SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Cənab Müslümov, Bilgəhdə əlillər acından ölürlər”

“Cənab Müslümov, Bilgəhdə əlillər acından ölürlər”

Tarix:

23-02-2017, 17:03

/ 1 556 dəfə oxundu.
“Cənab Müslümov, Bilgəhdə əlillər acından ölürlər”

“Bizə verilən aylıq ərzaq norması mənimsənir, pensiyalarımızsa ləngiyir”

“Diqqət! Təcili!Bu yaxınlarda Bilgəhə köçürülən əlillərə yemək aparılmadığı üçün 2 gündür ac qalanları var. Arabada olduqları üçün binanı tərk edə bilmirlər”.
Sosial şəbəkədə yayılan bu elan diqqətimizi çəkdi. Elanda göstərilən nömrə ilə əlaqə saxladıq.

Aylıq norma: 100 qram kəsmik, 200 qram yağ...

Belə məlumat aldıq ki, fiziki hərəkət imkanı məhdud olan 20-dək şəxs yanvar ayının 21-dən Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi 21 ünvanda yerləşən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatın həyətində yerləşən 2 mərtəbəli inzibati binaya köçürülüb. Binaya yerləşdirilən sakinlər 2 qrupa ayrılıb: Ramanadan və Bilgəhdən olanlar. “Ramana” qrupuna ərzaq norması həftəlik, “Bilgəh” qrupuna isə aylıq verilir. Aylıq normaya 10 yumurta, 1 yarım toyuq, 200-300 qram vermeşel, 3-4 kiloqram kartof, 1 kiloqram soğan, 100 qram kəsmik, 200 qrama qədər kərə yağı və sair... Bu ərzaqlar isə onların ehtiyacını ödəmir. Üstəlik də onlara əlilliklə əlaqədar verilən pensiya da ləngiyir.

Xüsusi qayğıya ehtiyacı olan bu insanlar aydan aya ac-yalavac, borc içində keçir

“Uşaqlı-böyüklü 24 nəfərik. Bizi bura Mərdəkandan yanvar ayından gətiriblər. Bu bina da Qocalar evinin nəzdindədir. Binamız, otaqlar təmirlidir, görünüşü normaldır, isti suyu, soyuq suyu var. Bunlardan bir narahatlığımız yoxdur. Amma biz, xüsusən I qrup olanlar, ətraf aləmlə tam təcrid olunmuşuq. Mən də I qrup əliləm, paltar yuya bilmirəm, yemək bişirə bilmirəm. Ayayqlarım işləmir. Əlil arabasıyla vurnuxub özümə yemək hazırlamaq istədim, iki barmağımı bıçaqla böldüm, indi o barmaqlarım da işləmir. Tibbi personalımız, xadiməmiz yoxdur. Soyuducu verilməyib. İnanmıram ki, dövlət bizim haqqımızı mənimsəsin. Sadəcə, mən hesab eliyirəm ki, bizə verilən haqqı “Ara xəlvət, tülkü bəy” bilib, basıb yeyirlər. Bu aydan o biri aya borc-xərclə çıxırıq. Biz unudulmuşuq” telefon əlaqəsi yaratdığımız xüsusi qayğıya ehtiyacı olan bu şəxs yaşağıdğı acınacaqlı vəziyyətlə tanış olmaq üçün mətbuata, televiziyaya çağırış etdi:

“Səlim Müslümov, dövlətin bizə ayırdığı haqqı kim yeyir?!”

“Gəlin vəziyyətimizi gözünüzlə görün. Səsimizi, sözümüzü Səlm Müslümova deyin, bizimlə maraqlansın, bizi unutmasın. Nazir əhalinin sosial müdafiəsinə beləmi nəzarət edir?
Səlim Müslümov, ətrafdan təcrid eləyib, bizi gətirib ac-yalavac bu hasarlanmış binaya atmaq heç Allaha xoş gedən iş deyil, sanki türmə həyatı yaşayırıq, salxaq arabayla nə bir yerə çıxa, nə hərəkət eləyə bilirik.
Səlim müəllim, maşalah, sağlam, cüssəli görünüşün var. Bir ayı 200 qram yağla başa vura bilərsən? Əlbəttə, yox. İnsuılin xəstəsiyəm. Qidalanmam normal olmalıdır ki, ölməyim. Bəs mən bu qidayla necə yaşayım?
Dövlətin bizə ayırdığı haqqı kim yeyir, Səlim Müslümov?” - deyə insulin xəstəsi olan I qrup əlil sual edir..

“Allah bizi belə yaradıbsa, yaşamaq haqqı da verib, haqqımızı kəsməyin!”

Digər I qrup əlil Məmmədhüseyn Hüseynovla söhbət etdik. Gileyləndi ki, ərzaq təminatı bir yana qalsın, alacağı sosial pensiya da ləngiyir, səhhətində isə ciddi problemlər, müalicəyə ehtiyacı var, amma müalicə etdirmək imkanı yoxdur: “Sol böyrəyimdə daş var. Müalicə etdirə bilmirəm. 140 manat sosial pensiya alıram. Bu da gecikir. İynə, dava-dərman, pal-paltarımızı yumaq üçün sabun, paltar tozu, hər şeyi özüm alıram. Bu aydan o biri aya borc-xərclə çıxıram.
Sağ olsun, dövlət bizə vəsait ayırır, amma bizə gəlib çatmır. Acınacaqlı həyat keçirirəm. Heç olmasa, sağlam, normal yaşayışı olan insanların arasında yaşasaydım, qonum-qonşu əl tutardı.
Allah bizi boşu-boşuna yaratmayıb, belə yaradıbsa, bunun üçün yaşamaq haqqı da verib, haqqımızı kəsməsinlər. Bu halımızla bizim də kiməsə bir faydamız dəyə bilər. Ona görə də bizi cəmiyyətdən ayrı salmaq, unudulmaq, etinasızlıq eləmək qəlbimizi incidir!”.
Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevlə əlaqə yaratdıq. Elman Babayev dedi ki, bu məsələ ilə əlaqədar mətbuata mövqe bildiriblər: “Gündə bir sayta yazırlar, indi də sizə?”

Rəsmi şablon: Qanunla onlara ərzaq və tibbi xidmət nəzərdə tutulmayıb

Sonra şablon cavabı bizə də göndərdi: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və Əmək Əlilləri üçün Pansionatının (Qocalar evi) ərazisindəki ikimərtəbəli yaşayış binasında müasir tələblərə uyğun yaşayış şəraiti ilə təmin edilmiş ümumi səbəblərdən bir qrup əlilliyi olan şəxsin onlar üçün ayrıca tibb xidmətinin yaradılmaması, eləcə də ərzaq təminatı ilə bağlı şikayəti əsassızdır və onlara göstərilən humanist yanaşmaya adekvat deyil. Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yalnız müharibə əlilləri və şəhid ailələri növbəlilik qaydasında mənzillə təmin edilirlər və ümumi səbəblərdən əlilliyi olan şəxslərin yaşayış yeri ilə təmin olunması nazirliyin səlahiyyətlərinə aid deyildir. Bununla belə, nazirlik öz tabeliyindəki Mərdəkan Müalicə Pansionatında əvvəllər məskunlaşmış, ümumi səbəblərdən 18 nəfər əlilliyi olan şəxsin (onlardan bir qismi tək yaşayır, qalan hissəsi isə ailəlidir) yaşayış yeri ilə təmin edilməsi qayğısına qalıb, halbuki mövcud qanunvericilikdə Nazirliyin (“Məzun evi” və “Qocalar evi” istisna olmaqla) əlillər üçün hansısa daimi yaşamaq yeri nəzərdə tutulmayıb. Yeni açılan sosial sığınacaqlar isə kimsəsizlər üçün olmaqla maksimum 6 ay qalmağa nəzərdə tutulur. Mərdəkan Müalicə Pansionatında olduqca yararsız məişət şəraitində yaşamaları, həmçinin pansionatda əsaslı təmir işlərinə başlanması səbəbindən nazirlik humanist mövqedən yanaşaraq həmin insanları Bakının Bilgəh qəsəbəsindəki Müharibə və Əmək Əlilləri üçün Pansionatının bazasındakı ikimərtəbəli yaşayış binasında müasir tələblərə uyğun yaşayış şəraitinə malik mənzillərlə təmin edib. Mənzillərdə daimi istilik sistemi, qaz, işıq və su təminatı vardır. Onların sırasında tək yaşayan elə əliliyi olan insanlar var ki, kənarda doğma ailəsi, ailəsinə məxsus evləri olmasına rəğmən burada yaşamağı üstün tuturlar. Qeyd olunanlara baxmayaraq, həmin ailələrin binada onlar üçün ayrıca tibb xidmətinin yaradılmamasından, ərzaq təminatından və s. şikayət etmələri başadüşülən deyil. Qanunvericilikdə onlar üçün ayrıca ərzaq təminatı, tibb xidmətinin yaradılması nəzərdə tutulmayıb. Buna baxmayaraq, həmin əlil ailələrin ərzaqla da təmin həyata keçirilir. Bundan başqa, Müharibə və Əmək Əlilləri üçün Pansionatda tibb xidməti fəaliyyət göstərir. Lazımi hallarda həmin əlil ailələri də pansionatdakı tibb xidmətindən istifadə edə bilərlər. Həmin əlil ailələri Azərbaycanda yaşayan digər əlil ailələri kimi pensiya və sosial müavinətlə də təmin olunurlar”.

P.S. ƏƏSMN rəsmisinin cavabından belə məlum olur ki, qanun fiziki imkanı məhdud olan belə insanların arasında ayrı-seçkilik yaradır. O zaman ya qanun təkmilləşməlidir, ya da cəmiyyətin ən həssas təbəqəsi olan xüsusi qayğıya ehtiyaclılara münasibət dəyişməlidir.
Məmmədhüseyn Hüseynovun təbirincə desək, axı onlar da yaşamaq, yaratmaq, faydalı olmaq istəyindədirlər. Onları hansısa bər-bəzəkli mənzillərə köçürmək, belə həssas insanlara humanist yanaşma demək deyil. Humanizmin mahiyyətində reklam, görüntü yox, mərhəmət dayanır.

Şərhlər

XƏBƏR LENTİ