SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Yağ kimi monopoliya - kərə yağı bahalaşır

Yağ kimi monopoliya - kərə yağı bahalaşır

Tarix:

15-06-2018, 09:54

/ 1 852 dəfə oxundu.
Yağ kimi monopoliya - kərə yağı bahalaşır

Azərbaycanda ötən ilin ortalarından etibarən manatın dollara nəzərən dəyərsizləşməsi prosesi dayanıb. Buna rəğmən ölkənin ərzaq bazarında bahalaşma davam edir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.

Ərzaq məhsulları arasında yağların qiyməti xüsusilə daha çox bahalaşmaya məruz qalıb. Komitənin məlumatından aydın olur ki, may ayı ərzində zeytun və kərə yağlarının qiymətində artım qeydə alınıb.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyir ki, kərə yağlarının qiymətində davamlı olaraq artım müşahidə olunur: “Halbuki ötən il dekabrın 7-dən Nazirlər Kabineti tərəfindən ”Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edərək kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. Ondan əvvəl isə idxal rüsumu 15 faiz təşkil edirdi. Bu qərar 2019-cu ilin dekabrın 31-dək qüvvədə olacaq. Göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə rüsumun dərəcəsi 3 dəfə endirilsə də, kərə yağının qiymətində ucuzlaşma qeydə alınmadı, əksinə, bahalaşma müşahidə olundu. Bu isə onu deməyə əsas verir ki, kərə yağının qiymətinin bahalığı idxal rüsumun dərəcəsinin yüksək olması ilə deyil, başqa səbəblərlə bağlıdır".

İqtisadçı-alimin fikrincə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə endirilən rüsumlardan 6 aydır ki, udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılar olub: “Belə ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur. Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür. Yeni Zellandiyadan gətirilən kərə yağı isə bazarı bölüşdürən bir neçə şirkətin oliqopoliyasındadır. Onlar da öz aralarında qiymət razılaşmasına getməklə, kərə yağının nəinki ucuzlaşmağa qoymur, əksinə, bahalaşdırırlar. Odur ki, yeni yaradılan, amma hələ də rəhbəri təyin olunmayan istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək, onları yağın qiymətinin bahalaşmasında inhisaraşma meyllərini gücləndirən oliqopol şirkətlərə qarşı qanunvericiliyi tələblərinə uyğun tədbirlər görməyə çağırıram”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi də kərə yağının qiymətinin bahalaşmasının gömrük rüsumları ilə bağlı olmadığını açıqlayıb. Komitənin Maliyyə, Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov deyib ki, kərə yağının qiymətində artım gömrük rüsumları ilə bağlı deyil: “Biz kərə yağının rüsumunu 15 faizdən 5 faizə endirmişik. Ancaq kərə yağının qiymətində heç bir fərq olmayıb. Deməli, ölkəmizdə bu cür malların qiyməti gömrük rüsumu ilə əlaqəli deyil”.

Onu da qeyd edək ki, ötən ilin oktyabrında Azərbaycanda kərə yağları kəskin şəkildə bahalaşıb. Həmin vaxt ictimaiyyətin sərt reaksiyası qarşılığında əsas yağ idxalçıları xüsusi açıqlama ilə çıxış etdilər. Həmin zaman doğrudan da dünya bazarında qiymətlərdə yüksəlmə qeydə alınmışdı. Bunu gömrük idxal qiymətlərindən də aydın görmək olur. Belə ki, gömrük statistikasına əsasən, bu ilin dörd ayında xaricdən 4 320.97 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bunun üçün satıcılara 25 milyon 771.57 min dollar ödənilib. Ötən ilin eyni dövründə ölkəyə 5 276.02 ton eyni məhsul gətirilib, dəyəri isə 20 milyon 269.29 min dollar təşkil edib. Göründüyü kimi, idxal qiymətləri də artıb. Lakin məsələ burasındadır ki, ötən ilin sonlarından etibarən dünya bazarında kərə yağının qiymətində sabitləşmə qeydə alınıb. Yəni idxalçıların artıq qiymət artımını bu faktorla əsaslandırması mümkün deyil. Demək ki, xüsusilə son aylarda davam edən bahalaşmanın kökündə başqa maraqlar dayanır.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ