SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər...” - Ankaradan tarixi mesaj

“Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər...” - Ankaradan tarixi mesaj

Tarix:

15-06-2018, 09:52

/ 2 006 dəfə oxundu.
“Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər...” - Ankaradan tarixi mesaj

Bu həftənin mühüm geosiyasi hadisələrindən biri də odur ki Türkiyədə TANAP kəmərinin açılışı oldu. Cənub Qaz Dəhlizinin (CQD) ikinci mühüm həlqəsi sayılan bu kəmərin qardaş ölkə üçün, Azərbaycan və region üçün əhəmiyyəti barədə yazmışıq. Ən başlıcası odur ki, TANAP da daxil, CQD iki qardaş ölkənin energetik müstəqilliyini və milli təhlükəsizliyini, onların beynəlxalq mövqeyini daha da möhkəmlədəcək, Bakı və Ankaranı bölgədə, dünyada daha sanballı söz sahibinə çevirəcək.

“Qərb TANAP xətti ilə qaz alanda Türkiyə və Azərbaycanın birliyinin önəmini anlayacaq”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təzəcə açılışı olmuş TANAP-ın əhəmiyyətindən danışarkən deyib. Onun sözlərinə görə, TANAP Türkiyəni regionda daha güclü dövlətə çevirir. “TANAP-ın açılışı və ”Türk axını"nın inşası ilə Türkiyə bölgənin energetik xab"ına çevrilib", - deyə qardaş ölkənin lideri vurğulayıb.

Bu, doğrudan da belədir. Nəzərə alsaq ki, getdikcə dünyada iqtisadi amil hər şeydən önə keçir, o zaman qardaş ölkənin iqtisadi qüdrəti və önəminin artmasının ikiqat dəyərdə olduğu anlaşılar. Türkiyənin artan iqtisadi, siyasi, hərbi gücü isə Azərbaycanın qüdrəti, Qarabağ məsələsində ölkəmizə daha sanballı dəstəyi deməkdir.

*****

“Yeni Müsavat” xatırladır ki, bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan eləmişdi ki, “Əgər Türkiyə vaxtında lazımi gücə malik olsaydı, Azərbaycan ərazilərinin işğalına imkan verməzdi”. Türkiyənin baş diplomatı onu da bildirmişdi ki, Azərbaycan Türkiyənin strateji tərəfdaşıdır və Ankara Bakıya hərtərəfli kömək göstərməyə davam edəcək.

Türkiyə XİN başçısının bu açıqlaması iki qardaş ölkənin təkcə hərbi deyil, digər sferalarda da əməkdaşlığı ilbəil dərinləşdirməsi, bir-birinin gücünə güc qatması fonunda Azərbaycandan ötrü xüsusilə önəmlidir. Xarici işlər nazirinin açıqlaması şübhəsiz ki, Türkiyə üçün Dağlıq Qarabağ məsələsinin, Azərbaycanın ərazi bütövlüyü məsələsinin hansı dəyərdə olduğunu ortaya qoyur.

Eyni zamanda bu, işğalçı Ermənistana, onun yeni rəhbərliyinə, ermənilərin havadarlarına aydın bir mesajdır ki, güclü Türkiyə xüsusən də bundan sonra daim Azərbaycanın yanında olacaq, Azərbaycan xalqına hər hansı təslimçi sülhün sırınmasına imkan verməyəcək. Nəhayət, bu, vasitəçi dövlətlər də daxil, hamıya aydın bir ismarışdır ki, savaş başlasa, Türkiyə 90-cı illərdəki kimi yalnızca aktiv neytrallıq göstərməklə kifayətlənməyəcək.

*****

Buna şübhə etməyə dəyməz. Çünki hazırda iki qardaş ölkəni təkcə ortaq maraqlar birləşdirmir, həm də böyük neft-qaz kəmərləri, strateji əhəmiyyətli dəmiryolu xətləri (Bakı-Tiflis-Qars) birləşdirir. Azərbaycan və Türkiyə sürətlə böyük bir regionun təkcə energetik “xabı”na deyil, həmçinin nəqliyyat “xabı”na (“paylayıcı məntəqə”) çevrilməkdədir. Şimal-cənub dəhlizi, “Böyük İpək Yolu”, “Dəmir İpək Yolu” - onların hamısında Azərbaycan və Türkiyə açar ölkələrdir. Düşmən çevrələri, işğalçı Ermənistanı ən çox narahat edən də budur - Türkiyə və Azərbaycanın bölgə və Avropa üçün daha vazkeçilməz ölkə statusu qazanması.

“Bu gün Türkiyə-Azərbaycan arasındaz sadəcəz siyasi sahədə deyil, iqtisadi, enerji sahəsində də əlaqələr çox yüksək səviyyədə inkişaf edir. TANAP-ın açılış törənində Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı olmasaydı, bu cür layihənin reallaşdırılması mümkün olmazdı”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, istər Türkiyənin Azərbaycana qoyduğu investisiyalar, istərsə də Azərbaycanın Türkiyəyə yatırımları ikili münasibətlərin inkişafına ciddi təsir göstərir. “Azərbaycanın bu yatırımları sayəsində Türkiyə iqtisadiyyatı ciddi dəstək almaqdadır. Yəni Azərbaycanla Türkiyənin iqtisadi-siyasi münasibətləri prezidentlərin sayəsində o qədər inkişaf edib ki, hətta ”İttifaq dövləti" qurmaq istəsələr, artıq hər şey hazırdır", - deyə politoloq qeyd edib.

*****

Niyə də olmasın. Azərbaycan və Türkiyə getdikcə bir-birinə daha sıx şəkildə bağlanmaqda, faktiki, “ət-dırnaq” kimi olmaqdadır. Bura hər il iki ölkənin keçirdiyi ortaq hərbi təlimləri, bütövlükdə hərbi və hərbi-texnik sahə üzrə əlaqələrin ilbəil dərinləşməsini də əlavə eləsək, mənzərə aydın olar. Bütün bunlar əlbəttə ki, qeyri-dost dairələri məyus edir, təlaşlandırır, xoflandırır.

Son günlər işğalçı Ermənistanda Naxçıvan (Türkiyə) istiqamətində artan təlaş bunun bariz təzahürü sayıla bilər. Təcavüzkar ölkədə həm də narahatlıq var ki, Ermənistanda “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş qərbyönlü qüvvələri cəzalandırmaq üçün Moskva günün birində Azərbaycanla Türkiyənin Qarabağda hansısa ortaq, preventiv hərəkətinə göz yuma bilər. Hər halda, Bakı və Ankaranın artan gücünü Rusiya da ciddiyə almaq zorundadır...

Şərhlər

XƏBƏR LENTİ