SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Rabitə işi”nə görə tutulmuş şəxs ölkədən getmək istəyir

“Rabitə işi”nə görə tutulmuş şəxs ölkədən getmək istəyir

Tarix:

20-03-2018, 14:22

/ 1 855 dəfə oxundu.
“Rabitə işi”nə görə tutulmuş şəxs ölkədən getmək istəyir

“Rabitə işi” üzrə təqsirləndirilən “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədov məhkəməyə müraciət edərək ölkədən çıxışına icazə verilməsini istəyib.

N.Məmmədovun ərizəsinə Nərimanov Rayon Məhkəməsində baxılıb və təmin edilməyib.

N.Məmmədov apelyasiya şikayəti verib və qərarın dəyişdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatında olan prosesdə ilkin baxış iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Proses aprelin 3-də davam etdiriləcək.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu iş üzrə təqsirləndirilənlər - “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və Vidadi Zeynalov 13 il, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, BTRİB-in baş mühasibi Anar Mustafayev 5 il, “Optik Qurğular İdarəsi”MMC-in rəhbəri Emin Məmmədov 10 il, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Cəlil Cəfərov, Səhrab Hümmətov, Bayram Vəliyevə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Adıçəkilən şəxslər hökmdən apelyasiya şikayəti veriblər və Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.

Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybalayevə şərti cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Şərhlər

XƏBƏR LENTİ