SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ən azı 10 rayonun icra başçısı dəyişdiriləcək... - TƏDARÜK

Ən azı 10 rayonun icra başçısı dəyişdiriləcək... - TƏDARÜK

Tarix:

19-04-2018, 09:19

/ 1 447 dəfə oxundu.
Ən azı 10 rayonun icra başçısı dəyişdiriləcək... - TƏDARÜK

Aprelin 18-də Milli Məclisdə Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib. Mərasim iştirakçıları İlham Əliyevi hərarətlə qarşılayıblar.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar. Fərhad Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının prezidenti elan edib.

Sonra prezident İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Prezident müqəddəs Qurani-Şərifə də əl basaraq and içib: “Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.

Daha sonra prezident İlham Əliyev geniş nitq söyləyib.

APA-nın xəbərinə görə, prezident seçkilərinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini bildirən İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, görülən işlərə səs verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafa səs verib.

Dövlət başçısı deyib ki, seçkilər ədalətli və şəffaf şəkildə keçirilib: “Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş ”exit-poll"lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir (Prezidentin çıxışına başqa məqalədə geniş yer verilib-E.S).

Beləliklə, aprelin 18-dən İlham Əliyevin yeni prezidentlik dönəmi başlayıb. Prezident aprelin 18-də Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək nazirlərin səlahiyyətləri saxlanıb.

Təhlilçilərin proqnozlarına görə, Nazirlər Kabinetinin köhnə üzvlərinin ən azı 3-də ikisinin əvvəlki vəzifələrində saxlanacağı gözlənilir. Çıxdaş edilməsi gözlənilənlərin sayı isə bir neçə nəfərdir. İstefaya getmiş sayılan Nazirlər Kabineti üzvlərinin bəzilərinin təlaşda olduğu barədə məlumatlar yayılmaqdadır. Onlar yeni hökumətdə yer alıb-almayacaqlarının həyəcanının yaşayırlar.

Yeni hökumətin formalaşmasından sonra prezidentin rayonların icra başçılarına da “əl gəzdirəcəyi” deyilir. Ən azı 10 rayonun icra başçısının vəzifədən götürüləcəyi yayılan məlumatlar sırasındadır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirib ki, prezident İlham Əliyev üçün yeni dövr başlayır. İlham Əliyev 7 il də Azərbaycana rəhbərlik edəcək. Bu müddətdə İlham Əliyevin üzərinə ən azı aşağıdakı vəzifələrin düşdüyünü söyləmək olar: “Birincisi, İlham Əliyev növbəti 7 ildə Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışacaq. İlham Əliyevin hazırkı strategiyası doğrudur: Azərbaycan Ermənistanı bütün layihələrdən təcrid edir və işğalçı dövlətə qarşı təzyiqi artırır. Buna baxmayaraq, növbəti 7 ildə ən azı bir neçə rayonun azad olunması vacibdir. Bu, cəmiyyətdə İlham Əliyevə olan dəstəyi daha da artıracaq. İkincisi, İlham Əliyev iqtisadi və sosial islahatları genişləndirməlidir. Cəmiyyətdə yeni istefası reallaşmış hökumətə inamsızlıq var, illərdir vəzifədə qalan nazirlərin gənc kadrlarla dəyişdirilməsinə ehtiyac var. İqtisadiyyatda inhisar yaradan nazirlərin vəzifələrindən çıxarılması vacibdir. Ümumiyyətlə, hökumətin Birinci vitse-prezident Mehriban Əliyevaya tabe etdirilməsi haqqında fikirlər var. Mehriban Əliyeva üçün inhisarçı nazirləri yeni kadrlarla əvəz etməsi aktual ola bilər. Məncə, prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində açıqladığı bəzi fikirlər də hakimiyyət içindəki dəyişikliklərin baş verəcəyinə işarə edir. Məsələn, prezident deyib ki, seçki kampaniyası zamanı rəqiblərinin qaldırdıqları məsələlərə diqqətlə baxacaq. Həmin kampaniyanı izləmişdim. Prezidentliyə namizədlər prezidenti tənqid etməsələr də, hakimiyyət strukturlarının yarıtmaz fəaliyyətinə dair müxtəlif faktlar irəli sürdülər. Demək, prezident ona işarə edir ki, yarıtmaz fəaliyyətin səbəbləri araşdırılacaq. Bundan başqa, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də geniş məqalə yazıb. Həmin məqalədə də hakimiyyət içindəki qüsurlar haqqında qeydlər var.

Üçüncüsü, dövlət başçısı İlham Əliyev əhali üçün icbari tibbi sığortanın tətbiqinə nail olmalıdır. Bu məsələ gecikir. Azərbaycanın yaşlı nəsli maaşının və pensiyasının əsas hissəsini həkimlərə, bahalı əməliyyatlara və dərmanlara xərcləyir. Aşağı maaşı və pensiyaları olan vətəndaşlar üçün bu, böyük xərclərdir. Hamı üçün tibbi sığortanın tətbiqi ilə problemi həll etmək mümkündür. Hakimiyyət, yeni formalaşacaq komanda, nəhayət ki, bu məsələni həll etməlidir".

Ekspertin sözlərinə görə, ən vacib məsələlərdən biri odur ki, Azərbaycanda sabitlik var, xaos yoxdur. Bu, ölkə başçısına islahatları dərinləşdirməyə və problemləri həll etməyə imkan verir.

Şərhlər

XƏBƏR LENTİ