SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Vasif Talıbov Ali Məclisi topladı

Vasif Talıbov Ali Məclisi topladı

Tarix:

23-02-2017, 17:15

/ 1 858 dəfə oxundu.
Vasif Talıbov Ali Məclisi topladı

Fevralın 23-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr

2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr barədə məruzə edib.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun məruzəsi:

"Hörmətli deputatlar və sessiya iştirakçıları!

Ümummilli lider Heydər Əliyevin quruculuq strategiyasına dönmədən əməl olunması nəticəsində ölkə, eləcə də muxtar respublika iqtisadiyyatında dinamik inkişaf meyilləri qorunub saxlanmışdır. Yerli xammal və ehtiyatlardan səmərəli istifadə etməklə istehsal müəssisələrinin yaradılması yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, əhali gəlirlərinin artmasına səbəb olmuşdur. Blokada şəraitinin çətinliklərinə baxmayaraq Naxçıvan Muxtar Respublikasının ərazi, ərzaq və enerji təhlükəsizliyi təmin edilmiş, nəqliyyat-kommunikasiya sahəsi müasirləşdirilmiş, ekoloji vəziyyət sağlamlaşdırılmış, sosial infrastruktur layihələri həyata keçirilmişdir.

Aparılmış təhlillərdən aydın olur ki, sosial-iqtisadi sahədə muxtar respublikanın inkişafını daha da sürətləndirmək üçün imkanlar çoxdur. Lakin ötən dövrdə bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində aşkar olunmuş çatışmazlıqlar göstərir ki, 2017-ci ildə nəzarət və tələbkarlıq daha da artırılmalıdır.

Cari ildə Maliyyə Nazirliyi büdcə vəsaitindən qənaətlə, səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına nəzarəti artırmalı, mal-material alınarkən izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan istifadə olunmalıdır.

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi büdcə daxilolmaları üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydaların icrasını təmin etməlidirlər.

Bu gün dünyada gedən böhrandan qorunmağın ən yaxşı yolu yerli istehsalın inkişaf etdirilməsidir. Bu, bir tərəfdən idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən əhali məşğulluğuna əhəmiyyətli təsir göstərir. Daxili bazarın qorunması, ərzaq məhsullarına olan tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən yerli xammala əsaslanan yeni istehsal müəssisələrinin yaradılması bundan sonra da davam etdirilməlidir. Layihələr seçilərkən keyfiyyət amili diqqətdə saxlanılmalı, qabaqcıl texnologiya ilə işləyən müəssisələrə üstünlük verilməlidir. Nazirlik çalışıb ona nail olmalıdır ki, sahibkarlıq subyektlərinə verilmiş kreditlər təyinatı üzrə istifadə edilsin, istehsal müəssisələrində məhsulun keyfiyyətinə xələl gətirmədən onun maya dəyərinin aşağı salınması üçün mütərəqqi üsulların tətbiqinə diqqət artırılsın.

Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir.

İqtisadiyyat Nazirliyi muxtar respublikada istehsal olunan məhsulların xarici bazarlara çıxarılması və tanıdılması məqsədilə tədbirləri davam etdirməlidir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində istehsal müəssisələrində və bazarlarda keyfiyyət amilini qorumalıdır. Uşaq bağçaları, məktəblər, xəstəxanalar və digər qapalı müəssisələr keyfiyyətli yerli məhsullarla təmin edilməlidir.

Daxili bazarın kənar təsirlərdən qorunması və tənzimlənməsi də vacib məsələlərdəndir. Daxili işlər və gömrük orqanları muxtar respublikaya işlənmiş avadanlıq və yararsız malların gətirilməsinin qarşısını almalıdırlar. Nəzərə alınmalıdır ki, bunlar iqtisadi inkişafa zərər vurmaqla bərabər, insanların həyatı və sağlamlığı üçün də ciddi təhlükə yaradır.

Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının əsas sahəsi kimi hər zaman diqqət mərkəzindədir. Tapşırıq verilmişdir ki, məhsuldarlığın artırılmasında rayonlaşmanın çox böyük əhəmiyyəti nəzərə alınaraq əkin atlasları tərtib olunsun və aidiyyəti üzrə yerlərə göndərilsin. Lakin araşdırmalar göstərir ki, yerlərdə məhsul istehsalçıları ilə maarifləndirmə tədbirlərinin zəif təşkili nəticəsində atlaslardan lazımi səviyyədə istifadə edilmir. Müasir əkin və suvarma metodlarının təbliği, aqrotexniki qaydalara əməl olunması, torpaqlardan təyinatı üzrə istifadəyə nəzarət sahəsində də çatışmazlıqlar mövcuddur. Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları əkilməyən boş torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasını təmin etməli, əkinçilikdə müasir aqrotexniki qaydaların tətbiqi, bitkiçilik məhsullarının yerli şəraitə uyğun əkilməsi, torpaqların münbitliyinin artırılması ilə bağlı maarifləndirmə tədbirlərini mövcud nümunələr əsasında təşkil etməlidirlər. Meyvəçilik, arıçılıq kimi tarixi ənənələrə malik sahələrdə istehsal həcminin artırılması üçün tətbiq olunmuş və özünü doğrultmuş mütərəqqi üsullardan istifadəyə də nail olunmalıdır.

Əkin sahələrində suvarmaya nəzarət gücləndirilməlidir. Müasir suvarma metodlarına üstünlük verilməməsinin nəticəsidir ki, Şərur rayonu üzrə 330, Babək rayonu üzrə 93, Culfa rayonu üzrə 66, Kəngərli rayonu üzrə 124, Sədərək rayonu üzrə 3 min 229, Naxçıvan şəhəri üzrə 280 hektar, ümumilikdə 4 min 122 hektar torpaq sahəsi şoranlaşmış, Şərur rayonu üzrə 3 min 198, Babək rayonu üzrə 714, Ordubad rayonu üzrə 36, Culfa rayonu üzrə 584, Kəngərli rayonu üzrə 1118, Sədərək rayonu üzrə 112, Naxçıvan şəhəri üzrə 420 hektar olmaqla, cəmi 6 min 182 hektar torpaq sahəsi isə çəmənləşməyə məruz qalmışdır. 2017-ci ildə şoranlaşmış və ya çəmənliyə çevrilmiş torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qatılması üçün aid təşkilatlar tədbirlər planı hazırlamalı və həyata keçirilməsinə başlamalıdırlar.

Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi də su itkisinə yol verilməməsi üçün müasir suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində tədbirləri davam etdirməlidir. Həmçinin komitə tərəfindən şəhər, rayon mərkəzləri və ətraf kəndlərdə içməli su və kanalizasiya xətlərinin çəkilişinin icrası zamanı keyfiyyət amilinə xüsusi diqqət yetirilməlidir.

Bu gün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində yeni innovasiyaların tətbiqinə və müasir texnikalardan istifadəyə geniş yer verilir. Muxtar respublikada da əl əməyini yüngülləşdirmək və məhsuldarlığı artırmaq məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müasir kənd təsərrüfatı texnikalarının alınaraq gətirilməsi davam etdirilməlidir.

Heyvandarlığın inkişafına da diqqət artırılmalıdır. Dövlət Baytarlıq Xidməti xəstəliklərə qarşı peyvəndləmənin vaxtında aparılmasını təmin etməli, heyvanlara qulluq və saxlanılma şəraiti ilə bağlı əhali arasında maarifləndirmə işini gücləndirməlidir. Məhsuldarlığı artırmaq üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və süni mayalanma tədbirləri davam etdirilməlidir.

Torpaqlardan düzgün və təyinatı üzrə istifadəyə də diqqət artırılmalı, Daxili İşlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları torpaqların zəbt olunması hallarına qarşı tədbirləri gücləndirməlidirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi kənd təsərrüfatı üçün yararlı olmayan ərazilərdə yaşıllıq zolaqlarının, eləcə də meyvə bağlarının salınmasını təşkil etməli, təbii ehtiyatlardan səmərəli istifadəyə nəzarəti artırmalıdır.

Verilən kreditlərin daha çox real sektora yönəldilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi konkret tədbirləri özündə əks etdirən təkliflər hazırlamalıdırlar. Kreditlərə olan tələbat və kreditin qaytarılma imkanları düzgün qiymətləndirilməli, həmin vəsaitdən təyinatı üzrə və səmərəli istifadəyə nəzarət olunmalıdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintidə keyfiyyət amilinə xüsusi diqqət yetirməli, layihələr təhlil edilməli, izafi xərclərin qarşısı alınmalıdır.

Son illər muxtar respublikada tikinti materiallarının istehsalı ilə məşğul olan bir sıra müəssisələr fəaliyyətə başlamışdır. Ona görə də tikinti təşkilatları inşaat materialları alarkən birinci növbədə yerli məhsullardan istifadəyə üstünlük verməlidirlər.

İstifadəçiləri fasiləsiz elektrik enerjisi və təbii qazla təchiz etmək, mövcud infrastrukturun dayanıqlığını təmin etmək məqsədilə Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi müvafiq tədbirlər görməlidir.

Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Dövlət Energetika Agentliyi yerli mütəxəssislərin hazırlanması tədbirlərini bundan sonra da diqqət mərkəzində saxlamalı, göstərilən xidmətlərin keyfiyyəti artırılmalıdır.

Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni və dərslərin fənn kabinələrində keçirilməsini təmin etməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi aparılan elmi tədqiqatların səmərəliliyinə və istehsalatda tətbiqinə çalışmalı, gənc elmi kadrların hazırlanması işinə diqqəti artırmalıdır.

Ali təhsil müəssisələri də gənclərin elmi-tədqiqat işlərinə cəlb edilməsi səviyyəsini yüksəltməlidirlər. Müvafiq ixtisaslar üzrə hazırlanan tədris və elmi-metodik vəsaitlərin səviyyəsi artırılmalı, ixtisaslar üzrə təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə üstünlük verilməlidir.

Muxtar respublikanın bütün tibb müəssisələrində zəruri maddi-texniki baza yaradıldığı üçün Səhiyyə Nazirliyi tibbi heyətin ixtisasının artırılmasını davam etdirməli, səhiyyə xidmətinin səviyyəsini yüksəltməlidir.

Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olan müəssisə və təşkilatlarda kadrların düzgün yerləşdirilməsini və mədəni xidmətin səviyyəsinin yaxşılaşdırılmasını təmin etməlidir.

Gənclər və İdman Nazirliyi muxtar respublikada olan idman qurğu və obyektlərindən, eyni zamanda Olimpiya-İdman komplekslərindən istifadəyə və onların qorunub saxlanılmasına diqqəti artırmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qayğıya ehtiyacı olanların səmərəli məşğulluğu ilə bağlı tədbirləri davam etdirməli, peşə hazırlığını əmək bazarına uyğunlaşdırmalıdır.

Muxtar respublikada ətraf mühitin qorunması sahəsində tədbirlər davamlı xarakter almışdır. Lakin təəssüf ki, hələ də müxtəlif növ tullantıların ərazilərə atılması hallarına rast gəlinir. Yerli icra hakimiyyətləri abadlıq-təmizlik işlərinə diqqəti artırmalı, əkinəyararlı boş torpaq sahələrindən istifadə ilə bağlı tədbirlər görməlidirlər. Bundan başqa, vətəndaşların müraciətlərinin həlli, tikilənlərin qorunması, nizam-intizam diqqət mərkəzində olmalıdır.

Dövlət Statistika Komitəsi sosial-iqtisadi inkişafla bağlı görülmüş işlər və nəticələr haqqında tematik təhlili materiallar hazırlayaraq kütləvi informasiya vasitələrində dərc etdirməlidir.

Hüquq mühafizə orqanları maarifləndirmə və profilaktika tədbirlərinə geniş yer verməli, ictimai asayişin və dövlət əmlakının qorunması üçün səylərini artırmalıdır.

Ordu, birləşmə və hərbi hissə komandirləri döyüş hazırlığını daim artırmalı, ehtiyatlardan və resurslardan səmərəli istifadə olunmalıdır.

Muxtar respublikanın teleradio və qəzetlərində tarixi-mədəni irsimiz və milli dəyərlərimizlə bağlı maarifçilik işi gücləndirilməlidir.

Hörmətli sessiya iştirakçıları!

2017-ci ildə də qarşıdakı mühüm vəzifələrin icrasında sizə uğurlar arzulayır, çıxışımı ölkə rəhbəri cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır”.

Sağ olun.



Sonra sessiyada “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib.

Ali Məclisin Sədri gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd edib ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu Konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, Konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcəkdir. Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası öz işini başa çatdırıb.

Şərhlər

XƏBƏR LENTİ