SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Eldar Mahmudovun yağmaladığı “Karvansaray” “Gilan”a verildi

Eldar Mahmudovun yağmaladığı “Karvansaray” “Gilan”a verildi

Tarix:

22-11-2017, 15:25

/ 2 126 dəfə oxundu.
Eldar Mahmudovun yağmaladığı “Karvansaray” “Gilan”a verildi

Verilən məlumata görə, Lökbatan qəsəbəsində yerləşən yarmarka “Gilan”ın nəzarəti altında fəaliyyətini davam etdirəcək.
► Holdinqə “stavka”

Ticarət mərkəzinin holdinqin tərkibində işini davam etdirəcəyi haqda rəsmi açıqlama verilmir. Ancaq bazarın “Gilan”a həvalə olunduğu mötəbər mənbə tərəfindən bildirilir.
“Gilan Holdinq” 1987-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır. Amma şirkətin fəaliyyət istiqamətləri arasında ticarət məkanları olmamışdı.
Görünür ki, bu qərarla holdinqə ciddi şəkildə “stavka” olunub və bazarın işinin dirçəldilməsi öhdəliyi qoyulub.
Çünki istifadəyə verildiyi tarixdən ticarət mərkəzi ölü zolaqdan çıxa bilmir. Bunun bir sıra siyasi və iqtisadi motivləri var.

► Çovdarovun tələbi və…

Mediada gedən yazılarda vurğulanır ki, “Karvansaray” ticarət mərkəzi sahiblərindən 2012-ci ildə zor və işgəncələrdən sonra alınıb.
Ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlu istintaqa ifadəsində deyib ki, “Karvansaray” MMC-ni 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başlayıb.
Tikintiyə ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulub. 2012-ci ilin əvvəllərində keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov “Karvansaray” MMC-nin rəhbəri Nizami Quliyevdən eks-nazir Eldar Mahmudov üçün 20 mağaza istəyib.
Mağazaları vermək istəməyən sahibkarların qara günləri də elə bundan sonra başlayıb. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyinə sahibkarlardan MTN-ə şikayət yazdırıblar.
Bundan sonra hazırda Akif Çovdarovla müttəhimlər kürsüsünü bölüşən işçisi Səlim Məmmədov 2 ay ərzində ticarət mərkəzində yoxlama aparıb.
Sahibkarların podratçı şirkətə 4 milyon pul ödəməli olduğu haqda saxta sənəd hazırlayıb. Həmin borcu isə sonradan 40 mağaza ilə əvəzləşdiriblər.

► Hilal Əsədovun hüzurunda…

Sahibkarlar düşünüblər ki, bununla problemləri bitib və mərkəzin açılışına hazırlığa başlayıblar. Lakin yenidən ticarət mərkəzinin qapısında MTN-çilər peyda olublar.
Bu dəfə “Karvansaray” rəhbəri heç bir əsaslı səbəb olmadan MTN-ə, Akif Çovdarovun, ardından isə MTN-də nazir müavini olmuş Hilal Əsədovun hüzuruna aparılıb. Ondan ticarət mərkəzini təhvil verib kənarlaşması tələb edilib.
Sahibkarın istintaqa dediklərindən: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi.
8 aylıq dəhşətlərdən sonra ”Karvansaray” MMC-nin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçir.
Dedilər ki, Dilrübə İmranova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib-getmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb ora Natiq Hümbətovu qoydular.
Dedilər ki, Natiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. Tutub bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar”.

► Dilrübə İmranova kimdir?

D.İmranovanın hazırda harada olduğu və bazara necə təhvil verdiyi haqda müfəssəl bilgilər verilmir.
İstintaqa danışa E.Kərəm oğlu deyib ki, günlərin birində “Karvansaray” sahibini otaqlardan birinə salıb kondisioneri maksimal istilik rejiminə keçiriblər. Qapını çöldən bağlayıb yaşlı adamı içəridə qoymuşdular.
8 aylıq dəhşətlərdən sonra “Karvansaray” MMC-nin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçirilib.
“Karvansaray”ın tikintisi aparılan zamanlarda ticarət mərkəzinin ölkənin 3 ən böyük alış-veriş mərkəzindən birinə çevriləcəyi haqda söhbətlər dolaşırdı.
Lakin 2012-ci ildə mətbuatda digər 2 ticarət mərkəzinin sahibləri Kəbirə Məmmədova və Yusif Qədimovla yanaşı, Nizami Quliyevin də iflas həddinə çatması haqda məlumatlar yayılmağa başladı.
Həmin vaxt bunun səbəbi açıqlanmasa da, həqiqət üzə çıxıb və “Karvansaray”ın iflas etməsinin səbəbi ortalıqdadır. İndisə “Gilan”ın kurasiyasında bazarın necə işləyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, holdinqin qeyri-rəsmi rəhbərinin fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğu deyilir.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ