SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Göygöl rayon icra Hakimiyyəti bunlara ekskavator verib ki, gedin evi sökün" -VİDEO

"Göygöl rayon icra Hakimiyyəti bunlara ekskavator verib ki, gedin evi sökün" -VİDEO

Tarix:

25-09-2017, 12:22

/ 39 271 dəfə oxundu.
"Göygöl rayon icra Hakimiyyəti bunlara ekskavator verib ki, gedin evi sökün" -VİDEO

2017-ci ilin aprel ayında Kəlbəcərdən olan məcburi köçkün Akif İsgəndərovun Göygöl rayonu Xanlar qəsəbəsindən sənədlə aldığı torpaqda tikdiyi evin icra başçısıyla bələdiyyə arasında yaranan problemə görə sökülmək təhlükəsilə üzləşdiyi barədə xəbər vermişdik.Məsələ mətbuatda işıqlandırıldıqdan sonra qarşı tərəf geri çəkilmiş, İsgəndərovlar da çətinliyin arxada qaldığını düşünərək, sakit yaşamağa başlamışdı.
Amma görünən odur ki, “gedin Ermənistandan Kəlbəcəri istəyin, qoy sizə ev versin” deyən İcra Hakimiyyəti rəsmiləri evi sökməkdə qərarlıdırlar.
Belə olmasaydı, sentyabrın 18-də İsgəndərovlar evin kiçik oğlunun ad gününü qeyd edərkən qapını kəsdirməzdilər. Evdə qonaqlar ola-ola elektrik, qaz təchizatının dayandırılması qərarını verməzdilər.
Əlacsız qalan məcburi köçkün yenidən Modern.az-la əlaqə saxlayıb.
“İcra Hakimiyyəti bunlara ekskavator verib ki, gedin evi sökün. Kənd tikilə-tikilə gedir. Ən axırıncı ev mənimdir. Nə qaz, nə də elektrik xəttinə maneçiliyi var. İndicə qazı da, işığı da kəsdilər. Məcburi köçkünlərə dövlət ev verir. Mən əkinə yararsız torpaqda, gedib Rusiyanın 50 dərəcə şaxtalı yerlərində fəhlə işləyib pul qazanıb gətirmişəm, öz vəsaitim hesabına ev tikmişəm, indi deyirlər sökəcəklər.
Başçı ilə mənə torpaq satan bələdiyyə arasında pul davası gedir, ortada ziyan mənə dəyir. 12 ildir bu başçı rayonu yeyib-dağıdır. Məndən başqa heç kimə dəymir. Özüm qaz, işıq xətti çəkmişəm. Torpaq satan buna pul verməyib, nədir, bilmirəm. Onaların ədavətinin qurbanı mən niyə olmalıyam?!”.
A.İsgəndərov deyir ki, ondan rüşvət də istəmirlər: “Qorxurlar, rüşvət istəmilər. Deyirlər “məhkəmənin qərarı var”. Əgər bütün evləri söksələr, mən özüm elə evimi söküb yerə qoyaram. Mənim tək istəyim cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın qəbuluna düşməkdir. Başqa istəyim yoxdur. Mən 100 min manat xərcləmişəm bu evin tikintisinə. Bəs, mən yazıq deyiləm?”.
Şikayətçi bildirib ki, evi indiyə qədər sökmədiyinə görə İcra Hakimiyyəti onu məhkəməyə verib:
“Göygöl məhkəməsinin qərarı ilə məni 500 manat cərimələdilər. Yəni niyə söküntünü gecikdirmisən deyə. Bütün dərdimi hakimə də danışdım. Axı Prezidentin göstərişi var ki, məcburi köçkünlər evlə təmin olunsun. Mən min bir əziyyətlə öz vəsaitim hesabına ev tikmişəm, deyirlər “sök”.
Ümidim yalnız cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevayadır”.
Qeyd edək ki, Kəlbəcər rayonundan olan məcburi köçkünün məktəbyaşlı uşaqları dərsə şam işığında hazırlaşırlar. Onlar da bu problemdən ailələrinin çıxması üçün ölkə rəhbərliyinə müraciət ediblər.

Şərhlər

XƏBƏR LENTİ