SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakının qanunsuz tikililəri və 5 ildir susan Komitə - İTTİHAM

Bakının qanunsuz tikililəri və 5 ildir susan Komitə - İTTİHAM

Tarix:

19-10-2018, 11:19

/ 1 160 dəfə oxundu.
Bakının qanunsuz tikililəri və 5 ildir susan Komitə - İTTİHAM

Paytaxtda qanunsuz tikililərin aparılması ciddi problemlərə gətirib çıxarır. Hökumət bu məsələ ilə bağlı ciddi araşdırmalara başlasa da, hələ də qanunsuz tikintilər davam edir. Buna rəvac verənlərin isə çox az hissəsi cəzalandırılıb. Bir neçə gün əvvəl Xətai rayonunda qanunsuz tikililərin aşkarlanmasından sonra rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumu Xaliq Məmmədova qarşı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında ittiham irəli sürülüb. Bu isə onu deməyə əsas verir ki, artıq qanunsuz tikililərə rəvac verən şəxslərin aşkarlanması və cəzalandırılması prosesi başlayıb.

Badamdar qəsəbəsində baş verən son sürüşmə göstərdi ki, tikinti sahəsində ciddi nöqsanlar var. Maraqlı məqam ondadır ki, Bakının sürüşmə zonaları haqqında rəsmi məlumat hələ illər öncə verilib və bu ərazilərdə tikinti aparılması qadağan olunub. Tədqiqat Bakının 2, 2 min kvadrat kilometrlik ərazisində aparılıb. Məlum olub ki, Dağüstü park, Gəncə prospekti, Yeni Günəşli yaşayış massivi, Masazır qəsəbəsi və Bayıl yamacında sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər təhlükəli hesab edilir. Məlumatda həmçinin göstərilirdi ki, Bayıl yamacından sürüşmə riski hər il daha da artır. Amma bu gün açıq şəkildə görünür ki, həmin ərazilərdə son zamanlara qədər tikinti aparılıb. Bu gün təhlükə qarşısında olan evlərin tikintisinə icazə verən qurumlar isə prosesdən kənarda qalmağa, daha dəqiq desək, yaxalarını problemdən kənara çəkməyə çalışırlar. Qeyd edək ki, sözügedən ərazilərdə tikilən evlərin sənədsiz olduğu deyilsə də, sakinlər evlərin sənədinin qaydasında olduğunu bildirir. Əgər ev sahiblərinin sözləri həqiqətdirsə, o zaman qurumların məsuliyyəti daha da artır. Bu günə qədər aparılan qanunsuz tikililər və onlara rəvac verən şəxslərlə bağlı məsələ artıq aydındır. Araşdırmaların nəticəsində yəqin ki, günahkarlar cəzalandırılacaq. Bəs yeni tikililərlə bağlı məsələ nə yerdədir? Hələ tikintisi davam edən binalarda, xüsusilə də yüksəkmərtəbəli tikililərdə yoxlamalar aparılırmı? Onların yerləşdiyi ərazilərin sürüşmə zonasında və ya tikinti təyinatı olmayan torpaqlarda inşa edilib -edilməməsi yoxlanılırmı?

Bu məsələyə birbaşa cavabdeh olan qurum Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Qeyd edək ki, qurum ölkə başçısının sərəncamı ilə 2006-cı il 28 fevral tarixində yaradılıb və onun əsasnaməsi 2007-ci ilin 9 noyabrında təsdiq edilib. Komitənin əsasnaməsinin elə birinci bəndində göstərilir ki, tikililərin araşdırılmasına birbaşa məsul qurumdur. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə) şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır”.

Əsasnamənin yeddinci bəndində isə Komitənin fəaliyyət istiqaməti bu cür göstəririlib:

7.4. dövlət şəhərsalma kadastrının aparılması üçün normativ-metodoloji təminatın yaradılmasını və bütövlükdə respublika üzrə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin edir;

7.5. bina, qurğu və onların komplekslərinin memarlıq planlaşdırma və layihələndirmə həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir;

Sənədlərdə hər şey qaydasında görünür, qaydasında olmayan Komitənin ümumiyyətlə fəaliyyət göstərməməsidir. Bəlkə də hansısa işlər görülür, ancaq bağlı ictimaiyyətə məlumat çatdırılmır. Komitə ilə əlaqə saxlamaq isə demək olar ki, mümkünsüzdür. Komitənin saytında yerləşdirilən əlaqə nömrələri heş bir işə yaramır, telefon zənglərinə ya cavab verən yoxdur, ya da xətlərin dolu olduğu deyilərək uzun müddət gözlədilir. Bu da mətbuatın hər hansı bir məlumat almaq imkanını məhdudlaşdırır. “Cümhuriyət” qəzeti olaraq gün ərzində sözügedən məsələ ilə bağlı Komitənin saytında göstərilən əlaqə vasitələri ilə yetkili şəxslərin birindən cavab almaq istədik. Amma bütün cəhdlərimizə baxmayaraq, zənglərimizə cavab verən tapılmadı.

Qeyd edək ki, Komitəyə Samir Nuriyev rəhbərlik edir. Aparatın strukturuna 13 şöbə daxildir. Amma heç biri ilə əlaqə saxlamaq mümkün deyil. Əlaqə saxlaya bilmədiyimiz üçün “Yeni tikililərdə yoxlamalar aparılırmı, aparılırsa, hansı ərazilərdə aparılan tikililərdə nöqsan aşkarlanıb?” sualımız cavabsız qaldı. Halbuki bu sual Bakıda son günlər bir-birinin ardınca yayılan sürüşmə xəbərlərindən sonra aktuallığını artırıb. Komitədə də bunu bilməmiş deyillər. Qurumun saytında “Tikintiyə icazə verilmiş sərəncamlara əsasən təqdim olunan sənədlər və məlumatlar” adlı sənəd mövcuddur, amma bu sənədin son tarixi 2013-cü ilin 1 yanvara aiddir. Bu isə artıq 5 ildir ki, Komitənin heç bir hesabat yayımlamadığı anlamına gəlir.

Şərhlər

XƏBƏR LENTİ