SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Türkiyə geyimləri Azərbaycanda niyə dəfələrlə baha satılır...

Türkiyə geyimləri Azərbaycanda niyə dəfələrlə baha satılır...

Tarix:

17-01-2017, 11:36

/ 3 817 dəfə oxundu.
Türkiyə geyimləri Azərbaycanda niyə dəfələrlə baha satılır...

Natiq Cəfərli: “Azərbaycanda bununla bağlı bir neçə problem var”

Türk lirəsinin dəyərdən düşdüyü bir vaxtda Türkiyənin bir çox geyim mağazalarında endirim kampaniyalarına start verib. Türkiyədə bir sıra brend mağazalar var ki, onların eynisi Azərbaycanda da fəaliyyət göstərir. Bunlara misal olaraq “Mavi”, “De Facto”, “LC WAIKIKI”, “Pink”, “D’s Damat” və s. göstərmək olar. Elə brendlər var ki, dünyanın əksər ölkələrində fəaliyyət göstərən mağazalarında qiymətlər eyni olur. Azərbaycanda isə durum bir qədər fərqlidir.

Belə ki, Türkiyənin yuxarıda adını qeyd etdiyimiz firmalarının malları paytaxt Bakıda dəfələrlə baha satılır. Üstəlik, hələ endirimli qiymətlərlə Türkiyədə satılan qiymətlərdən xeyli fərqlənir. Məsələn, Türkiyədə “Mavi”nin qadın üçün Serena adlanan cins şalvarı 79.99 TL-ə satıldığı halda eyni şalvar “Gənclik Mall” ticarət mərkəzində yerləşən mağazasında 159 manat 90 qəpikdən endirimlə 111 manat 90 qəpiyə düşüb. Aradakı fərqə diqqət edək. Bugünkü, məzənnə ilə 79.99 TL-ni Azərbaycan manatına çevirdikdə 37 manat 83 qəpik edir. Göründüyü kimi, bu şalvar Bakıda 3 dəfəyə qədər baha satılır.

Başqa bir müqayisəyə baxaq. “LC WAIKIKI” mağazalarında da 70 faizədək endirim olmasına baxmayaraq, Bakıdakı qiymətlər endirimlə Türkiyədən 10-30 manat arasında fərqlə baha satılır. “De Facto” mağazasında da 50 faiz endirim olmasına baxmayaraq qiymətlər baha idi. “D’s Damat”ın Türkiyədə 35 manata satılan köynəyi Bakıda 65 manatdır. Kostyumlar, paltolar və gödəkcələrdən hələ danışmırıq. Onların qiymətində isə 4 dəfəyə qədər fərq olduğunu deyə bilərik.

“Pink”də də qiymətlər arasında 3 dəfəyə qədər fərq hiss etdik. “Pink”də ən ucuz əlcək idi ki, onun da qiyməti 12 manat 90 qəpik idi. “Pink” çantası, pul kisələri isə əl yandırırdı. Aksesuarların ən ucuzu 7 manat idi.

Paytaxtın müxtəlif yerlərində olan Türkiyənin brend mağazalarda qiymətlərin bu qədər fərqli olmasının səbəbləri ilə maraqlandıq. Şəhərin mərkəzi küçəsində “Torqovı” adlanan ərazidə yerləşən türk brendlərinin satıldığı bir sıra mağazalar bunun səbəbini icarə haqqının yüksək olması ilə əlaqələndirirdi.

“Neftçilər” metrosu yaxınlığında, “Gənclik Mall” və “28 Mall” ticarət mərkəzlərində yerləşən mağazalar brend geyimlərin Türkiyə ilə müqayisədə dəfələrlə baha satılmasının səbəbini məzənnədə görürdülər. “Gənclik Mall”da yerləşən “De Facto”nun satıcısı malları dollarla aldıqları üçün baha satıldığını dedi: “Azad bazar dövründəyik. Ona görə də kiminsə qoyduğumuz qiymətə müdaxilə etməyə haqqı yoxdur. Bahadır, almasınlar. Məcbur satmırıq. Bizim bu malları Türkiyədən gətirməyimizin, gömrükdən keçməyimizin, yol xərclərini hesablasanız görərsiniz ki, biz haqlı olaraq bu qiymətə satırıq”.

Alıcılar arasında qiymətləri münasib görməyənlər də var, bunun əksini düşünənlər də...

Alıcı Murad Əliyev deyir ki, onun Türkiyəyə tez-tez getməyə vaxtı olmadığı üçün türk brendlərini Bakıdan almağa çalışır: “Düzdür, qiymətlərin üzərinə xeyli qoyurlar. Ancaq ən azından bilirəm ki, keyfiyyətli mal alıram və bunun həmin brendin saxtası olmadığına əminəm. Bu gün əksər mağazalarda Türkiyə brendi adı ilə saxta geyimlər satılır. Tutaq ki, hansısa kostyum Bakıdakı sexlərdən birində tikilir və üzərinə Türkiyənin etiketi vurulur, baha qiymətə satılır. Başı çıxmayan adam da elə bilir bu mal doğrudan da Türkiyə istehsalıdır. Ona görə də firmanın buradakı mağazalarından almaq daha güvənlidir”.
Maraqlıdır, nəyə görə Türkiyə brendləri Azərbaycanda cüzi fərqlə yox, dəfələrlə baha satılır? İqtisadçı ekspert Natiq Cəfərli bunun bir neçə problemdən qaynaqlandığını dedi: “Geyim sahəsi elə bir sahədir ki, burada inhisarçılıq yoxdur.

Satıcıya irad da bildirmək olmur ki, nəyə görə məhsulu baha qiymətə satırsınız. O özü bazarda alıcılıq qabiliyyətinə uyğun olaraq qiyməti müəyyən edir. Ona görə də burada irad bildiriləsi, dövlət tərəfindən hər hansı bir tənzimlənmə mümkün deyil, heç lazım da deyil. Sadəcə olaraq, Azərbaycanda bununla bağlı bir neçə problem var. Birinci problem odur ki, çox zaman türk şirkətlərinin Azərbaycanda, Bakıda açılan mağazaları rəsmi dilerlər deyil. Yəni rəsmi müqavilələrlə çalışmırlar. Sadəcə olaraq, həmin şirkətin rəsmi şəbəkəsindən deyil, onun adından zaman-zaman istifadə edərək mağaza açan şirkətlərdir.

Bu da ümumi həmin şirkətlər dünya üzrə endirim kampaniyaları apararkən, Azərbaycandakı mağazalar buna qoşulmaya bilər. Gömrük rüsumları da qiymətlərə çox ciddi təsir göstərir. Son iki ilə qədər geyim əşyaları gömrükdən keçərkən çox zaman çəki ilə hesablanırdı. İndi isə ayrı-ayrı mal növlərinin hamısının qiymətinin 18 faizi əlavə dəyər vergisinə cəlb olunur və 0 faizdən 15 faizə qədər də geyim məhsulları gömrük rüsumuna cəlb olunurlar. Bunları da üzərinə gələndə təbii ki, məhsulun qiymətində artım müşahidə olunur”.

N.Cəfərli burada devalvasiyanın da təsirinin böyük olduğunu dedi: “Azərbaycan manatı ilə bağlı gözləntilər də fərqli olduğundan satış zamanı həyata keçirilərkən yəni 1-2 ay ərzində manatın daha çox dəyərdən düşmə ehtimalı var. İş adamları məcburən o ehtimalı da qiymətin üzərinə qoyurlar. İş adamları dolları rəsmi məzənnədən 10 qəpik artıq aldıqlarına görə daha çox qiyməti qaldırmağa məcbur olurlar. Azərbaycanda yerli istehsal yoxdur. Yerli istehsal yoxdursa, bazarı qorumaq dərdimiz yoxdursa, nəyə görə xaricdə istehsal olunan məhsullara belə külli miqdarda vergi və gömrük rüsumu qoymalıyıq. Yəni bunu etməsək, qiymətlərin ən azından daha aşağı çəkilməsinə imkan yarana bilər. Amma bunu inzibati yolla, qadağalarla, dövlət orqanlarının müdaxilələri ilə etmək doğru və mümkün deyil”.

Bəs qiymətlərin dəfələrlə baha və fərqli satılması İstehlakçıların hüququnu pozurmu?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov biznes qurumların onlara yaradılan toxunulmazlıq şəraitindən sui-istifadə etdiyini dedi: “Azərbaycanda liberal bazardır. İstənilən qurum istənilən malı istənilən qiymətə sata bilər. Dövlət bu işlərə müdaxilə etməməlidir. Dövlətin vəzifəsi bolluq yaratmaq, rüsumları aşağı salmaq və bununla da qiymətin formalaşmasına təsir etməkdir. Əhali arasında səhv bir fikir var ki, məsələn, Fransada bir telefon tutaq ki, 100 manata satılır, Azərbaycanda isə onun eynisini 50 manata satırlar. Deyir ucuz olduğu üçün saxtadır. Ola bilər bir mal öz ölkəsində baha olsun, kənar ölkədə isə ucuz. Gömrük rüsumları elə ola bilər ki, həmin ölkəyə onu ucuz satmaq sərf edə bilər”.

Şərhlər

XƏBƏR LENTİ