SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Eldar Mahmudovun nazirliyi dövründə Suriyaya gedənlər çox olub”

“Eldar Mahmudovun nazirliyi dövründə Suriyaya gedənlər çox olub”

Tarix:

18-07-2018, 09:27

/ 1 651 dəfə oxundu.
“Eldar Mahmudovun nazirliyi dövründə Suriyaya gedənlər çox olub”

Terrora məruz qalan Gəncənin icra başçısı Elmar Vəliyevi əməliyyat etmiş Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıçın köməkçisi Gülşah Öztürk açıqlama verib.

“Elmar Vəliyevin sağlıq durumu getdikcə yaxşılaşır. Ümid edirik ki, xəstənin vəziyyəti yaxın vaxtlarda, getdikcə daha da yaxşı olacaq” deyə, köməkçi modern.az-a açıqlamasında bildirib.

Köməkçi deyib ki, Türker Kılıç Elmar Vəliyevin səhhəti ilə bağlı tez-tez onun yaxınları və bəzi mənbələrlə əlaqə saxlayır: “Gəncəyə dəvət edilərkən ilk dəfə Elmar müəllimin beyin əməliyyatını Türker Kılıç edib. Əməliyyatın nə qədər çəkdiyi və necə keçdiyi barədə isə məlumat verə bilmərik. Məndə hazırda xəstənin harada müalicəsini davam etdirdiyi barədə də məlumat yoxdur. Onu deyə bilərəm ki, Türker Kılıç tez-tez Elmar Vəliyevin səhhəti ilə maraqlanır və xəstənin sağlıq durumu getdikcə yaxşılaşır”.

Qeyri-rəsmi məlumatlara və sosial şəbəkələrdə paylaşılan fotoya əsasən, Elmar Vəliyevin hazırda İsraildə müalicə olunduğu bildirilir.

İyulun 3-də Elmar Vəliyevə qarşı terrorda və 10-da Gəncədə baş vermiş qanlı cinayətlərdə ittiham olunan daha 4 nəfər iyulun 16-da saxlanılıb. Tutulanlardan Ceyhun Ələkbər oğlu Qurbanov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və barəsində terror aktı planlaşdırılan digər şəxslərin izlənilməsində ittiham edilir. Sonradan bu məlumat Yunis Səfərova ötürülüb. Məlumata görə, Ceyhun Qurbanov Yunis Səfərovun yaxın qohumudur. Tutulanlardan Vüqar Rauf oğlu Allahverdiyev və Ülvi Saləddin oğlu Həsənov iyulun 10-da Gəncədə baş vermiş hadisələrin fəal iştirakçıları olublar. Alim Vahid oğlu Yusifov isə kütləvi iğtişaşlarda iştirak etmək məqsədilə kriminal aləmin bir neçə nümayəndəsini Şəmkirdən Gəncəyə çatdırıb. Hazırda əməliyyatlar davam edir.

Yada salaq ki, Yunis Səfərovun Qum şəhərində dini təhsil aldığı və Suriyada döyüşlərdə iştirak etdiyi də məlum olub. Elmar Vəliyevin həyatına sui-qəsd etmiş Yunis Səfərovun hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərmiş Tohid İbrahimbəyli haqda da məlumatlar da yayılıb. Tohid İbrahimbəylinin bu istiqamətdə İranda dini təhsil alan azərbaycanlı tələbələrə xüsusi diqqət yetirdiyi məlum olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bu yaxınlarda verdiyi açıqlamada Suriyada döyüşlərdə iştirak etmək üçün 1000 nəfər Azərbaycan vətəndaşının bu ölkəyə üz tutduğunu bildirib. “Bu, nəyin nəticəsində baş verib? Təbii ki, reklamın. Hər bir münaqişənin ekstremistlərə məxsus kütləvi informasiya vasitələrində, internet saytlarında, eyni zamanda sosial şəbəkələrdə aparılan süni təbliğatı buna təsir etdi. Niyə Suriyadakı hadisələrə qoşulan çox oldu? Çünki bu hadisələrin təbliğatına daha çox önəm verildi, daha çox vəsait ayrıldı. Təbii ki, bütün bu proseslər DTX tərəfindən ciddi nəzarətə götürülür. Bunların qarşısının alınması üçün tərəfimizdən tədbirlər həyata keçirilir. Nəticədə bu gün Azərbaycanda dini radikalizm prosesinin qarşısı alınır” - deyə, o bildirib.

Bundan əvvəl isə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev 900-ə yaxın Azərbaycan vətəndaşının Suriyaya getməsi haqda məlumat vermişdi. Demişdi ki, Suriyadakı döyüşlərdə 350 Azərbaycan vətəndaşı öldürülüb, bir qismi isə itkin düşüb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, Suriyada döyüşərək ölkəyə qayıtmış şəxslərin həbs olunması haqda xəbərlər də var: “Bundan başqa, İraqda orada döyüşmüş Azərbaycan vətəndaşlarının ailələrinin həbs olunduğu haqda da məlumat yayılmışdı, geniş müzakirə edilmişdi”.

İlham İsmayıl qeyd edib ki, Azərbaycandan Suriyaya axın Eldar Mahmudovun adı ilə bağlıdır: “Eldar Mahmudov milli təhlükəsizlik naziri olan zaman Suriyaya getmək istəyənlərə şərait yaradırdılar. Bunun müqabilində pul alırdılar. Bir növ bu məsələni biznesə çevirmişdilər. Fikirlərindən daşınanları, getməyənləri də şantaj edirdilər. Deyirdilər ki, sizi Suriyaya gedib-gəlmiş şəxs kimi həbs edəcəyik. Həmin dövrdə Türkiyə siyasəti də elə idi ki, sərhədlərdə getmək istəyənlərə mane olmurdular. Uzun müddət belə vəziyyət davam etdi. Yalnız məsələ böyüyəndən sonra Türkiyə bu məsələyə diqqət yetirdi, sərhədlərdə nəzarət gücləndirildi. 2015-ci ildən sonra Azərbaycan xüsusi xidmət orqanları Türkiyə xüsusi xidmət orqanları ilə birgə xüsusi əməliyyatlar keçirməyə başladı, Suriyaya getmək istəyən Azərbaycan vətəndaşları geri qaytarıldı. Eldar Mahmudovun nazirliyi dövründə Suriyaya gedənlər çox olub. Onların getməsi üçün təbliğat da aparılıb, hətta ölkənin içində də həmin qüvvələr tərəfindən terrora cəhdlər də baş verib”.

İlham İsmayıl deyir ki, Gəncədə həbs edilən Yunis Səfərov və onun ətrafının da Quma, oradan Suriyaya getməsi məsələsi diqqətlə araşdırılmalıdır: “Quma ayaq basan adam İŞİD-ə qoşulmaz. İŞİD-dəkilər tamam başqa xarakterli radikal dindarlardır. Suriyaya Əsədi müdafiə etmək üçün təxminən 1 ay ərzində Azərbaycandan 20 nəfər getmişdi. Onların bir neçəsinin meyiti gətirildi, bundan sonra digəriləri də qayıdıb gəldilər. Suriyada İranın yalnız rəsmi ordusunun güc tətbiqi olub. Suriyada İran vətəndaşlarından ibarət könüllü dəstə olmayıb. Azərbaycanlıların Quma getdikləri faktdır. Quma qanuni və qanunsuz yollarla getmək faktı inkar olunmur. Bilirik ki, orada heç də yalnız dini təhsil vermirlər. Hərbi hazırlıq, təxribatçılıq da öyrədilir. Bu məsələni Suriyaya bağlamaq o qədər də doğru deyil. Deyilməlidir ki, adamlar Qumda təhsil alıblar və təlim keçiblər. Onlara təlim keçən konkret şəxslərin adları çəkilməlidir. Tohid İbrahimbəyli həmin işdə neçənci dərəcəli adamdır. Yəni Tohid İbrahimbəyli kimdir ki, İran ərazisində belə işlərlə məşğul olsun? Onun İran xüsusi xidmət orqanlarının nəzarətindən kənar olması inandırıcı deyil. O, kənardan pas verən adamdır. Söhbət ETTELAAT-dan gedir. Qum təhsil mərkəzində konkret adamlar var, belə şəxsləri onlar hazırlayırlar”.

İlham İsmayıl deyir ki, Quma gedib gələnlərə nəzarət var: “Hətta Eldar Mahmudovun dövründə də belə nəzarət vardı. Bizim xüsusi xidmət orqanları bu yöndə daim işləyirlər. Ora gedib gələnlərin orada kiminlə təmasda olduqları, hansı məsciddə kiminlə namaz qıldıqları, harada yaşadıqları və s. məlumatlar olub. Mümkündür ki, hər yerdə - Bakıda nəzarət bir qədər güclü, əyalətdə isə bir qədər zəif olsun. Azərbaycan xüsusi xidmət orqanlarının ən uğurlu işləri bu istiqamətdə olub. Gəncə hadisələrində məsələni bütünlüklə dinin üzərinə atmaq da düzgün deyil”.

Yayılan məlumatlarda Tohid İbrahimbəylinin 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Qum və Məşhəd şəhərlərində dini təhsil alan 14 nəfərin Suriya ərazisində İŞİD-lə mübarizə üçün azərbaycanlı tələbələrdən ibarət “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstə yaratmaq niyyətində olduğunu bildirilib. T. İbrahimbəyli həmin 14 tələbəni əvvəlcə Qum şəhərində İsgəndər Hüseynovun iş yerində (“Nur” Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb. Dəməşq şəhərində olarkən T.İbrahimbəyli onları təkcə İŞİD-lə mübarizəyə deyil, həm də Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib. 25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıb, T.İbrahimbəyli bu qruplardan biri ilə Suriyanın Tedemor şəhərinə gedib. Həmin şəhərdə 20 gün qaldıqdan sonra T.İbrahimbəylinin olduğu qrup Məşhəd şəhərinə qayıdıb. Bir müddətdən sonra T.İbrahimbəylinin təklifi ilə hərbi təlim keçmək üçün həmin qrup yenidən Suriyaya gedib. Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək Məşhəd şəhərinə geri qayıdıb.

E.Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoi mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və T. İbrahimbəyli tərəfindən təhqir edilib. E.Zahidov 2018-ci ilin iyun ayında təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Digər tələbələr isə Suriyada hərbi təlimdə iştirak ediblər.

Xatırladaq ki, bundan əvvəl APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal təriqətçilərə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib. Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bir sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib.

İstintaq zamanı Taleh Həsən oğlu Göyüşov və Tohid İbrahimbəylinin yaxın qohumları Həbib Əkbər oğlu İbrahimli, Pərviz Əlimusa oğlu Musayev, Elmir Savadxan oğlu Ziyadovun Yunis Səfərovla birgə Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub. Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ