SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Küçə süpürən əlil qadından Sahil Babayevə ürəkparçalayan sözlər: "Yalvarıram..."

Küçə süpürən əlil qadından Sahil Babayevə ürəkparçalayan sözlər: "Yalvarıram..."

Tarix:

24-09-2018, 15:00

/ 1 406 dəfə oxundu.
Küçə süpürən əlil qadından Sahil Babayevə ürəkparçalayan sözlər: "Yalvarıram..."

Bizim ölkənin məmurları xalqa xidmətə, aztəminatlı ailələrə, kimsəsizlərə qayğıya təhkim olunublar. Prezidentin tələbi belədir ki, məmurlar vətəndaşlarla doğması kimi davransınlar.

Əfsuslar olsun ki, bir çox hallar məmur biganəliyi çarəsiz vətəndaşın səfalət içində yaşamasına, övladlarının məşəqqətlər çəkməsinə, çıxış yolunu intihar etməsinə gətirib çıxarır.

Onlardan biri də Bərdədə övladı ilə kirayədə məskunlaşmış, küçə süpürməklə ac-yalavac həyat yaşayan Nazilə Musayeva Əzizulla qızıdır.

Nazilənin taleyi çox acıdır. O, valideynləri tərəfindən internata atılmış, sonra bir ailənin himayəsində böyüdülərək istismara məruz qalıb.

Onun əzabları dəhşətlidir: ögey valideynlər tərəfindən qul kimi işlədilib, alçaldılıb, nəvaziş görmədən böyüyüb, ən ağır fiziki işlərə cəlb edilərək istismar olunub.

Ən nəhayət, bu övladdan bezmiş ögey valideynlər Nazilə Musayevanı evli birinə ərəb veriblər. İmişlidə yaşamış və bir övladı olan bu qadın indi çox çarəsiz vəziyyətdədir.

Çünki əri tərəfindən atılıb, balası ilə Bərdəyə köçərək kirayələrdə sürünür, bir tikə çörək üçün Bərdənin yollarını süpürür. Buna görə ayda cəmi 124 manat maaş alan Nazilənin pulu heç kirayəsinə çatmır.

Bir gözü görmə qabiliyyətini itirən, dərmanlarını almağa pulu olmayan, övladına doyunca yemək, şirniyyat, meyvə ala bilməyən bir azərbaycanlı əlil anaya dövlətin əlillik pensiyası da verilmir.

Musayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətlərin nəticəsiz qalmasından ruhdan düşərək ümidini itirib.

Onun kirayə pulunu da Bərdədə xeyirxah insanlar ödəməyə çalışırlar. Amma bu yetərli olmur. Küçə süpürən Nazilənin dərmanlarını almağa, övladını yedirməyə imkanı çatmır.

Kimsəsiz qalan ümidsiz gözdən əlil qadın saytımız vasitəsi ilə nazir Sahil Babayevə müraciət edib.

Nazirə müraciətində ürəkparçalayan sözlər deyən Nazilə qara gələn həyatının heç olmasa övladı üçün işıqlı olmasını arzulayır.

Onun ümidi yeni nazir Sahil Babayevədir. Gözləyir ki, nazir əlil ananın harayını eşidərək ona əlillik pensiyası ayrılması üçün müvafiq orqana tapşırıq verəcək.

"Cənab nazir, mən kasıblıqla, ac-susuz yaşamışam. Həyatımda yaxşı bir gün xatırlamağa çətinlik çəkirəm. Valideynlərimin mənə yaşatdığı zülmlərdən sonra ər evində də bir gün görmədim.

İndi ərim də məni tərk edib, bir balamla başsız qalmışam. Siz təsəvvür edirsinizmi, gözdən əlil bir ana üçün övlad böyütmək, ehtiyaclarını qarşılamaq necə bir bədbəxtlik, əzab, zülmdür?!

Mənim artıq heç nəyə gücüm çatmır. Bərdənin yollarını süpürməklə aldığım pul heç 10 günü görmür. Günün birində maşınların altında qalan süpürgəçilərin taleyini yaşasam, övladıma kim baxacaq?"

N.Musayeva nazir S.Babayevin onun səsinə səs verəcəyinə ümidlidir: "Mən heç kəsdən şikayətlənmirəm. Allah şahiddir ki, bu gün hansı vəziyyətdə yaşayıram.

Ona görə göydə Allah, yerdə cənab prezident və nazirdən gözləntim budur ki, həm əlillik pensiyası verilməyinə, həm sosial ünvanlı yardım ayrılmasına köməklik göstərsinlər. Məni yox, balamı, bu ölkənin övladını, gələcəyin vətəndaşını xilas etmək üçün bu köməyi edin, yalvarıram...".

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ