SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Bundan o yana güzəşt mümkün deyil” - ekspertlərdən müharibə xəbərdarlığı

“Bundan o yana güzəşt mümkün deyil” - ekspertlərdən müharibə xəbərdarlığı

Tarix:

19-10-2017, 09:07

/ 40 878 dəfə oxundu.
“Bundan o yana güzəşt mümkün deyil” - ekspertlərdən müharibə xəbərdarlığı

“Ermənistan prezidenti Serj Sərkisyan məsuliyyətsiz şəkildə Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatın çərçivəsindən kənara çıxıb”. "Trend"in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir xatırladıb ki, bu, prezidentlərin birgə bəyanatı olub: “Serj Sərkisyanın məsuliyyətsiz şəkildə bu bəyanatın çərçivəsindən kənara çıxması düzgün deyil”. O qeyd edib ki, münaqişənin nizamlanması üzrə danışıqlar substantiv olmalıdır: “ATƏT-in Minsk Qrupunun həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var. Əsas odur ki, konkret danışıqlar aparılsın”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra yayılmış birgə bəyanatda danışıqların davam etdirilməsi və gərginliyin azaldılmasına yönələn addımlardan imtina barədə razılığa gəlindiyi vurğulanırdı. Lakin görüş başa çatandan az sonra Serj Sərkisyan Cenevrədə, erməni icmasının nümayəndələri ilə görüşdə öz ampluasına qayıdaraq danışıqların mənasının olmadığı görüntüsünü yaratdı. Sitat: “İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycanın hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz”.

Erməni prezidentin bu cığallığından sonra işğal altındakı ərazilərimizdə Ermənistan ordusunun növbəti təlim xarakterli tədbirlər keçirməsi növbəti təxribatçı hərəkətdir və sülh danışıqlarını sual altında qoyan addımdır.

Politoloq Elçin Mirzəbəyliyə görə, Sərkisyanın erməni diasporunun nümayəndələri ilə görüşdə verdiyi bəyanatlar cəbhə xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdiriləcəyinə əsas verir: “Sərkisyanın hərbi ritorika və təhdidlə müşayiət olunan bəyanatları və bunun ardınca təmas xəttində gərginliyin artması sübuta yetirir ki, Ermənistan hakimiyyəti bundan sonra da verdiyi heç bir vədə sadiq qalmayacaq və bu ölkə ilə danışmağın yalnız bir yolu var. Biz indi elə bir dünyada yaşayırıq ki, indi dövlətlərin ərazi bütövlüyünə verilən beynəlxalq təminatlara, dünyanın aparıcı dövlətlərinin yazılı zəmanətlərinə belə etibar etmək mümkün deyil. Ukraynanın nüvə silahından imtina etməsinin qarşılığında bu ölkənin ərazi bütövlüyünə verilən təminata necə əməl edildiyini gördük. Zəmanətçi dövlətlərdən biri Ukrayna ərazisinin bir hissəsini ilhaq etdi, digər iki dövlət isə seyrçi qaldılar və bəyanat verməklə kifayətləndilər. Dünyada mövcud olan bu reallıqlar ayrı-ayrı və hətta bir-biri ilə ziddiyyətli münasibətləri olan regional güclərin vahid mövqedən çıxış etməsinə zəmin yaradır”.

Bu baxımdan politoloq hesab edir ki, Minsk Qrupuna alternativ format yaradılmasının, müzakirələri həm də regional müstəviyə çəkməyin zamanı çoxdan çatıb: “Təbii ki, bu, kifayət qədər mürəkkəb məsələdir. Amma İraqla bağlı məsələdə Türkiyə, İran və İraqın vahid mövqedən çıxış edəcəyini də kimsə gözləmirdi. Ermənistanla bağlı məsələdə region dövlətlərinin tam və açıq dəstəyinə nail olmaq lazımdır. Çalışmaq lazımdır ki, region dövlətləri, xüsusilə də İran və Türkiyə Ermənistanla açıq və gizli bütün əlaqələrini kəssinlər. Bu ölkələrin hava sərhədləri Ermənistanın üzünə bağlansın. Gürcüstanın da bu prosesdə iştirakına cəhd göstərmək olar. Ermənistanın bütün nəfəs yollarını kəsmək lazımdır. Regiondakı bütün dövlətlər əmin olmalıdır ki, Azərbaycan dövləti və xalqı müqəddəs savaşa, ölüm-dirim mücadiləsinə hazırlaşır və heç bir qüvvə bizi bu yoldan çəkindirə bilməyəcək”.
Politoloq Şahin Cəfərli isə “Yeni Müsavat”a dedi ki, prezidentlərin Cenevrə görüşünün hansısa real nəticələrə səbəb olacağı və orada ciddi razılaşmaların əldə ediləcəyi gözlənilmirdi: “Çünki konkret nəticə əldə etmək üçün görüşdən əvvəl böyük hazırlıq prosesi aparılmalı, ekspertlər və xarici işlər nazirləri səviyyəsində intensiv görüşlər keçirilməlidir. Yəni dövlət başçılarının görüşündə imzalanmaq, yaxud təsdiqlənmək üçün qabaqcadan müəyyən sənəd razılaşdırılaraq hazırlanmalı və prezidentlərə təqdim olunmalıdır. Biz Cenevrə görüşündən əvvəl belə bir intensivlik müşahidə etmədik. Ona görə də hər iki tərəfdən həll prosesini izləyən müşahidəçilərdə, ekspertlərdə xüsusi gözlənti yox idi. Həmsədrlərin görüşün yekunları ilə bağlı bəyanatından da görünür ki, ortada real nəticə yoxdur. Bəyanatda deyilir ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Bu məqam yenilik deyil. Bundan öncəki Vyana və Sankt-Peterburq görüşlərində də eyni məsələ diqqət mərkəzində olub. Yəni söhbət təmas xəttində gərginliyin azaldılması üçün xüsusi mexanizmin qurulmasından gedir. Bu haqda dəfələrlə danışmışıq, ona görə üzərində geniş dayanmağa ehtiyac yoxdur. Sadəcə, qısaca bir daha qeyd etmək zəruridir ki, təmas xəttindəki problem, lokal atəşkəs pozuntuları və təxribatlar hazırda Azərbaycan üçün prioritet məsələ deyil”.

Ş.Cəfərli qeyd etdi ki, Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqların başlanmasına tərəfdardır: “Bu mövqe ötən ilin aprelindən bəri sürəkli olaraq rəsmi Bakı tərəfindən təkrarlanır. Söhbət ondan gedir ki, təmas xəttindəki gərginlik göydən düşməyib, bu, münaqişənin birbaşa nəticəsidir. Deməli, təmas xəttindəki problemin həlli elə münaqişənin özünün həllindən keçir. Elə ona görə də münaqişənin həlli üzrə real müzakirə mərhələsinə başlanılmalıdır. Ayrıca təmas xətti məsələsini götürüb müzakirə etmək və Azərbaycanı insidentlərin qarşısının alınması mexanizmi yaradılmasına məcbur etmək həm faydasızdır, həm də nizamlanma prosesini yenidən uzatmaq deməkdir. Həmsədrlərin bəyanatı bir daha göstərir ki, tərəflər hələ də substantiv danışıqlar mərhələsinə gəlib çatmayıblar. Hesab edirəm ki, vasitəçi dövlətlər gerçəkdən də münaqişənin həllini istəyirsə, onda təmas xəttindəki problemi qabartmaqdan vaz keçməlidirlər. Qarşı tərəfin - Serj Sərkisyanın açıqlamaları isə ümumiyyətlə, hazırkı şəraitdə problemin sülh yolu ilə həllinin qeyri-mümkün olduğunu ortaya qoyur. Sərkisyan bildirib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasından söhbət gedə bilməz. Bu cür mövqe ilə hansı həldən danışmaq olar? Erməni tərəfi bu mövqedə israr edəcəksə, bütün görüş və danışıqlar nəticəsiz bitməyə məhkumdur. Çünki Azərbaycan bu şərti qəbul edə bilməz”.

Politoloq qeyd etdi ki, Azərbaycanın güzəşt limiti məlumdur, bu da Dağlıq Qarabağa ölkə tərkibində yüksək özünüidarə statusu verilməkdən ibarətdir: “Bundan o yana güzəşt mümkün deyil. Digər tərəfdən, əsas həmsədr ölkə olan Rusiyanın qeyri-konstruktiv rolunu da qeyd etmək lazımdır. Ermənistana silah almaq üçün ötən il verilən 200 milyon dollar güzəştli kredit bəs etmirmiş kimi, yenidən 100 milyon dolların ayrılması işğalçını cəsarətləndirmək deməkdir. Belə bir vəziyyətdə işğalçının güzəştlərə gedəcəyini və konstruktiv mövqe tutacağını gözləmək sadəlövhlük olardı”.

Beləcə, Ermənistan prezidentinin məsuliyyətsizliyi bölgədə yeni gərginliyə səbəb ola bilər. Bu barədə BMT tribunasından son çıxışında Azərbaycan prezidenti də xəbərdarlıq etmişdi. Görünür, baş verənlər Sərkisyana dərs olmayıb...

Şərhlər

XƏBƏR LENTİ