SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yollar niyə çökür? – Dövlət qurumları bir-birini ittiham edir

Yollar niyə çökür? – Dövlət qurumları bir-birini ittiham edir

Tarix:

23-05-2018, 17:06

/ 1 513 dəfə oxundu.
Yollar niyə çökür? – Dövlət qurumları bir-birini ittiham edir

Magistral yolların tez-tez çökməsi, dağılması artıq adi hala çevrilib. Ekspertlər bu məsələyə birmənalı münasibət bildirmirlər. Bəziləri yolların dağılmasını dövlət qurumlarını işini düzgün qurmaması, bəziləri isə infrastrukturun yaradılmasından sonra nəzarət mexanizminin düzgün aparılmaması ilə əlaqələndirirlər. Bu günlərdə Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci və 109-cu kilometrliyində bir neçə sürüşmə-çökmə baş verib.
Bunun səbəblərini şərh edən Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər maraqlı məqamlara toxunub. S.Tarixazər deyib ki, bütün bu çatların yaranmasının və sürüşmə-çökmə proseslərinin baş verməsinin əsas səbəbləri yolun tikintisi zamanı yamacların kəsilməsi, onlarda bərkitmə işlərinin aparılmaması və drenaj sistemlərinin yaradılmamasıdır.
Ancaq məlumdur ki, yol tikintisi zamanı əvvəlcə layihə hazırlanır və aidiyyatı üzrə bütün dövlət qurumları həmin layihəyə cəlb edilir. Bu cür iddialar isə onu deməyə əsas verir ki, əslində işlər layihədə göstərildiyi kimi icra olunmur. Yəni, dövlət qurumları arasında rabitəsizliyin olması, sonra magistiral yolun çökməsinə səbəb olur.

Maraqlıdır, yeni çəkilmiş və ya təmir olunmuş yolların çökməsində günahkar kimdir?

Məsələ ilə bğlı danışan “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli səslənən iddiaları təkzib edib: “Bu düzgün yanaşma deyil. Çünki biz demək olar ki, yeni yol çəkmirik. Bu yollar var, sadəcə olaraq bir həmin yolun yenidən qurulması və ya bərpası ilə məşğul oluruq. Sürüşmə aktivliyi ilə seçilən yollar isə uzun illər öncə, sovet hökuməti dövründə çəkilib. Orada isə asvalt örtüyünün yenilənməsi işlərini görürük, yəni, yeni yol çəkmirik. Yeni yol çəkilişi hazırda Bakı-Quba-Rusiya sərhəddi, Ələt-Astara istiqamətində aparılır. Bu artıq yeni yoldur. Yolların bərpası zamanı isə bütün aidiyyatı qurumlardan, onların ekspertizalarından geoloji işlərinə qədər hər bir nüans nəzərə alınır. Artıq razılaşdırılandan sonra yolun layihəsi hazırlanır və bu da sonra aidiyyatı qurumlardan keçəndən sonra təsdiqlənir. Ancaq ondan sonra hər hansı bərpa, yenidənqurma işləri həyata keçirilir. Bu qurumlar arasında da geoloji kəşfiyyat aparan idarələr də yer alır”.

Məhəlləarası yolların təmirdən qısa müddət sonra qazılmasına da münasibət bildirən Anar Nəcəfli bu yolların onların balansında olmadığını deyib:

“Adətən məhəlləarası yollar yerli icra hakimiyyətlərinin, bələdiyyənin balansında olur. Bizim balansımızda olan ərazilərdə yollar çəkilən zaman qabaqcadan aidiyyatı qurumlara xəbərdarlıq edilir. Məsələn, camaatın ən çox şikayət etdiyi Mircəlal küçəsində təmirin uzun müddət davam etməsinin səbəbi də yeraltı kommunikasiya xətlərinin yenilənməsidir. Onlar işlərini yekunlaşdırmamış biz işə başlaya bilmirik. Babək prospektində də eyni səbəblərə görə gecikir. Biz bunu ona görə edirik ki, təmirdən qısa zaman sonra yollar yenidən qazılmasın. Qazılma ancaq o, zaman baş verə bilər ki, fövqəladə hal, qəza baş versin. Amma daha hansısa qurum gəlib deməsin ki, yaddan çıxıb hansısa borunu basdırmamışıq”.
Anar Nəcəfli Hövsan yolunda təmirin gecikməsinin də səbəbinə aydınlıq gətirib: “Hövsan yolu daxili vəsait hesabına çəkilir. Vəsait ayrıldıqca, orada işlər aparılır. Hövsan yolunun konkret olaraq nə zaman təhvil verilməsini deyə bilmərəm. 2019-cu ildə həmin yolun tam olaraq yekunlaşdırılması planlaşdırılır. Yolun yalnız bir hissəsi qalıb, o, da cüzi bir şeydir. Orada da problem yaradan kommunikasiya xətlərinin köçürülməsidir. Ən çox vəsait də məhz bu işlərə gedir. Həmin ərazidə neft, qaz kəmərləri, yüksək gərginlikli elektrik xətləri var. Onların köçürülməsinə yolun təmirdən daha çox vəsait gedir. Vəsait isə hissə-hissə ayrıldığına görə bu yolun yekunlaşması gecikir”.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ