SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazir Şamaxıda xərac yığan direktoru cəzalandırdı – Təfərrüat/video

Nazir Şamaxıda xərac yığan direktoru cəzalandırdı – Təfərrüat/video

Tarix:

24-09-2018, 16:48

/ 2 686 dəfə oxundu.
Nazir Şamaxıda xərac yığan direktoru cəzalandırdı – Təfərrüat/video

Şamaxının A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın müəllimlərin maaşını gecikdirməsi, dərs bölgüsündə ədalətsizliyə yol verməsi, texniki işçilərə şəxsi avtomobilini yudurmasına dair video, audio və foto faktların ictimailəşməsi Təhsil Nazirliyini hərəkətləndirib.

Verilən məlumata görə, bu video və audio faktların saytımızda dərc olunmasından sonra məktəbdə iclas keçirilib. İclasda Şamaxı Rayon Təhsil Şöbəsi müdiri Eyvaz Eminalıyev, Azad Həmkarlar İttifaqı sədri Fatma Quliyeva, metodist Anar Osmanov və başqaları iştirak ediblər.

Tədbirin gedişində təhsil naziri Ceyhun Bayramovun əmri oxunub, direktor G.Babaşovaya şiddətli töhmət verilib, sonuncu dəfə xəbərdarlıq olunub.

Həmçinin, məktəbdə direktorun saxta attestat verməsi, 11-ci sinif şagirdlərindən bəzilərinin əsaslandırılmadan məktəbdən xaric olunması, mətbuatda gedən məqalələrin təsdiqi üçün araşdırma aparılmasına göstəriş verilib.

Bu işlərə nəzarət nazir müavini Məhəbbət Vəliyevaya tapşırılıb. Əgər bu informasiyalar təsdiqlənərsə, G.Babaşova direktor vəzifəsindən azad oluna bilər.

Məlumata görə, müəllimlər dərs bölgüsündən şikayətləniblər. Diaqnostik qiymətləndirmədə bölgü düzgün aparılmayıb, qohumlara üstünlük verilib.

Belə ki, balı az olan müəllimə daha çox dərs, balı yüksək olanlara az dərs bölgüsü aparılıb. Bütün bunlar nazirliyin diqqətindədir və araşdırmalar aparılır.

Aylardır ki, müəllimlərin, texniki işçilərin şikayət etdiyi məktəb direktorunun qanunsuz hərəkətlərinin mediada ictimailəşməsi öz müsbət nəticəsini verdi və nəhayət, nazirlik işə qarışdı.

Məktəb kollektivi nazir C.Bayramovun reaksiyasını təqdirəlayiq addım hesab edir və araşdırmaların sonunda qanuna uyğun qərar veriləcəyinə ümid edildiyi bildirilib.

Qeyd edək ki, Şamaxının bütün orta məktəblərində avqustun əmək haqları verildiyi halda A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin işçiləri maaşlarını ala bilmirdilər.

Direktorun onları cəzalandırmasının səbəbi həm məlum videonun yayılması və öz avtomobilini məktəbin işçilərinə yuduzdurması ilə rüsvay olmasıdırsa, digər amil onlardan tələb etdiyi aylıq xəracı ala bilməməsi idi.

Bir müddət əvvəl səs yazısında direktor müəllimlərdən ötən aydan ödənilməyən işıq pullarının və hər ay yığılan “aylıq” pulların verilməsini tələb edirdi: “Sonra deməyin ki, maaşı aldım, vacib oldu xərclədim. Bəri başdan işiq pulunu və aylığı verin”.

Modern.az yazmışdı ki, məktəbin direktoru Gülnur Babaşova təhsil ocağını orada müəllimə işləyən anası Lütviyyə və bacısı Vəfa ilə birgə idarə edirlər.

Qeyd edilir ki, adçəkilən hər iki şəxs dərs bölgüsündən tutmuş ən xırda məişət məsələlərinə belə, müdaxilə edir, kollektivdə dava-dalaş salır, dərs mühitinin pozulmasına, şagird-müəllim, valideyn-məktəb münasibətlərinin gərginləşməsinə səbəb olurlar. Şikayətçilər bildiriblər ki, dərs yükünün bölgüsü məsələsində əvvəlcə direktorun ailə üzvləri təmin olunur.

“Anasına 34 saat, bir bacısına 30 saat, digər bacısı Hacıyeva Şəfaya şəhər 2 saylı məktəbə təçkilatçı müavin təyin olunmasına baxmayaraq, 12 saat dərs verib.

Yaşı 65-i keçmiş müəllimlərə öz marağı təmin olunmaqla dərslər verib. Haqqı tapdanan müəllimlərə isə “kimə istəyirsiz deyin” deməklə özünün Təhsil Nazirliyində adamı olmaqla hədə qorxu gəlir”,-deyə şikayətçilər bildiriblər.

İddia olunur ki, direktor bəzi müəllimlər və şagirdlər arasında hər sinifdən 2-3 nəfər olmaqla özünün “agentura şəbəkəsi”ni də yaradıb ki, hər şeyi nəzarət altında saxlamağı bacarsın. Onun bunu hamının nəzərinə çatdırdığı da qeyd olunur.

O da bildirilir ki, hər iclasda tədrisdən çox dedi-qodu məsələlərinə yer ayrılır. Hətta iddia olunur ki, müəllimlərdən hər ay yığılan 20-30 manat pulu kim bir gün gecikdirsə, köməkçisi Arzu vasitəsi ilə evinə zəng vurdurur.

Şikayətçilər bildirirlər ki, direktor fakultətiv məşğələləri özünə yaxın adamlar verib. Diqanostik qiymətləndirmədən yüksək bal yığan müəllimlərin dərslə təmin olunmadığı, ibtidai sinif müəlliminə musiqi, riyaziyyat, informatika dərsləri verilib.

Məlumata görə, Hesablama Palatasının yoxlamasından sonra təhsil ocağında yaranmış beş min manat cərimə də müəllimlərin hesabına ödənilib. Qeyd olunur ki, təzyiqlərdən cana doymuş bir neçə müəllim Təhsil Nazirliyinə müraciət ünvanlayıb.

REPORTYOR.info

Şərhlər

XƏBƏR LENTİ