SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lənkəranda 28 ildir qışı qazsız keçirən sakinlər – Ölkə başçısına MÜRACİƏT OLUNDU

Lənkəranda 28 ildir qışı qazsız keçirən sakinlər – Ölkə başçısına MÜRACİƏT OLUNDU

Tarix:

18-09-2018, 15:54

/ 1 644 dəfə oxundu.
Lənkəranda 28 ildir qışı qazsız keçirən sakinlər – Ölkə başçısına MÜRACİƏT OLUNDU

Lənkəran rayonu Liman şəhəri Həzi Aslanov küçəsində yaşayan sakinlər bu qışı da qazsız keçirəcəklərindən narahatdılar.

Sakinlərin verdikləri məlumata görə, ötən il küçənin bir hissəsi qazlaşdırılsa da, digər hissəsinin qazlaşdırılması Lənkəran Regional Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən dayandırılıb. Bizə bildirildi ki, sözügedən istiqamətdə qaz xətlərinin çəkilişi üçün dövlət vəsaiti nəzərdə tutulmayıb və bu, yalnız tender yolu ilə çəkilə bilər.

Halbuki, sözügedən küçədə qaz xətti çəkilən zaman bu xəttin çəkilişi üçün kifayət qədər qaz boruları da əraziyə gətirilmişdi. Amma, müəmmalı səbəblərdən sözügedən qaz boruları ərazidən götürüldü və sakinlərə bu xətlərin çəkilişinin tender yolu ilə mümkün olduğunu bildirdilər.

Məsələ ilə bağlı sözügedən küçənin sakinləri Lənkəran rayon İcra Hakimiyyətinə, ölkə başçısı İlham Əliyevə və Birinci-Vitse prezident Mehriban xanım Əliyevaya, rayonun deputatları Hadı Rəcəbli, Cavanşir Paşazadəyə də müraciət ediblər. Məsələ ilə bağlı, Lənkəran rayon icra hakimiyyətinin başçısının müavini, millət vəkili Hadı Rəcəbli, Cavanşir Paşazadə də sözügedən küçənin sakinləri ilə görüşüb və onları narahat edən məsələ ilə bağlı dəfələrlə Dövlət Neft Şirkətinə (ARDNŞ) müraciət ünvanlasalar da, nədənsə, bu işin icrasına hələ də başlanılmayıb.

“Azəriqaz” deyilən bir qurum isə əhali arasında bilərəkdən narazılıq yaradır.

28 ildən artıqdır qazsız qalan sakinlər qış gələnə kimi küçənin qazlaşdırılacağına ümid edirlər. Bunun üçün ölkə prezidenti İlham Əliyev və Mehriban xanım Əliyevaya güvəndiklərini dilə gətiriblər.

Ölkə başçısı İlham Əliyevin rayona səfər edəcəyi də gözlənilir. Cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Lənkəran rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur.

Bu gün dünya standartlarına cavab verən Bakı-Ələt-Astara magistral avtomobil yolunun istifadəyə verildi. Bu günü rayon sakinləri səbirsizliklə gözləyirdi. Təbii ki, qurulan və yenilənən Azərbaycanımızın inkişafının başında isə cənab İlham Əliyev dayanır. Amma, təəssüflər olsun ki, bəzi məmurlar insanların heysiyyatı ilə oynayır, ölkə başçısının apardığı bu düzgün siyasətə kölgə salmağa çalışırlar. Ümid edirik ki, ölkə başçısı rayona səfər etdikdən sonra, Lənkəran Regional Qaz İstismar İdarəsi tərəfindən Azərbaycanın igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun adına olan bu küçədə yaşayan hər kəs bu qışı isti ocağında keçirə biləcək. Qazlaşdırma olmasa, əks halda, bu qışı sakinlər evlərini tərk etmək məcburiyyətində qalacaqlar.

Unikal.org

Şərhlər

XƏBƏR LENTİ