SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Fəxrəddin Aboszadənin ekstradisiyası gecikir - müəmma

Fəxrəddin Aboszadənin ekstradisiyası gecikir - müəmma

Tarix:

22-10-2018, 11:04

/ 1 452 dəfə oxundu.
Fəxrəddin Aboszadənin ekstradisiyası gecikir - müəmma

Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Aboszadənin Azərbaycana ekstradisiyası yubanır. Məlumat üçün öncə qeyd edək ki, sentyabrın 7-də Moskva vilayəti Luberets rayon məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Aboszadənin Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib.

Fəxrəddin Aboszadə haqda 2018-ci il iyulun 12-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.

Fəxrəddin Aboszadə Azərbaycana düşmən kəsilən separatçı, bir zamanlar ölkəmizi bölməyə və “Talış-Muğan Respublikası” yaratmağa çalışmış Ələkrəm Hümbətov tərəfindən 1993-cü ildə qondarma qurumun “parlamentinin spikeri” təyin olunmuşdu. Xəyanətin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan F.Aboszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi.

O, ermənilərə məxsus mətbuat orqanlarında da Azərbaycana qarşı separatçı çıxışlar sərgiləyib. Fəxrəddin Aboszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu bildirilir.

“Yeni Müsavat”a danışan deputat Zahid Oruc söyləyib ki, sözügüdən şəxs uzun illərdir ki, müxtəlif kəşfiyyat orqanlarının əlində Azərbaycana qarşı mübarizənin tribunasına çevrilib: “Fəxrəddin Aboszadə separatizmin ideoloqu kimi çıxış etməkdədir. Bu adam müəyyən bir yol keçib, xalq əleyhinə mübarizənin tərcümeyi-halını toplaması fonunda təcrübə qazanıb. Həmçinin onun elmi aləmdən çıxdığını göz önünə gətirsək, heç şübhəsiz ki, həmin dairələr nəzərə alırlar ki, onun təsir gücü var. Yəni onu informasiya məkanında yenidən və daimi hədəflərə doğru istiqamətləndirənlər nə etdiklərini bilirlər. Yaxşı məlumdur ki, Fəxrəddin Aboszadə və ya digərləri Azərbaycanın daxili siyasi-ictimai həyatını izləyirlər, bundan məlumatlıdırlar. Onlar çeşidli şəkildə müxtəlif analizlər aparmaq imkanındadır. Belə olan təqdirdə onlar daim Azərbaycan həyatını düşməncəsinə təhlil edib, müxtəlif adamlarda fikir krizləri yaratmağa çalışıblar. Azərbaycan tərəfinin nəhayət ki, sorğuları nəticə vermiş oldu və adamın Rusiyada saxlanması haqqında məlumatlar yayıldı. Düşünürəm ki, bunlar yalnız kiminsə arzusunun ifadəsi deyildi. Çünki əks halda dərhal bununla bağlı prokurorluq orqanlarından təkzib gəlməli idi. Parlamentdə bu istiqamətdə atılan addımlar barəsində cəmiyyətin də məlumatlandırılmasını arzu etdiyimi bildirmişdim. Bunu həm də o baxımdan vurğulamışdım ki, gərəkərsə Rusiya və Azərbaycan arasında parlamentlərarası əlaqələri də bu işə cəlb etmək olardı. Hazırkı dönəmdə Rusiya ilə bütün siyasi münasibətlər ən yüksək səviyyədədir. Eləcə də açıq desək bu, həm də rəsmi Moskvanın ölkəmiz əleyhinə aparılan fəaliyyətlərə qarşı ciddi tədbirlər gördüyünün mesajı olardı. Ona qarşı olan münasibətlər Rusiyaya imkan verərdi ki, heç bir halda bu bölgədə bölücülük siyasəti aparmadıqlarını, imzalanmış sazişlərə uyğun hərəkət etdiklərini sübuta yetirərdilər”.

Deputat bildirib ki, bu, iki ölkə arasında hüquqi-siyasi münasibətlərin zirvəsi sayıla bilərdi: “Hazırkı dövrdə parlamentlərarası münasibətlər də çox yaxşı səviyyədədir. Lakin hadisədən artıq bir müddət zaman keçməsi və heç bir məlumatın verilməməsi sanki şübhələri bir qədər artırır. Azərbaycan tərəfinin bu məsələdə iradəsi bizə bəllidir. Qarşı tərəfdən hansı mövqelərin ortaya qoyulduğu çox təəssüf ki, aydın deyil. Elə hesab edirəm ki, Fəxrəddin Aboszadəni müdafiə etmək üçün hər hansı bir ölkənin hüquq-mühafizə orqanları, hüquq-müdafiə təşkilatları heç bir halda səbəb tapa bilməzlər. Çünki burada onu gözləyən cəza, onun fəaliyyətinə adekvat olacaq. Azərbaycan bunun zəmanətini rahatlıqla verə bilər. Ona görə də məsələ ilə bağlı müvafiq qurumlardan reaksiyaların bildirilməsi yerinə düşərdi. Ümid edirəm ki, prokurorluq müvafiq istintaq tədbirlərinin nəticələrini, həmçinin ekstradisiya ilə bağlı müvafiq sənədləri qarşı ünvanlara təqdim edib. İctimai gözləntilərin qırılmaması üçün çox təsirli və ciddi addımların məlumatları xalqa verilməlidir. Məncə bu daha təsirli işlər görməyə imkan açar. Hətta nəticə olmadığı təqdirdə, artıq Azərbaycan özü üçün istənilən yekunları edəcək və bu, heç bir halda bizi xəyal qırıqlığına uğratmayacaq. O baxımdan ki, dövlətlərarası münasibətlər heç zaman tək tərəfli deyil. Azərbaycan dəfələrlə qonşu ölkələrin hər hansı birində qeyd etdiyimiz istiqamətdə separatçı, terrorçu və ya digər bu kimi şəxslərin hər birini ölkələrinə təqdim edib. Bizim isə indiki halda eyni addımları bölgə dövlətlərindən gözləməyə ixtiyarımız var”.

Şərhlər

XƏBƏR LENTİ