SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MTN generallarının bəraət istədikləri məhkəmədə hakim kimdir - İDDİA

MTN generallarının bəraət istədikləri məhkəmədə hakim kimdir - İDDİA

Tarix:

22-10-2018, 11:19

/ 1 966 dəfə oxundu.
MTN generallarının bəraət istədikləri məhkəmədə hakim kimdir - İDDİA

Ötən həftə mediada ən çox müzakirə edilən mövzulardan biri də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun apelyasiya şikayətləri üzrə məhkəmənin başlanması oldu. Yada salaq ki, generalların və onların işçilərinin şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılır.

Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər. Bu xəbərlərdən sonra mediada MTN generallarının azadlığa buraxılacağı ilə bağlı iddialar yayılıb.

Həftəsonu isə Baş Prokurorluğun mətbuat xidməti bu iddialarla bağlı geniş məlumat yayıb. Məlumatda deyilir ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bəzi vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmaları ilə əlaqədar yayılmış informasiyalar həqiqəti əks etdirmir.

Prokurorluq kütləvi informasiya vasitələrində ləğv olunmuş MTN-in həbsdəki bəzi vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı qəti şəkildə təkzib edib.

Açıqlamada bildirilir ki, MTN-in ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb, istintaqı tamamlanıb. Bakı Hərbi Məhkəməsi sabiq vəzifəli şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Teymur Quliyev, Zaur Məmmədov, Natiq Alıyev, Natavan Mirvətova, Fərhad Atayev, Elşad Əzizov, Anar Şirəliyev və Eşqin Əliyevi müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edib.

Prokurorluq eyni zamanda sözügedən iş üzrə məhkum olunan iki nəfərin azadlığa çıxdığını təsdiq edib. Ancaq bildirilir ki, həmin iki nəfər cəzasını çəkib bitirdikləri üçün azadlığa buraxılıblar. Söhbət Bakı Hərbi Məhkəməsinin aprelin 23-də verdiyi hökmlə 3 il azadlıqdan məhrum edilmiş Eşqin Əliyev və Anar Şirəliyevdən gedir.

Prokurorluq vurğulayır ki, məhkəmə hökmü verərəkən onların az ağır cinayət törətmələrini, istintaqla yaxından əməkdaşlıq etmələrini nəzərə alıb. Eşqin Əliyevin cəzasının əvvəli 2015-ci il oktyabrın 17-dən, Anar Şirəliyevinki isə 2015-ci il oktyabrın 18-dən hesablanıb. Baş Prokurorluğun açıqlamasında adı çəkilənlərdən başqa, MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun da azadlığa buraxıldığı bildirilir.

***

Bəs, MTN generallarının apelyasiya şikayətinə baxan hakim kimdir? O, indiyədək hansı qalmaqallı işlərə baxıb?

Sahibxan Mirzəyev 1954-cü ildə anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin(indiki BDU) Hüquq fakültəsini bitirib.

1979 -2000-ci illərdə DİN-in əməkdaşı olub. Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi işləyib. Bundan sonra o, ədliyyə sisteminə keçib. 2000 -2007-ci illərdə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi olub. 2007-ci ildən isə Bakı Apelyasiya Məhkəməsinin hakimidir. 2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvüdür.

Hərbi Məhkəmənin hakimi olanda bir sıra qalmaqallı cinayət proseslərində hakimlik edib. Məsələn, 2005-ci ildə Sahibxan Mirzəyevin sədrliyi ilə İmişli rayonunun sabiq hərbi komissarı Elxan Nəsirovun məhkəməsində hakim olub. Sabiq hərbi komissar vəzifə saxtakarlığında, hakimiyyət həddini aşmaqda, rüşvət almaqda, dələduzluq və xuliqanlıq əməllərində təqsirli bilinirdi.

2010-cu il noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində həbs edilmiş blogger Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi apelyasiya şikayətinə də sözügedən hakim baxıb. Adnan Hacızadənin şikayəti təmin edilib və 7 ay 21 günlük cəzasından şərti azad edilməsi və məhkəmə zalından azadlığa buraxılması barədə qərar verib.

Sahibxan Mirzəyev “MTN işi” üzrə prosesdə yeni hakim deyil. Məsələn, bu il MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökmdən verilən apelyasiya şikayətinə baxıb. Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

MTN Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin ailə üzvləri üzərinə həbs qoyulan əmlakının geri qaytarılması üçün məhkəməyə müraciətlərinə də Sahibxan Mirzəyevin icraatında baxılıb.

Bu il daha bir qalmaqallı cinayət işinin hakimi də Sahibxan Mirzəyev olub. General Novruzəli Orucovun xuliqanlıqda təqsirləndirilən oğlu Rüstəm Orucovun apelyasiya şikayətinə də S.Mirzəyev baxıb.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ