SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Heydər Əsədovun bayram yarmarkası fiaskosu... - "İmkansızam, necə alım?"

Heydər Əsədovun bayram yarmarkası fiaskosu... - "İmkansızam, necə alım?"

Tarix:

19-03-2018, 11:49

/ 1 201 dəfə oxundu.
Heydər Əsədovun bayram yarmarkası fiaskosu... - "İmkansızam, necə alım?"

İlaxır çərşənbə ilə Novruz bayramının eyni vaxta təsadüf etməsi, bayram tədarükünü bir az da tezləşdirib. Paytaxt sakinləri alış-veriş üçün ciblərinə uyğun məkanlara üz tutub. Bəs görəsən, qiymətlər necə, cibə uyğundurmu?

Yenicag.az bayramqabağı qiymətlərlə maraqlanmaq üçün paytaxt yarmarkalarına baş çəkib.

Yolumuzu ilk olaraq, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən yarmarkadan saldıq. Müştəri gözləyən satıcılar alıcı quş kimi yanımızı kəsdirib, məhsullarını tərifləməyə başladılar:

“Almanın mövsümü çoxdan gedib, amma biz üç kilosunu 1 manata veririk. Elə bil ağacdan indi dərilib. İçi sapsarı kənd yumurtasıdır, 20 qəpiyə nə verirlər? Qəşəng, yağlı qoz-fındıqdır, alın aparın, paxlavadan-şəkərburadan bişirin, tökün uşaqların qabağına…”.

Öyrəndik ki, məhsulların bir hissəsi Quba, Xaçmaz, Göygöl, İmişli, Beyləqan və digər bölgələrdən gətirilsə də, bir hissəsi Yaşıl bazardan alınıb-satılır.

Keçən il alıcılıq qabiliyyətinin yüksək olduğunu deyən satıcı Əli bu il müştəri baxımından kasaddır:

“Ötən il bayramqabağı əməlli-başlı qazanc götürürdük. İndi bazarda tək-tük adam var. Çoxu da elə qoz-fındıq alıb qayıdır. Novruzda çərəz satanların bazarı xod gedir, meyvə-tərəvəzin üzünə baxan da yoxdur. Bu məhsullar Yeni il ərəfəsində yaxşı satıldı. Belə də ki, Bakıda addım atırsan, marketdir. Marketlər bazarımızı öldürüb”.

Alıcı Təranə Şükürova bahalıqdan gileylənir:

“Uşağın gözünü yığmaq üçün məcburam yarım kilo qoz-fındıq alıb, bayram şirniyyatları bişirim. Neyləyim, çox almağa gücüm çatmır. Keçən il bundan ucuzluq idi. Yarmarkada dana ətinin kilosu 9 manat 50 qəpikdir, imkansızam, necə alım? Məcbur olub 5 manata toyuq aldım”.

Ət dükanında müştəri haraylayan satıcı Xəqani qiymətlərin normal olduğunu deyir:

“Hər qiymətə ət var. İnək ətinin qiyməti 8 manat 50 qəpik, dana əti isə 9 manat 50 qəpiyədir. Vallah, inək əti hamısından dadlıdır, sadəcə, bir az gec bişir. Ucuz da veririk, camaat almır; deyirlər, “bahadır”. Heyvanı İmişlidən, Beyləqandan alıb kəsirik. Bir dananın qiyməti 2 min manatdır, gərək biz də mayamızı çıxaraq. Bu gedişlə mayanı da batırırıq”.

Çərəz satıcısı Ramin alıcılıq qabiliyyətinin aşağı olmasının səbəbini belə izah etdi:

“İndi camaat şəkərbura-paxlavanı pul verib alır. Qadınlar özlərinə əziyyət vermir. Əvvəllər hamı evində bişirirdi, qoz-fındığımız da satılırdı. İndi oturub yol gözləyirik ki, məhsulumuzu kimə sataq? Alırlar e, amma çox az. Yaxşı ki, yarmarkalarda yerhaqqı azdır – 3-5 manatımızı veririk, ürəyimiz rahat olur ki, cibimizə ziyan dəymir”.

Digər yarmarkalara da baş çəkdik. İnşaatçılar metrosu yaxınlığında yerləşən yarmarkada da eyni qiymətlərin şahidi olduq. Amma burda nisbətən alıcı sıxlığı vardı. Satıcılar günün ikinci yarısında alıcıların daha çox olacağını dedilər.

Satıcı Rəhim alıcılıq qabiliyyətindən narazılıq etmədi:

“Gözləyirik, səhər-səhər bazara gələn az olur. Günün ikinci yarısında camaat gələcək. Bizim camaat elədir ki, kasıb da olsa, bayramını ürəyi istəyən kimi qeyd edir. Hansı kasıbın evinə getsən, süfrəsində şəkərburasından tutmuş qoz-fındığına qədər hər şey görərsən. Əziz bayramdır, Azərbaycan ailəsi həmişə qonaqlı-qaralı olur”.

Novruzun atributlarından olan səməninin qiymətləri ilə də maraqlandıq.

Satıcı Fərahim deyir ki, qiymətlər forma və həcminə görə dəyişir:

“Balaca səmənilər 1 manatdır. Kasıblar ucuz, varlılar isə bahalı səməni alırlar. Alanlar çoxdur, min bərəkət, narazılığım yoxdur”.

Bu da yarmarkalardakı bayramqabağı qiymətlər

SİYAHI:

Qoz-13-22 manat (ləpə), 5-7 manat (qabıqlı)
Fındıq- 9-12-22 manat (ləpə) 6 manat (qabıqlı)
Badam – 20-24 manat
Şabalıd – 9 manat
Kişmiş – 7-12 manat
Ərik – 5-11-15 manat
Gavalı qurusu – 7 manat
Quru xurma – 1 manat 50 qəpik
İnnab – 3 manat manat
İydə – 7 manat 50 qəpik

Pomidor – 3 manat 50 qəpik – 4 manat 50 qəpik
Alma – 1 manat -1 manat 60 qəpik (3 kilosi 1 manat)
Narıngi – 3 manat
Portoğal – 2 manat -2 manat 50 qəpik
Armud – 5 manat
Yumurta – 20-25 qəpik

Səməni 1-10 manat (həcm və formasından asılı olaraq)

Dana əti – 9 manat 50 qəpik
İnək əti – 8 manat 50 qəpik
Kənd toyuğu – 5 manat

Şərhlər

XƏBƏR LENTİ