SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İki stulda “oturan” Sərkisyanın tək cəzası – “Qarabağı ABŞ qaytara bilər”

İki stulda “oturan” Sərkisyanın tək cəzası – “Qarabağı ABŞ qaytara bilər”

Tarix:

23-09-2017, 09:51

/ 85 598 dəfə oxundu.
İki stulda “oturan” Sərkisyanın tək cəzası – “Qarabağı ABŞ qaytara bilər”

BMT tribunasındakı son təxribatçı çıxışı ilə Ermənistan prezidenti Serj Sərkisyan bir daha Qarabağ məsələsində İrəvanın konstruktivlikdən uzaq olduğunu nümayiş etdirdi. Cırtdan ölkənin başçısı hətta özündə cəsarət taparaq Türkiyə ilə şərt dilində danışmağa cürət elədi. Dedi ki, sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokolları 2018-ci ilin aprelinədək Türkiyə tərəfindən ratifikasiya edilməsə, onlar ləğv olunacaq. Guya bu protokollar izolyasiyadan əziyyət çəkən Ermənistandan çox, Ankaraya gərək imiş.
Sərkisyanın belə həyasız, bir az da arxayın ritorikası böyük ehtimalla, son vaxtlar Ermənistanın iki stulda “oturmaq” istəyi ilə birbaşa bağlıdır. Söhbət İrəvanın Qərbə və onun aparıcı qurumları olan Avropa Birliyi (AB), NATO ilə gizli yaxınlaşma cəhdlərindən gedir. Təxminın bir ay sonra - noyabrda isə Ermənistan AB ilə çərçivə sazişi imzalamağa hazırlaşır. Halbuki, analoji sənədi heç Azərbaycanın özü hələ imzalamayıb və ilin sonunadək imzalanması gözlənilmir. İrəvan isə belə görünür ki, tələsir. Görəsən hara və niyə?

*****

Rəsmi İrəvanı Qərbdə tez-tələsik arxa-dayaq axtarmağa vadar edən səbəblərdən biri yəqin ki, son zamanlar Rusiya ilə Türkiyə arasında əlaqələrin, xüsusən də hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişafda olmasıdır. Məlumdur ki, Ankara və Moskva S 400 raketdən müdafiə sistemləri ilə bağlı artıq rəsmi anlaşma imzalayıb. Bu isə iki regional supergüc arasında daha da yaxınlaşma deməkdir. Ermənistan narahatdır ki, həm də Azərbaycana silah-sursat satan Moskvanın üstəlik, Ankara ilə sürətlə yaxınlaşması Qarabağ məsələsində onun mövqeyinin zəifləməsinə və ya qulaqardı edilməsinə gətirər.
Yeri gəlmişkən, sentyabrın 28-də - gələn həftə Türkiyə və Rusiya liderləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin növbəti dəfə bir araya gələcəklər. Gündəlik hələlik tam bəlli olmasa da, müzakirə mövzuları sırasında ən azından Suriya (Yaxın Şərq), terrorla mübarizə, kürd referendumu məsələlərinin olacağı gözlənilir.
İki prezident yəqin ki, Güney Qafqazdakı durumu da diqqət mərkəzinə gətirəcək. Çünki potensial müharibə ocaqlarından biri Cənubi Qafqaz, Dağlıq Qarabağ konflikti zonasıdır. Yeni Qarabağ müharibəsi isə özündə Türkiyə və Rusiyanı üz-üzə gətirəcək riski daşıyır. Bu da nə qardaş ölkənin, nə də rəsmi Kremlin yaxın və orta perspektiv maraqlarına cavab verir. Hazırda daha ağır sanksiyalarla üzləşmiş Rusiyadan ötrü Türkiyənin önəmi artır ki, azalmır. Bu günlərdə Akkuyu AES-in tikintisi ilə bağlı tərəflər arasında yeni, 20 milyard dollarlıq anlaşmanın əldə olunması qarşılıqlı ehtiyacı və asılılığı daha da artıracaq.

*****

Münasibətlərin dinamik inkişafda olduğu dönəmdə Qarabağ ixtilafının qızışması isə tərəfləri qəliz seçim qarşısında qoya bilər. Bu üzdən iki prezidentin Dağlıq Qarabağ məsələsi ətrafında hansısa ortaq mövqeyə gəlməyə çalışması istisna edilmir. Ankaranın mövqeyi bəllidir və bunu prezident Ərdoğan BMT Baş Məclisinin son toplantısında bir daha dilə gətirdi. Türkiyə lideri Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpasının Cənubi Qafqazda sülhün əldə olunması üçün əsas şərt olduğunu söylədi.
Sözsüz ki, bu ilk növbədə Rusiyanın forpostu Ermənistana mesajdır. Eyni zamanda onun mesajıdır ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünün zorla dəyişdirilməsi ilə heç vaxt barışmayacaq. Deməli, mesaj incə şəkildə Ermənistanın əsas havadarı Rusiyaya da ünvanlanıb. Diqqətçəkicidir ki, Ərdoğanın həm BMT-dəki məlum çıxışı, həm də V.Putinlə qarşıdakı görüşü zamanı Azərbaycan-Türkiyə ortaq təlimləri davam edəcək (Sentyabrın 28-də bitəcək). Qardaş ölkənin və başçısının Azərbaycanla bağlı bu son mövqeyi, İrəvan və Moskvaya Qarabağ ismarışları sözsüz ki, məmnunluq yaradır.

*****

“Türkiyə Qafqaz ölkələri ərazisində olan problemlərin aradan qaldırılması haqqında fikir söyləməklə bu proseslərdə çox fəal iştirak edəcəyini ortaya qoyur”. Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Ərdoğan çıxışında həm Azərbaycanın, həm də Gürcüstanın mənafeyini nəzərə alıb.
“BMT Baş Məclisində əsas müzakirə mövzuları ölkələrin suverenliyinin və ərazi bütövlüyünün qorunması olub. Bu məsələlərin həlli ilə bağlı problemlər demək olar ki, bütün iştirakçı ölkələrin rəhbərlərinin çıxışlarında yer alıb. Onlardan ABŞ Prezidenti Donald Trampın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Həm Tramp, həm də Ərdoğanın çıxışında Qarabağ probleminin həlli üçün müsbət məqamlar çoxdur”.
Politoloq Türkiyə prezidentinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemi dəfələrlə gündəmə gətirdiyini yada salın: “Hazırda Türkiyənin Azərbaycanla əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Heç təsadüfi deyil ki, Türkiyə və Azərbaycanın hərbi hava qüvvələrinin iştirakı ilə ”TurAz Qartalı - 2017" birgə taktiki təlimlər keçirilir. Bu da Türkiyənin Azərbaycanla strateji tərəfdaş olduğunu göstərir. Türkiyənin Azərbaycanla yaxınlığı Cənubi Qafqazda baş verən hadisələrin daha da dərinləşəcəyini göstərir. Onsuz da Türkiyənin bölgədəki nüfuzu göz önündədir. Son günlər Ermənistan prezidenti Türkiyəyə qarşı hədələyici çıxışlar edir. Bu, onu göstərir ki, Ermənistan Türkiyənin bölgədəki nüfuzundan narahatlıq hissi keçirir. O cümlədən bölgədə Türkiyə amilinin güclənməsini istənməyən qüvvələr az deyil. Amma Gürcüstan və Azərbaycanla Türkiyənin inkişaf edən əlaqələri onun Cənubi Qafqazda möhkəmlənəcəyini göstərir. Artıq bölgədə və beynəlxalq aləmdə Türkiyə, Gürcüstan və Azərbaycan üçlüyü yeni layihələrlə çıxış edir. Bu günədək bu 3 ölkənin xarici işlər nazirləri tez-tez görüşüblər. Həm də nəzərə alaq ki, bölgədəki böyük layihələrin çoxu məhz bu 3 ölkənin ərazisindən keçməklə və bu ölkələrin iştirakı ilə həyata keçirilir. Yaxın 2-3 ay ərzində bu üçlü ittifaqın daha da möhkəmlənməsi proqnozlaşdırılır".

*****

Tanınmış rusiyalı tarixçi-analitik və politoloq Oleq Kuznetsov isə hesab edir ki, beynəlxalq birlik əslində BMT timsalında İrəvanı qətnamələri yerinə yetirməyə məcbur eləmək gücündədir. Musavat.com-un “Vestnik kavkaza” nəşrinə istinadən verdiyi məlumata görə, politoloq deyib ki, ortada iradə olarsa, Ermənistan da qətnamələri yerinə yetirməyə məcbur edilə bilər: “Sual ortaya çıxır ki, bəs, İrəvan üçün patron-ölkə qismində kim çıxış edəcək?”
Rusiyalı analitikə görə, yaxın zamanlara kimi belə bir ölkə qismində Rusiya çıxış edib: “Ancaq Moskva Ermənistanı qətnamələri yerinə yetirməyə tələsdirmədi. İndi isə biz görürük ki, İrəvan Avroatlantik oriyentasiyaya doğru de-marş eləməyə çalışır, sözdə deyil, məhz işdə Rusiyanın ondan ötrü artıq patron-ölkə olmadığını göstərməyə çalışır. Əgər nəzərə alsaq ki, Ermənistan ərazisində sayca dünyada ikinci olan 1500 nəfərlik ABŞ səfirliyi yerləşir (bundan böyüyü Bağdadadır), o zaman söyləmək olar ki, Rusiya yalnız üzdə Ermənistanın arxası sayılır, İrəvan hakimiyyətinə əsas təzir rıçaqları isə ABŞ-ın əlindədir. Lakin ABŞ və Rusiya indi qarşıdurma vəziyyətindədir və onlardan heç biri Ermənistanı qətnamələri yerinə yetirməyə vadar eləmək üçün digərinə kompromisə getməyəcək”.
Demək, qalır üçüncü yol: Azərbaycan Ordusunun güc yolu ilə torpaqları azad eləməsi. İrəvanın bir əndişəsi də Türkiyə-Rusiya yaxınlaşması fonunda belə bir variantın reallaşma ehtimalının günbəgün artmasıdır.

Şərhlər

XƏBƏR LENTİ