SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bu dəfə bankların başı dərddə - Nə etməli?

Bu dəfə bankların başı dərddə - Nə etməli?

Tarix:

15-06-2018, 09:53

/ 1 785 dəfə oxundu.
Bu dəfə bankların başı dərddə - Nə etməli?

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarını 57,1 mln. manat xalis zərərlə başa vurub. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı xəbərə görə, bu, yanvar-mart aylarının yekunu ilə müqayisədə 2,15% çoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bank sektorunun zərərinin artmasını şərh edib. O deyib ki, hələ də bank sektorunda vəziyyətin arzuolunan səviyyədə olmaması, əsasən, bank menecmentində olan problemlərlə bağlıdır.

"Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasının da başlıca səbəblərindən biri, məhz bank sektorunda olan menecmentdəki problemlərin aradan qaldırılması olub. Son 3 ildə ölkədə bankların sağlamlaşdırılması ilə bağlı müəyyən işlər görülüb" — müsahibimiz bildirib.

Professor, ümumilikdə bu sahədə bir çox problemlərin hələ də mövcud olduğunu qeyd edib: "Bunların kökü məhz bank sektorunun aktiv və passivlərində mövcud olan problemlərlə bağlıdır. Bank sektorunun passivlərinin struktur təhlilinə baxsaq, görərik ki, məhz xarici valyuta ilə əldə olunmuş vəsaitlər çox yüksək xüsusi çəkiyə malikdir. Bu da bankların aktivlərinin idarə edilməsi siyasətinə mənfi təsirini göstərir".

E.Məmmədovun sözlərinə görə, bank sektorunun aktivlərinin struktur təhlilinə də baxsaq, görərik ki, sektor başlıca funksiyası olan maliyyə resurslarının bank sektorundan real sektora çevrilməsi vəzifəsini yerinə yetirə bilmir: "Təəssüf ki, aktivlərdə istehlak kreditləri çox ciddi xüsusi çəkiyə malikdir. Bunlar əksər hallarda ölkəyə idxalı maliyyələşdirir".

"Real sektora aid olmayan digər aktivlər də iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasına xidmət etmir. Ona görə də bu sektorda həm passivlərin, həm də aktivlərin strukturunda ciddi dəyişikliklərə nail olmaq lazımdır" — iqtisadçı diqqətə çatdırıb.

Həmsöhbətimizin dediyinə görə, burada məqsəd ondan ibarət olmalıdır ki, bank sektorunun passivlərində əhəmiyyətli dərəcədə Mərkəzi Bankdan əldə edilmiş resursların və depozitlərin xüsusi çəkisi artırılsın: "Və bununla da manatla ifadə olunan vəsaitlərin passivlərdə xüsusi çəkisi kəskin şəkildə artırılmalıdır".

Professorun qənaətincə, aktivlərdə isə daha aşağı kredit faizləri ilə real sektora yönəlik, dünyada qəbul olunmuş mütərəqqi kreditləşmə mexanizmlərinə keçid baş verməlidir: "Yəni, mütərəqqi layihələr üzrə maliyyələşdirmə və s. Bu, baş verməlidir ki, bank sektoru öz başlıca missiyasını həyata keçirə bilsin. Bu, baş verməyənə qədər problemlər müşahidə ediləcək".

"Ona görə də Palata və Mərkəzi Bank bu sahədə fəaliyyətini daha da təkmilləşdirməli, bankların sağlamlaşdırılmasına gedilməlidir. Bankların lisenziyalarının alınması, bağlanması çıxış yolu deyil. Palata və Mərkəzi Bank tənzimləyici alətlərlə bank sektorundakı vəziyyət sağlamlaşdırmalıdır" — Məmmədov vurğulayıb.

"Ümumiyyətlə, kommersiya banklarının idarəetmə strukturları, yəni menecmenti ilə bağlı həm də çox ciddi hazırlıq işləri görülməlidir. Hazırda bir çox banklarda ali menecment mövcud bank sektorundakı vəziyyətə adekvat deyil. Ona görə də Mərkəzi Bank və Palata bu istiqamətdə bir çox işlər görməlidir", — deyə o, qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ