SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mərdanov yaratdı, Mikayılov bacarmadı... - Bayramov pulyığımını önləyə biləcəkmi?

Mərdanov yaratdı, Mikayılov bacarmadı... - Bayramov pulyığımını önləyə biləcəkmi?

Tarix:

25-06-2018, 09:08

/ 2 013 dəfə oxundu.
Mərdanov yaratdı, Mikayılov bacarmadı... - Bayramov pulyığımını önləyə biləcəkmi?

Təhsil Nazirliyi nə qədər inkar etsə də məktəblərdə valideynlərdən “təmir pulu”, “süpürgə pulu”, “fond pulu” adlı vəsait toplanır.

Təbii ki, bütün təhsil ocaqlarını buna aid etmək olmaz, ancaq bir çox hallarda bu cür neqativ hallarla qarşılaşırıq. Ayrı-ayrı vaxtlarda nazirlik bu kimi halları dolayı yolla etiraf da edib.

Xüsusilə də müəllimlər günü və ayrı-ayrı əlamətdar günlərdə, bayramlarda Təhsil Nazirliyi təxminən belə bir açıqlama yayır: “Müəllimlər günü ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır. Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan bizim 146 saylı “qaynar xətt”imizə məlumat verilərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”.

Nazirliyin mövqeyi əslində normalıdır və qanundankənar fəaliyyət üçün yanaşması tamamilə doğrudur. Ancaq görünən odur ki, bu cür xəbərdarlıqlara baxmayaraq bir sıra məktəblərdə yenə də eyni hal müşahidə olunur. O, zaman belə bir fikir formalaşır ki, ya məktəblər nazirliyi saymır, ya da nazirlik işini ciddi görmür. Yəni, bir çox sahələrdə olduğu kimi, məktəblərdə də cəzasızlıq sindromu yaşanır.

Məktəblərdə pulların müxtəlif adlarla yığılmasına baxmayaraq vəsaitlərin xərclənmə istiqaməti eynidir. Məsələn, məktəb şagirdlərindən təmir pulu niyə yığılır? Əgər məktəbləri dövlət təmir edirsə, vəsaitlər büdcədən ayrılırsa, o zaman bu ad altında yığılan vəsaitlərin hara getdiyini bilmək o, qədər də çətin deyil. Digər adlar altında yığılan vəsaitlərdə də eyni hal müşahidə olunur.

Əslində valideynlər də məktəbdən pulun hansı məqsədlə yığıldığını bilirlər. Ancaq bir çox hallarda məcburiyyətdən, uşaqlarının məktəbdə “gözükölgəli” qalmaması üçün korrupsiyanın iştirakçısı olurlar. Ekspertlər bu cür məsələlərin təhsil işçilərinin əmək haqlarının azlığından qaynaqlandığını deyirlər. Təbii ki, bu gün müəllimlərin məvaciblərinin aşağı olması reallıqdır. Ancaq bunun günahkarı nə şagirdlər, nə valideynlər, nə də müəllimlərdir.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, problemdən çıxış yolu məktəblərin idarəetməsində dəyişikliyin edilməsidir. N.Cəfərli hesab edir ki, məktəblər hüquqi şəxsə çevrilməlidir: “Əslində müəyyən zamanlarda bu problem həll olunur. Bəzi məmurlar, nazirlər bəyanat verir, valideynlər şikayət edir və məktəblərdə “fond pulu” deyilən yığım dayandırılır. Amma bir müddət sonra yenidən köhnə qaydaya keçirlər və məktəblərdə “fond pulu”, “təmir pulu”, “süpürgə pulu” adı altında vəsaitlər toplanır. Bu problemin qlobal və köklü həlli məktəblərin hüquqi şəxsə çevrilməsindən keçir. Hazırda məktəblər hüquqi şəxs deyil, özlərinin hesabı yoxdur, birbaşa təsərrüfatla məşğul olmağa səlahiyyətləri çatmır. Əgər məktəblər hüquqi şəxslərə çevrilsə, direktorlar pedaqoq yox, menecer olmalıdır. Bu bir çox ölkələrin praktikasında mövcuddur.

Məktəblər hüquqi şəxsə çevrildikdən sonra isə gələn vəsait birbaşa öz hesablarına keçməli və həmin vəsaitlər həm Maliyyə, həm də Təhsil Nazirliyinin ciddi nəzarəti altında xərclənməlidir. Hazırda belə deyil və bütün bu məsələlər mərkəzləşdirilmiş qaydada həll edilir. Məktəblərin şəxsi hesabı və özünün iş aparmaq səlahiyyəti olmadığı üçün ancaq maaş hesabları olur. Həmin hesablara isə yalnız müəllimlərin əmək haqları köçürülür. Digər işlər üçünsə heç bir vəsait olmur. Bu da direktorlar və pedaqoqlar tərəfindən cari xərclərin ödənilməsi üçün “fond pulu” adı ilə vəsait yığılır. “Fond pulu” həm cari xərclərin ödənilməsinə, həm də məktəb direktorlarının və müəllimlərin əlavə gəlir qaynağına çevrilir. Açıq şəkildə demək lazımdır ki, bu rüşvət və korrupsiyanın bir növüdür.

Bu problemin qlobal şəkildə qarşısının alınması isə sistemdə dəyişiklərin olmasından keçir. Yəni, məktəblər hüquqi şəxsə çevrilir, hər bir məktəbə təmir, avadanlıqların alınması və digər məsələlər üçün ayrılan vəsait birbaşa onların öz hesabına köçürülür. Onsuz da bütün məktəblərin illik xərclərinin ayrılması mərkəzi qaydada nəzərdə tutulub. Bundan sonra ayrılan vəsaitlər məktəb direktorunun nəzarəti altında xərclənməlidir. Fundamental idarəetmə dəyişikliyi baş verməsə, bu məsələ həllini tapmayacaq”.

Şərhlər

XƏBƏR LENTİ