SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gənc kadrların bir ayı – nələr dəyişdi…

Gənc kadrların bir ayı – nələr dəyişdi…

Tarix:

24-05-2018, 09:06

/ 1 637 dəfə oxundu.
Gənc kadrların bir ayı – nələr dəyişdi…

Prezident seçkilərindən sonra vəzifəyə yeni təyin olunan məmurların fəaliyyətinin bir ayı tamam oldu. Bu bir aylıq müddətdə yeni nazirlərin, sədrlərin gördüyü işlərlə onların fəaliyyətini ilkin olaraq qiymətləndirmək mümkündür.

İlk olaraq qeyd edək ki, demək olar ki, bütün məmurlar fəaliyyətə köhnə rəhbərliyin yaxın adamlarını işdən uzaqlaşdırmaqla başladılar. Belə ki, aprelin son günlərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) sədrinin köməkçisi Əkbər Əkbərov və qurumun mənzil istismar departametinin direktoru Akif Mirzəyev vəzifəsindən azad edilib. Ə.Əkbərov komitənin sabiq sədri, baş nazirin müavini Əli Həsənovun baldızının oğlu, A.Mirzəyev isə digər qohumudur.

Bundan əlavə, komitənin repatriasiya departamentinin direktoru Elman İsmayılov, Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru Elçin Qədimov da işdən çıxarılıb.

Mayın əvvəllərində Dövlət Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər. İşdən çıxarılanlar arasında həmçinin daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var.

Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə bir gündə 5 vəzifəli şəxsi işdən azad edib. O, kadr dəyişikliklərinin qaçılmaz olduğunu deyib: “Cənab prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Mütləq qaydada kadr dəyişiklikləri olacaq”.

Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev də ciddi kadr islahatlarının aparılacağını deyib, bir neçə gömrük rəisinin yerini dəyişib, iki yüksək vəzifəli generalı işdən azad edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol), daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevi, həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Sabunçu, Qəbələ, Ağcəbədi və Nərimanov TSEK sədrlərini işdən azad edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov nazirlik aparatının, hüquq şöbəsinin, “Aqrolizinq” ASC-nin rəhbərlərini dəyişib, «ASAN xidmət»də birgə çalışdığı xeyli kadrı nazirlikdə müxtəlif vəzifələrə təyin edib.

Yeni vəzifəlilərin kadr dəyişikliklərindən kənar fəaliyyətlərinə gəlincə, 3 nəfərin işi mətbuatda daha çox işıqlandırılmaqdadır. Bunlardan birincisi, kənd təsərrüfatı naziri İ.Kərimovdur. Mayın əvvəllərindən etibarən yeni nazirin bölgələrə səfərləri başlayıb. Demək olar ki, hər gün o, nazirliyin hansısa rayondakı qurumlarına baş çəkir. Yerlərdə kəndli-fermerlərlə birbaşa təmasda olur. Bu görüşlər nazirin kollektivə təqdimatı zamanı qeyd etdiyi 3 əsas prinsipdən birinciyə - yəni fermerlərə daha da yaxın olmaq prinsipinə əməl etdiyini göstərir. Onun öz fəaliyyətində rəhbər tutacağını söylədiyi digər 2 prinsipə - şəffaflıq və hesabatlılığın təmin olunması, həmçinin kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi - necə əməl edəcəyini isə zaman göstərəcək.

Fəaliyyəti daha çox müzakirə olunan daha bir yeni təyin olunan məmur əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. Fəaliyyətə başladığı bir ayda yeni nazir əlilliyin təyinatı sahəsində vəziyyəti kəskin tənqid edərək, bu sahədə ciddi dəyişikliklərin aparılmasının zəruri olduğunu bildirib. Dəfələrlə bu məsələnin üstündə dayanan nazir 2 gün əvvəl 4 rayonun TSEK sədrini bir gündə işdən azad edib. Onun mətbuata verdiyi məlumatdan aydın olub ki, əlilliyin təyinatı sistemində tam şəffaflıq yaratmaq niyyətindədir.

“Qaçqınkom”un yeni sədri Rövşən Rzayev də qaçqın və məcburi köçkünlərlə sıx-sıx görüşlər keçirir. Bildirib ki, onların problemlərinin həlli istiqamətində görüləcək işlər çoxdur.

Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində son bir ayda bəzi müsbət dəyişikliklər var. Xüsusilə xaricdən Azərbaycana işləməyə gələn əcnəbilərin qeydiyyatı sahəsində şəffaflaşma prosesi hiss olunmaqdadır. Eyni zamanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə bütün bütün «ASAN xidmət» mərkəzlərində qeydiyyata alınmasına başlanılıb. Yeni rəis Vüsal Hüseynov miqrasiya məsələləri ilə bağlı bütün sahələrdə şəffaflığın təmin olunacağını vəd edib. Bu vədin nə qədər reallaşacağını yaxın bir neçə ay ərzində qiymətləndirmək mümkün olacaq.

Diaspora ilə İş üzrə Dövlət Komitəsinin fəaliyyətində hər hansı dəyişikliyin nəticələrini qiymətləndirmək üçün bir ay xeyli qısa müddətdir. Bu baxımdan, F.Muradovun bu sahədə nə qədər ciddi dönüş yaradıb-yaratmadığını söyləmk mümkün deyil.

Bütövlükdə isə yeni təyin olunan gənc kadrların işə enerjili başladıqları açıq hiss olunur. Ümid edək ki, bu enerji vaxt ötdükcə passivləşmə ilə əvəz olunmayacaq, gənclərin vəzifə başında olmasının müsbət nəticələrini görə biləcəyik.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ