SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Astarada BÖYÜK YEYİNTİ - İTTİHAM

Astarada BÖYÜK YEYİNTİ - İTTİHAM

Tarix:

23-09-2017, 09:55

/ 85 467 dəfə oxundu.
Astarada BÖYÜK YEYİNTİ - İTTİHAM

«O vaxt pul ayrıldı, ancaq təmir işləri aparılmadı, pullar mənimsənildi, işlər böyrü üstə qaldı. Yolların yalnız cüzi hissəsi alababat təmir olundu. Bu günlərdə İlham Əliyev yenə əlavə pul ayırıb. Asfaltı necə gəldi döşəyirlər. Bərkitmə işləri aparılmır. Aidiyyəti qurumlara da şikayət eləmişik. Bunlarınkı yol düzəltmək deyil, israfçılıq və pul qatlayıb cibə yığmaqdır».
Astaranın Motlayataq kənd sakinləri deyir, 2015-ci ilin aprelində prezident İlham Əliyev rayonun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulmasına 5 milyon 500 min manat ayırıb. 12 min nəfərin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən yolların təmiri xəbəri kəndliləri sevindirib. Ancaq bu sevincin ömrü qısa olub.
Kənd sakini Azər Səmədovun sözlərinə görə, sərəncamdan bir müddət sonra sakinlər yollarda iş aparılmadığını görərək aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsiz qalıb. Həmin vaxt qeyd olunan yaşayış məntəqələrindən AzadlıqRadiosuna da şikayətlər daxil olmuşdu və işıqlandırılmışdı. Bu barədə müraciət edən kənd sakinləri sərəncamdan xeyli müddət keçməsinə baxmayaraq, yolların hələ də əvvəlki kimi qalmasından gileylənirdilər.
Sakinlər bildirirlər ki, hazırda yolların bir hissəsinə asfalt və texnika tökülüb, işlərsə olduqca səliqəsiz aparılır. Toradi kəndinin sakini Arif Umudov: «Şəxsən özüm gedib işlərlə maraqlanıram, bunların torpağın üstünə tökdükləri asfaltın ömrü heç bir ay çəkməyəcək. Bu yollardan ağır tonnajlı maşınlar keçir. Torpağın üstünə tökdükləri soğan qabığı nazikliyində asfalt nəinki o boyda maşınlara, heç yüngül maşınlara davam gətirməyəcək. Ötən dəfə də, bu dəfə də prezident kifayət qədər pul ayırıb ki, keyfiyyətli yol qurulsun. Ancaq gəlin, gördükləri işlə tanış olun».
Sakinlər hesab edirlər ki, 26 kilometrlik avtomobil yolunun yenidən qurulmasına iki il ərzində dövlət büdcəsindən ümumilikdə 14 milyon manat ayrılması yeyintidən xəbər verir.
Taxtanəkəran kənd sakini Əvəz Əvəzov: «26 kilometrlik yol nədir ki... O məbləğin yarısının yarısı da bu işləri görməyə kifayət edirdi. Üstəlik də, bu qədər pula ortada heç nə yoxdur. Əvvəl hesabat versinlər görək, 5 milyon 500 min manata neyləmişdilər ki, üstəlik 8 milyon 500 min də üstünə gəldi?.. Bir sözlə, məmurlar milyonları asfaltla «dəfn edirlər»».

Sakinlər görülən işlər barədə onlara hesabat verilməsini istəyirlər.

Şərhlər

XƏBƏR LENTİ