SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yeni nazir köhnə ticarətçi ilə yola gedəcəkmi? - KTN-də maraqlı durum

Yeni nazir köhnə ticarətçi ilə yola gedəcəkmi? - KTN-də maraqlı durum

Tarix:

27-04-2018, 09:22

/ 1 579 dəfə oxundu.
Yeni nazir köhnə ticarətçi ilə yola gedəcəkmi? - KTN-də maraqlı durum

…Haqlı olaraq Prezident İlham Əliyevin sərt tənqidinə tuş gəlmiş sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov getdi. Amma özündən sonra olduqca ciddi problemlər qoyub getdi. Bu problemlərdən ən birincisi odur ki, onun nazir olduğu dönəmlərdə aqrar sahədə dönüş yaratmalı bir nazirlik keçmiş icra başçılarının «cərimə batalyonu»na döndərilmişdi. Elə bu səbəbdəndir ki, Azərbaycan hər il aqrar sahəyə milyard manata yaxın vəsait xərcləsə də, yenə də xaricdən valyuta ilə ət, taxıl, süd, pendir, yumurta… alır. Səbəb isə çox sadədir: nazirlikdə çalışan sahə mütəxəssislərini barmaqla saymaq olar. Vaxtilə olduqca təcrübəli mütəxəssislər var idi, indi isə onların yerini hansısa vəzifəsinin öhdəsindən gələ bilməyib işdən çıxarılanlar tutub. Bunu redaksiyamıza göndərilən şikayət xarakterli oxucu məktubunda yazırlar. «…İndi elə bir mütəxəssis qalmayıb. Hansına baxırsan, keçmiş icra başçısıdır və beləcə, rayonlarda iş bacarmayanları bu nazirlikdə işə götürərək kabinetləşdiriblər. Məsələn, Göyçayın, Mingəçevirin, Qubanın… keçmiş icra başçısı olmuş Mübariz Ağayev, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanov, Cəbrayılın adamdöyən keçmiş icra başçısı Mahmud Quliyev, Laçının keçmiş icra başçısı Akif Səlimov, Salyanın keçmiş icra başçısı Tahir Kərimov… kimi. Onlar yaxşı işləyən olsaydılar, elə öz rayonlarında kənd təsərrüfatında irəliləyişə nail olardılar, taxılın məhsuldarlığını 23-25 sentnerdən 40-50 sentnerə qaldırardılar. Yəqinki yeni nazir İnam Kərimov bu «cərimə batalyonu»nu yeniləyəcək…».
Azərbaycan baş nazirinin müavini Əli Əhmədov bir müddət əvvəl KİV-ə açıqlamasında demişdi: “Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur… Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”.

Bəs Göyçayın keçmiş icra başçısı Mübariz Ağayev Kənd Təsərrüfatı Nazirliyində nə işə baxır?

Yuxarıda qeyd olunan şikayətlə bağlı «Təzadlar» hələ bir müddət əvvəl araşdırma aparmışdı. Məlum olurdu ki, təkcə son 10 ildə Kənd Təsərrüfatı Nazirliyində 20-yə yaxın işdən qalmaqallarla çıxarılmış icra başçıları, həmçinin digər dövlət strukturlarından kənarlaşdırılan şəxsləri işə götürüblər. Onların arasında həm də Göyçayın keçmiş icra başçısı Mübariz Ağayev vardır.
Bəs Mübariz Ağayev nazirlikdə nə işə baxır? Axı o, ömrü boyu ticarətlə məşğul olub. Məsələyə daha ətraflı aydınlıq gətirməyə çalışdıq və bu və ya digər suallara aydınlıq gətirmək istədik. Çünki bir müddət əvvəl bəzi saytlar belə bir məlumat yaymışdılar ki, guya M.Ağayev nazir müavini təyin olunub. Lakin az sonra bu məlumatın dezinformasiya olduğu, qəsdən yayıldığı məlum olmuşdu.
Elə bu və ya digər suallara aydınlıq gətirmək üçün Mübariz Ağayevin özü ilə danışmaq istəmişdik. İş telefonu cavab vermədiyindən nazirliyin kommutatoruna zəng vurduq. Xanım kommutator saat 16:09-da zəngimizə cavab olaraq bildirdi ki, «Mübariz Ağayev işdə yoxdur…». Deməli, o, nazirlikdə nə iləsə məşğul olur, maaş alı rvə s.
Sonra nazirliyin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq. O, bildirdi ki, «Mübariz Ağayev nazirlikdə texniki siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışır».

Ömrü boyu ticarət-iaşə sahəsində işləmiş keçmiş başçı kənd təsərrüfatı sahəsində hansı mütərəqqi yenilik edə bilər?

…Mübariz Ağayevin Vikipediya-da barəsində olan rəsmi məlumatlarla tanış olaq: «…2006-2007-ci illərdə Göyçay RİH-nin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İH-nin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İH-nin başçısı, 2015-2016-cı illərdə isə yenidən Göyçay RİH-nin başçısı vəzifələrində çalışıb. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur. 1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd İC-də, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində işləyib».
Ömrü boyu ticarət və iaşədə çalışmış bir şəxsi birdən-birə strateji sahə olan kənd təsərrüfatı sahəsində necə məsul sahəyə işə götürmək olardı???

Mübariz Ağayevin başçısı işlədiyi rayonlarda taxılın məhsuldarlığı da olduqca aşağı olubsa…

«Təzadlar» apardığı araşdırmalarda daha bir maraqlı məsələnin üstünü açdı: Mübariz Ağayev 2006-2007-ci illərdə Göyçay, 2007-2012-ci illərdə Mingəçevir, 2012-2015-ci illərdə Quba və nəhayət, 2015-2016-cı illərdə isə yenidən Göyçay RİH-nin başçısı olub. Dövlət Statistika Komitəsinə istinadla qeyd olunan illər üzrə kənd təsərrüfatı sahələrində iqtisadi göstəriciləri təhlil etdik. Olduqca bədbin göstəricilər mənzərəsi alındı. Mübariz Ağayevin rəhbər vəzifələrdə işlədiyi illərdə həmin rayonlarda bölgə üçün strateji sahə olan taxılçılıqda məhsuldarlıq orta Azərbaycan göstəricisindən yuxarı keçməyib. Niyə? Əgər adi bir rayonda aqrar sahədə ciddi irəliləyişə nail olmayan sabiq başçı indi bu boyda Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifə tutaraq nə iş görə biləcək? Biz hələ onu demirik ki, dövlət qulluğu olan və yalnız işə qəbulun müsabiqə yolu ilə aparıldığı nazirlikdə Mübariz Ağayev və digər sabiqlər hansı metod və şərtlərlə kənardan işə qəbul ediliblər?

İşlədiyi rayonlarda taxılın məhsuldarlığı olduqca aşağı olmuş Mübariz Ağayevə «Şöhrət» ordeni?

Bu hələ harasıdır, məlum olur ki, qalmaqallarla işdən çıxarılan Mübariz Ağayev 2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Axı Mübariz Ağayev sonuncu dəfə 2013-cü ildə Qubada icra başçısı idi və onun 2015-ci ildə oradan necə kənarlaşdırıldığını hamı bilir. Üstəlik, işlədiyi rayonlarda vacib sahə olan taxılçılıqda məhsuldarlığı qaldıra bilməyən başçı hansı xidmətinə görə «Şöhrət» ordeninə layiq görülüb??? Yəqinki bu suala yeni nazir İnam Kərimov da cavab tapmağa çalışacaq…
«Təzadlar»

Şərhlər

XƏBƏR LENTİ