/ 1 780 dəfə oxundu.
HÖVSANIN "YUXULARA GİRƏN" KİTABXANASI

Qəsəbə sakini evindəki 10 min ədəd kitabı hədiyyə etmək istəyir, amma kitabxana tikilməsi ilə bağlı təklifinə cavab verən yoxdur

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin sakini Sərkərov Osman Malik oğlunun redaksiyamıza yolladığı məktub, əslində, milli-mənəvi dəyərləri qorumağa çalışan bir insanın, vətəndaşın qəlbinin harayıdı.
Malik Osmanovun məktubundan məlum olur ki, yaşadığı qəsəbədə kitabxana inşa edilməsi xahişi ilə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyevaya 24 məktub ünvanlayıb və yalnız bu ilin 15 avqustunda 24-cü məktubuna cavab alıb.
Cavab Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən göndərilib. Regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektorunun müdiri Rəşad Əliyev tərəfindən göndərilən məktubda deyilir:
“Sizin Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığınız müraciətə Mədəniyyət Nazirliyində baxılıb.
Qaldırdığınız məsələ ilə əlaqədar olaraq bildiririk ki, Mədəniyyət Nazirliyi tərəfindən Bakı şəhər Baş İdarəsinə Hövsan qəsəbəsində kütləvi kitabxananın yaradılmasına olan ehtiyacın araşdırılması barədə tapşırıq verilmişdir.
Bildiririk ki, araşdırmanın nəticəsində müvafiq kitabxananın yaradılmasının zəruri olduğu müəyyən edilərsə, qəsəbədə yeni kitabxananın inşası məsələsinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin növbəti illər üzrə dövlət investisiya qoyuluşu proqramının layihəsi hazırlanan zaman baxılacaq.

Nəzərə almağınızı xahiş edirik”.

Məktuba aldığı cavaba “Ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər” atalar sözü ilə reaksiya verən Osman Sərkərov növbəti, 25-ci və özünün qeyd etdiyi kimi, sonuncu məktubunu redaksiyamız vasitəsilə ölkə Prezidentinə və Birinci vitse-prezidentə çatdırmaq ümidindədir. Məyus vətəndaş Osman Sərkərov bizə məktubunu “25-ci və sonuncu məktub. Daha sizə yazmayacağam, narahat olmayın” qeydi ilə yollayıb. Məzmunu isə belədir:
“Sağ olsunlar, hansı təşkilatsa Hövsanda 2 mərtəbəli kitabxana inşa edib, istifadəyə verib. Kitabxana çeşid-çeşid kitablarla zəngindir. Bədii, texniki, tarixi, siyasi və s. 2-ci mərtəbə oxu zalı üçün nəzərdə tutulub. Geniş, işıqlı kitabxanada oxucular üçün hər cür şərait təmin olunub. Hər bir oxucu rahatca oturub kitabını oxuyur.
Belə mədəni xidmət Hövsanda heç vaxt olmayıb. Şükür, bunu da gördüm. Arzum ürəyimdə qalmadı. Bu mənzərəyə tamaşa etdikcə sevincdən ağlayıram...
...Təəssüf ki, bütün bunlar yuxu imiş. Yağış səsi məni bu şirin röyadan ayırdı. Ayılıb gördüm ki, kitabları yığdığım köhnə-küləş köşk kitablarımı yağışdan qoruya bilməyib, bütün kitablar islanıb məhv olub.
Bu məktubu sizə yazmaqda məqsədim sizdən kömək diləməkdir. Müraciətimi savadsız məmurların üzərinə yönəldib, işinizi bitmiş hesab edirsiniz. O məmurların verdiyi cavablar sizə bəllidir, axı. Mənə əməli kömək lazımdır. Ona görə sizə yazıram ki, siz bu işdə mənə kömək edə bilərsiniz. Məndə olan 10 mindən çox kitab məhv olub gedir. Bu kitabların yararsız hala düşməsi ürəyimi ağrıdır.
Bu kitabları saxlamağa yerim yoxdur. Çünki evimə sığışmır, sığışsa belə, evimdəki nadanlar (təəssüf ki, nadan məmurlara tay nadanlar mənim evimdə də var) ya kitabları cırır, ya da çölə atırlar. Evimdəki nadanlarla mənə cavab xatirinə cavab yazan məmurların əlindən hara gedim, bilmirəm.

Nadanların saymazyana münasibəti məni vadar edib ki, kitabları binanın zirzəmisinə və sınıq-salxaq köşkə yığım. Bu üzdən də kitabları nəmdən və yağışdan qoruya bilmirəm.

Kitabdan danışırsan, gülürlər,

Sevgidən danışırsan, söyürlər.

Vətəndən danışırsan, döyürlər,

Yaltaqlıq edirsən, öyürlər.

Bilmirəm, gülüm, yoxsa ağlayım.

***

Arzuladım kitabxana olsun Hövsanda,

Arzularım daşa dəydi qayıtdı.

Arzum haqda namə yazdım nazirə,

Namələrim nazirliyə dəydi qayıtdı.

***

Bu 25-ci məktubdur, sizə yazıram. İndi anlamışam ki, məktub yazıb kömək istəmək ağılsızlıqmış. Daha sizdən kömək gözləmirəm. Nahaqdan müxtəlif qurumlara buyruq verməyin. Çünki heç bir məmur sizin göstərişlərinizi saya salmır və eşitmir”.

P.S. Əslində Osman Sərkərov özü üçün heç nə istəmir, yaşadığı qəsəbənin sakinlərinin, xüsusilə də gənc nəslin maariflənməsi üçün çalışır. İllərlə öz vəsaiti hesabına alıb yığdığı, göz bəbəyi kimi qoruduğu kitabları xalqına hədiyyə etmək istəyir. Bundan böyük xeyirxahlıq olarmı?
Arzuladığı isə yaşadığı ərazıdə elm ocağı olan kitabxana binası görməkdir. Amma nədənsə bunu da ona çox görürlər. Sadə vətəndaşın bu gözəl təşəbbüsünü alqışlamaq, ona kömək etmək əvəzinə aylardır süründürürlər, müraciətlərini cavabsız qoyurlar, əl çəkmədiyini gördükdə isə saymazyana bir məktubla onu başlarından etdilər.
Ümid edirik ki, Osman Sərkərovun qəlbinin harayı nəhayət eşidiləcək və səsinə səsə veriləcək. Ölkə Prezidenti və Birinci vitse-prezident xalqının gələcəyini düşünən, gənclərin maariflənməsi üçün kitabxana inşasına nail olmağa çalışan vətəndaşın səylərini qiymətləndirəcək və onun yuxusu ən tez zamanda gerçəyə dönəcək.

Hurriyyet.org

Şərhlər

XƏBƏR LENTİ