SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq

Tarix:

15-10-2018, 19:05

/ 1 545 dəfə oxundu.
Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin üç ildir həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev yaxın vaxtlarda yenidən məhkəmə önünə çıxarılacaq. Bu dəfə o, keçmiş deputat Dünyamin Xəlilov və daha 18 nəfərlə birlikdə mühakimə olunacaq.

Uzun illərdir aralarında dostluq münasibəti olan C.Hacıyev və D.Xəlilov bundan öncə ayrı-ayrılıqda mühakimə olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə C.Hacıyev 15 il, D.Xəlilov isə 13 il azadlıqdan məhrum edilib.

Onlar da daxil, 20 nəfər haqqındakı budəfəki cinayət işi, əsasən, Beynəlxalq Bankın Moskva filialı, xaricdəki kreditlərlə bağlıdır. Cinayət işinin istintaqı artıq başa çatıb, iş materiallarıyla tanışlıq mərhələsidir. Təqsirləndirilən şəxslər və onların vəkillərinin əksəriyyəti tanış olublar, C.Hacıyev isə bu prosesi davam etdirir.

Sabiq bankirə bu dəfə də CM-nin 179 (mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş pulların leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

C.Hacıyevin bacısı Əminə Hacıyeva “Azadlıq” radiosuna bildirib ki, qardaşına iş materiallarıyla tanış olmaq üçün noyabrın 15-dək vaxt verilib. Ə.Hacıyeva deyir ki, qardaşı 360-cildlik iş materiallarıyla tam tanış olmaqda israrlıdı.

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla kreditin götürülüb mənimsənilməsində suçlanır.

Keçmiş deputat D.Xəlilov da C.Hacıyevlə dostluq münasibətlərindən yararlanaraq rəhbərlik etdiyi müəssisələrdəki işçilərinin adına böyük məbləğdə kreditlər götürüb mənimsəməkdə günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 13 il həbs cəzası alıb. Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldaraq 12 il 9 aya salıb.

C.Hacıyev və D.Xəlilovun heç biri özlərini təqsirli bilmir.

C.Hacıyevin həbsindən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib. Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürülüb.

Bundan əvvəl isə ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaitinin xərcləndiyi bildirilirdi.

Şərhlər

XƏBƏR LENTİ