SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şabran sakinlərindən öz torpaqlarında mal-qara otarmaq üçün pul tələb edirlər

Şabran sakinlərindən öz torpaqlarında mal-qara otarmaq üçün pul tələb edirlər

Tarix:

20-04-2018, 17:20

/ 1 829 dəfə oxundu.
Şabran sakinlərindən öz torpaqlarında mal-qara otarmaq üçün pul tələb edirlər

Şabran rayonun Xırdaoymaq kəndində sakinlərin örüş torpaqları əllərindən alınır. Mal-qara otardıqları ərazilərdən istifadə üçün onlardan 50 manat pul tələb edirlər.

Virtualaz.org xəbər verir ki, bu barədə kənd sakinləri bildiriblər.

Onların sözlərinə görə, bu ərazilər sakinlərin ata-baba yurdu olsa da, torpaqlarında qonşu kəndlərin sakinləri istifadə edir: “Biz yaşadığımız yerdə iki inəyimizi otara bilmirik. Bizdən icra hakimiyyəti, bələdiyyə 50 manatdan pul istəyir. Qonşu kəndin sakinlərindən pul alıb burada mal-qara otarmağa icazə verirlər, amma bizi qoymurlar”, - deyə kənd sakini Tərlan Güləliyev bildirir.

Digər kənd sakini isə deyir ki, örüşdə heyvan otardıqlarına görə polis onları incidir.

“Biz dədə-babadan burada yaşamışıq. Qaçqın deyilik, Ermənistan vətəndaşı deyilik, Suriyadan gəlməmişik. Niyə bizi burada işğal altında saxlayırlar?”, - deyə digər kənd sakini sual edir.

Kənd sakinləri onlara məxsus torpaqlarda aqropark yaradılacağını deyirlər.

Sakinlərin probleminə aydınlıq gətirmək üçün Şabran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin İnformasiya təminatı şöbəsinin müdiri Adilə Ağayeva isə bu şikayətin əsassız olduğunu, sakinlərdən pul tələb edilmədiyini dedi.

Qeyd edək ki, Xırdaoymaq kənd sakinləri torpaqlarının əllərindən alınması ilə bağlı dəfələrlə mətbuata şikayət ediblər. 400-dən çox sakinin yaşadığı kənddə pay torpağı olan çox az sakin var. Kəndin ərazisi böyük olsa da, torpaq sakinlərə verilmir. Kənd ərazisində rayonun icra başçısı Novruz Novruzovun balıq vətəgəsinin olduğu deyilir. N.Novruzov kənddə süni göl tikdirərək balıq təsərrüfatı biznesi ilə məşğul olur.

Şərhlər

XƏBƏR LENTİ