SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şorsu bələdiyyəsinin sabiq katibi hazırkı sədri ifşa etdi

Şorsu bələdiyyəsinin sabiq katibi hazırkı sədri ifşa etdi

Tarix:

20-11-2017, 14:08

/ 1 915 dəfə oxundu.
Şorsu bələdiyyəsinin sabiq katibi hazırkı sədri ifşa etdi

Korrupsiya ittihamları Aydın Səfərov Samir Hacəliyevdən prokurorluq orqanlarına şikayət edib, lakin onun səsini eşidən yoxdur
“Şapka”nın içindən Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadənin adı çıxdı
Samir Hacəliyevin bələdiyyədə mühasib işləyən əmisi mətbuatda gedən yazılardan sonra müəmmalı şəkildə vəfat edib
Samir Hacəliyevin əmisi və bələdiyyənin mühasibi Ölkə mətbuatında Şəki Şorsu Bələdiyyəsinin sədri Samir Ramis oğlu Hacəliyev barədə bir sıra yazılar dərc olunub.
Xatırladaq ki, həmin yazılarda bələdiyyə sədri S.Hacəliyevdən narazı olan şikayətçi Naibə Səfərovanın problemi dərc olunmuşdu.
Yazıların birində qeyd olunur ki, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasovun bildirdiyinə görə N.Səfərova illərlə Şorsu bələdiyyəsi ərazisində 10 hektar torpağı icarə əsasında əkib-biçib, bütün qanunlar çərçivəsində kiçik sahibkar kimi fəaliyyət göstərib: “Lakin son aylarda bələdiyyə sədri S.Hacəliyev vətəndaşın ərazidə işlərinə əngəl törədib, yəni ki, müqaviləni yeniləmək barədə onun müraciətinə bildirib ki: “Get arxayın həmişəki kimi torpağını şumla- toxumunu səp, müqavilədən heç də narahat olma, bağlayarıq”.
N.Səfərova da olan-olmazını verib taxıla, toxuma və texnikaya. Sahəni şumlatdırıb da, malalatdırıb da. Toxumu səpmək istəyəndə isə bələdiyyə sədri qəflətən peyda olub və toxumu səpməyə imkan verməyib ki, bəs bilirsinizmi, sizin torpaq sahəsi hərraca satışa çıxarılır. Hərrac isə o torpağa iddiası olan vətəndaşın iştirakı olmadan keçirilib. O kəndə heç bir aidiyyəti olmayan Ağcabədi rayon sakininə cüzi qiymətə “hərrac yolu ilə satılıb”.
Digər tərəfdən isə, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri kobud surətdə pozulub, habelə, “razılaşdırılmış” iki nəfərdən başqa heç kimə o hərracda iştiraka imkan yaradılmayıb. İcarədar olan Səfərovlar ailəsindən isə ümumiyyətlə hərrac keçirilən günü-saatı gizlədiblər.
Açıq-aydın görünür ki, hərracın sifarişçisi S.Hacəliyev “müştəri” ilə razılaşaraq, formal hərracda torpaq sahəsinin taleyini öz istədiyi kimi müəyyən edib. İllərlə o torpaq sahəsini əkib-biçən, abadlaşdıran, vergi ödəyən şəxslər isə qalıblar kənarda” Həmçinin, N.Səfərovanın oğlu Amil Səfərovun da sözləri yazıda verilmiş, daha sonra Hərrac üzrə Regional Komissiyanın sədri Bağır Məsimov və Şorsu Bələdiyyəsinin sədri S.Hacəliyevdən açıqlama alınaraq, onların mövqeyi dərc olunmuşdu.
Bu günlərdə biz Şorsu Bələdiyyəsinin sabiq katibi Aydın Səfərovla əlaqə saxladıq. O bildirdi ki, Samir Hacəliyevin atası Ramis Hacəliyev bələdiyyə 2008-ci ildə bələdiyyə sədri olandan sonra, onun əməllərilə barışmayaraq uzaqlaşıb. “O vaxt özbaşınalıqları görüb etiraz edirdim, sonra isə aramızda münaqişə dərinləşdi. Mən uzaqlaşmağa qərar verdim. O vaxtdan Ramis Hacəliyev və onun yerinə keçən Samir Hacəliyev dəfələrlə çalışırdılar ki, torpağımı əlimdən alsınlar. Subsidiya yazılanda da, mənim üçün 10 hektara subsidiya yazıb 5 hektarın pulunu verirdilər. Bunu şəxsən Samir Hacəliyev edib. O, təkcə mənim yox, bir çox Şorsu sakininin narazılığına səbəb olan hərəkətlərə yol verir. Bir dəfə də torpaq sahəmi bir Gürcüstan vətəndaşına satmağa çalışmışdı”, – deyə A.Səfərov bildirdi.
Onun sözlərinə görə, bələdiyyə sədri keçən ildən bəri ona səpin etməyə icazə vermirdi ki, “səndə icarə ilə olan torpaq sahəsi hərraca çıxarılacaq, sən də gəlib qatılarsan və rəsmi şəkildə torpağı alarsan”. Vətəndaş vurğulayıb ki, Samir Hacəliyev onunla icarə müqaviləsi bağlandığı halda, əkin etməsinə heç bir vəchlə imkan verməyib. “Lakin bu ilin yay aylarından etibarən, Samir Hacəliyev məndan xəbərsiz torpaq sahəmə traktor göndərib. Hətta qonşuluqda olan kənd icra nümayəndəsi Mustafa Əliyevin də torpaq sahəsinə ondan xəbərsiz traktor göndərmişdi. Biz buna mane olduq. Samir Hacəliyev mənə dedi ki, bu, DTX-nin Şəki şəhər şöbəsi Şahniyar müəllimin göstərişidir. Mən onun yanına getmək istədim, lakin heç bir nəticə olmadı… Bu ilin oktyabrında Şəki Hərrac komissiyasının sədri Bağır Mənsimov və Samir Hacəliyev əlbir olaraq, mənim hərracda iştirak etmək haqqında ərizəmi “itirdilər”, üzümə durdular ki, sən ərizə verməmisən. Beləcə, mənim torpaq sahəm başqasına satıldı. Orda iştirak edib guya uduzan gəncdən soruşdum ki, ay bala, o torpaq hardadır, bilirsənmi? Qayıtdı ki, vallah, dayı məni dayım məcbur edib göndərib”, – deyə A.Səfərov vurğuladı.
Şikayətçi qeyd edib ki, komissiya sədri Bağı Mənsimov ona hərracdan əvvəl geri çəkilməyi təklif edib: “Mənə dedi ki, bu işdən geri çəkil, sənin də hörmətini edəcəklər. Mən imtina etdim”. O əlavə etdi ki, məsələ ilə bağlı prokurorluq orqanlarına da şikayət edib. “Lakin mənim şikayətimə baxılmır. Şəki Rayon prokurorluğuna gedib-gəlirəm, heç bir nəticə yoxdur. Ortada bu qədər korrupsiya faktı var, lakin bizim səsimiz eşidilmir”, – deyə Şorsu sakini əlavə edib.
Aydın Səfərovun sözlərinə görə, Şəki rayon prokurorunun köməkçisi Tural Yaqubov bildirib ki, işdə cinayət tərkibi yoxdur. “Mən dedim ki, 2014-2015-ci ildə sənədləri dəyişdiriblər, mənim müqaviləmə arpa yazdırıb, buğdanın pulunu alıblar. O isə bunda cinayət tərkibi olmadığını bildirdi, amma mənə heç bir rəsmi qərar və ya məktub təqdim etmədi. Prokurorluq mənim ərizəmə baxmağı rədd edirsə, o qurumun rəsmi cavabı olmalıdır”, – deyə şikayətçi vurğulayıb.
Aydın Səfərovun sözlərinə bu günlərdə Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadənin adından məktub gəlib ki, şikayəti araşdırılmaq üçün Şəki Regional Mərkəzinə göndərilib. “Lakin bu adı görəndə mən diksindim. Bizim torpağı qanunsuz hərracla alan Mehman Bəşirov o ərəfədə evimə gələrək demişdi ki, mənim arxamda Zahir Əlizadə durur, heç bir şey edə bilməyəcəksən. O zaman bu şəxsin kim olduğuyla maraqlanmamışdım, soruşmamışdım da. İndi məlum oldu ki, Zahir Əlizadə kimdir və nəyə görə, mən öz tapdanan haqqımı bərpa edə bilmirəm”, – deyə vətəndaş əlavə etdi.
Qeyd edək ki, bu günlərdə əldə etdiyimiz məlumata görə, mətbuatda yazılan yazılardan sonra, Samir Hacəliyevin bələdiyyədə mühasib işləyən əmisi İmran Hacəliyev müəmmalı şəkildə vəfat edib. Onun hansı səbəblərdən vəfat etməsi bizdə suallar doğurdu.
Biz adıkeçən şəxslərin münasibətini öyrənməyə çalışdıq, lakin təəssüf ki, zənglərimiz cavabsız qaldı.
Bu günlərdə bizi hüquq mühafizə orqanlarıyla qorxutmağa çalışan Samir Hacəliyev bu dəfə danışmaq istəmədi.

QAFQAZXEBER.AZ

Şərhlər

XƏBƏR LENTİ