SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » "Elçibəyin dişini düzəltdim, sonra da hamamında çimdim" - Stomotoloq

"Elçibəyin dişini düzəltdim, sonra da hamamında çimdim" - Stomotoloq

Tarix:

21-09-2017, 15:50

/ 109 737 dəfə oxundu.
"Elçibəyin dişini düzəltdim, sonra da hamamında çimdim" - Stomotoloq

Zəlimxan Məmmədli ilə müsahibəni təqdim edirik:
- Zəlimxan bəy, düzü, diş həkimi olduğunuzu bilmirdim. Neçənci ildən bu işlə məşğulsunuz?
- 1982-ci ildən burda işləyirəm. Mübarizəyə də burdan başlamışıq. Eniş də burdadır, yoxuş da. Uşaqların çörəyi də burdan çıxır.
- Maraqlıdır, Zəlimxan Yaqubun olduğu Borçalıda Zəlimxan Məmmədli olmaq çətin deyil ki?
- Rəhmətlik Zəlimxan Yaqubla münasibətlərimiz 80-ci illərin ortalarından başlamışdı. Bir yerdə çox məclislərdə olmuşuq. Hətta bir dəfə toyda sağlıq demişdi ki, Borçalıdan iki Zəlimxan var, biri şeiriyyatın atasıdır, biri siyasətin.
Zəlimxan Yaqub Borçalıdan dünyaya boylanan bir türk nəfəsliyi idi. Doğrudan da o, gerçək bir türk idi. Amma şəxsiyyətlər öz tipiylə, xarakteriylə, ruhuyla cəmiyyətdə tanınır və adı da bunlarla simvollaşır. Mənim Zəlimxan Yaqubla müəyyən məsələlərdə ciddi fikir ayrılıqlarımız olub. Çünki "aydın", "ziyalı" ifadəsi mənim üçün fərqli bir anlam daşıyır. "Böyük" ifadəsinin fəlsəfəsi mənim üçün başqadır. İlahi sənə istedad verib, sən isə şan-şöhrət aşiqi olursansa, onda batırsan, məhv olursan. Zəlimxan Yaqub elə vaxtlar olurdu, mənə zəng edib soruşurdu ki, adaş, filan çıxışım necə oldu? Deyirdim çox pis, xoşuma gəlmədi.
- O nə deyirdi?
- Duruxurdu. Elə bilirdi onun çıxışını tərifləyəcəm... Bilirsinizmi, Peyğəmbərdən, Mövlanadan, Yunus Əmrədən təkcə yazmaq yox, həm də onların yolunu getmək lazımdır.
- Zəlimxan Yaqubun sizə dediyi sağlıq maraqlı gəldi. O, özünü şeirin atası sayırdı. Yəqin, siz də özünüzü siyasətin atası hesab edirsiniz...
- Təbii ki, yox!
- Bəs iddialarınız nədir?
- Mənim siyasətdə böyük iddiam yoxdur. Partiya sədri deyiləm ki, oranı tutum, buranı tutum, prezident olmaq istəyim və s. Sadəcə, istəyirəm ki, urvatlı bir cəmiyyət qurulsun və mən də orda vətəndaş olaraq yaşayım. Hələ sovet vaxtından maddi cəhətdən çox zəngin görünmüşəm. Amma nə qədər istəsəm ki, pul yığım, pul saxlayım, belə şeylər məndə alınmır. Pul gəldikcə xərcləyirsən gedir.
- Bir yerdə gördüyünüz pul ən çox nə qədər olub?
- Mən ümumiyyətlə, pul qazanan olmuşam. Amma öz sənətimlə! Bayaq da dedim, 1982-ci ildə, özü də çox qısa zamanda 6 nömrəli bu poliklinikada parlaya bildim. 1990-ci ilə qədər kəndimizin ən varlı adamı mən hesab olunurdum.
- İndi maddi vəziyyətiniz necədir?
- Düzdür, şairlərimiz daha çox mənəviyyatın tənəzzülündən gileylənirlər, amma cəmiyyətin bütün sahələrində tənəzzül hökm sürür. Məsələn, devalvasiya ən çox kasıblara təsir etdi, bu baxımdan məndə də sadəcə, öz başını saxlamaq mümkün olur.
- Pasientlər olur?
- Təbii...
- Maraqlıdır, Azərbaycan siyasətində olanlardan kimin dişini düzəltmək istərdiniz?
- Söhbət xalqın dilindəki "dişli olmaq" ifadəsindən gedirsə, bizdə böyük iddiaları olub, amma dişi olmayan siyasətçilər çoxdur. Ad çəkib bu cür təhlillər aparmaq istəmirəm.
- Bəs həqiqətən, yəni bir həkim olaraq hansı siyasətçinin dişini düzəltmisiniz?
- Çox olub.
- Məsələn...
- Əbülfəz Elçibəyin dişini mən düzəltmişəm. İbrahim İbrahimli, Qulamhüseyn Əlibəyli və s. Bir xeyli siyasətçilər var.

- YAP-dan kimlərin dişini düzətmisiniz?
- YAP-dan da dişini düzəltdiklərim var. Amma düzü, elə də tanınan fiqurlar deyil. Ümumiyyətlə, mən əynimə ağ xalatı geyinəndə siyasi-ideoloji baxışlarım yox olur, qarşımdakı mənim üçün sadəcə, insan olur və onun ağrısını düşünürəm, müalicə edirəm. Xalatı çıxardandan sonra isə siyasətçi, ictimai-siyasi fəal kimi danışıram. Məsələn, sizlə söhbətdə də əynimdə xalat olsaydı, yəqin ki, daha fərqli şeylər danışardıq.
- Maraqlıdır, Elçibəyin dişini harda düzəltmişdiniz?
- Televizyada bir proqram vardı. Elçibəy orda danışırdı. Bir adamla ünsiyyətdə olarkən, onun dişinə baxmaq mənim peşə xəstəliyimdir. Elçibəyin dişində də qaraltı görmüşdüm, xoşuma gəlməmişdi. Xırda bir çemodana yerləşən alətlər dəstim vardı, görütüb Kələkiyə getdim. Orda xeyli söhbətimiz də oldu. "Yuxarı yer" deyilən bir yer vardı. Orda, dağın zirvəsinə baxan ətəkdə Elçibəyin dişini müalicə eləmişəm, daşlarını təmizləmişəm. Bəyin orda yaxşı hamamı da vardı. Hətta bundan sonra bəyin təkidi ilə onun hamamında çimmişəm.
Bakıya qayıdandan sonra da bir sıra işlərimiz olub ki, onu Elçibəylə birgə eləmişik. Məsələn, Elçibəyin güləş zalını birlikdə düzəltmişik.
- Güləş?
- Bəli, bəy yaxşı güləşçi olub. O vaxt da formanı saxlamaq üçün balaca bir güləş zalı düzəltmişdik.
- Yəqin Elçibəylə güləşmisiniz...
– Güləşmişəm. Amma təbii ki, zarafatla. Mən bəylə ciddi güləşə bilməzdim.

- Bunlar neçənci ilin söhbətləridir?
- Kələkiyə gedib qayıdandan sonra, 1997-98-ci illər idi. Elçibəy bu poliklinkaya, konkret bu otağa da gəlib. Yadıma gəlir, bəy bura gələndə bütün xəstəxana heyəti, həkimlər davazanın ağzından cərgə ilə, özü də iki sıra, düz otağıma kimi düzülmüşdülər ki, bəy gəlir... İki-üç gün gəlib, dişlərini müalicə eləmişəm, hamısında da belə olub. Bəy kabinetdə mənim yanıma gələndə deyirdi ki, siz Allah, növbədə məndən qabaq adam varsa, girsin, mən gözləyərəm.
- Sizcə, bu qədər də lazım idimi? Axı sən Elçibəysən, dayanıb qapının ağzında növbə gözləyəcəksən?
- Kəramət bəy, dünyanın tapdığı budur. Bir çox inkişaf etmiş ölkələri var. Almaniya, İsveçrə və s. Orda da belədir. Qanun qarşısında hamı birdir. Mənim özüm də çox qanunsevər bir insanam. Axı bəy başqasının növbəsini pozsaydı, onun avtoritar düşüncəsi ortaya çıxa bilərdi. O, özünü hamı ilə bərabər sayırdı. Onu da Allah yaradıb, məni də, vəssalam!
- Elçibəyi tez-tez Don Kixotla müqayisə edirlər. Oxşarlıq isə odur ki, guya ikisi də sadəlöhv olub. Bu müqayisəyə münasibətiniz necədir?
- Sadəlöhvlüklə sadəlik fərqli anlayışlardır. Bəyə sevgi xalqdan, ruhdan, içdən gələn bir sevgidir. Elçibəyin şəxsiyyətini aşağılamaq, onu sadəlöhvlükdə, siyasəti bilməməkdə, qəddar olmamaqda və yaxud digər etiketlərlə aşağılamaq, təhqir etmək cəhdi isə əlbəttə, məqsədyonlüdür.
- Sizcə, Don Kixotla müqayisə təhqirdirmi?
- Əlbəttə! Mən belə düşünürəm. Bəy çox ciddi, hədəfləri dəqiq bilən bir siyasətçi olub. Məmməd Əmin Rəsulzadənin hərəkət və davranışlarına diqqətlə baxsanız, eynilə Elçibəyin fizioloji cəhədən fərqli bir formasıdır.
- Bəlkə ona görə ikisinin də qurduğu hökumət çox yaşamadı?
- Sizə bir şey deyim, şüurlu şəkildə öhdəlik götürdüyümüz və ideallaşdırdığımız bütöv Azərbaycan dövlətini bu bölgədə, bu coğrafiyada qurmaq o qədər çətindir ki, bəlkə kiməsə mümkünsüz görünə bilər. Bəy bu idealla yaşayırdı.
- Üzr istəyirəm, bu idealla yaşamaq sadəlühvlük deyilmi?
- Yox! Axı bir toplumu ideallardan məhrum etmək olmaz! Bəy rəsmi prezident kimi İrana dəvət olunmuşdu. O, Təbriz Universitetində bircə söz deməli idi: burada insan haqları qorunur! Vəssalam. Bu sözə görə bəyə nə qədər desən pul da verilirdi. İndi siz hesab edirsiniz ki, bəy daha praqmatik siyasətçi olub gedib o sözü İranda deməli idi? O sözü deməmək donkixotluqdurmu? O sözü deyib, pulu da ala bilərdi, amma idealları məhv edəcəkdi. Ona görə də ümumiyyətlə, İrana getmədi. Və getməməklə də mövqeyini ifadə elədi.
- Görəsən, bəyin adamı olmusunuz deyə, belə danışırsınız?
- Bəyin zəhmi mənim üzərimdə heç vaxt hakim ola bilməyib. Bir dəfə məndən soruşmuşdular ki, siz də Elçibəyin adamısınız? Demişdim ki, xeyir, mən Allahın adamıyam. Elçibəy isə sadəcə, mənim düşüncəmdə, ruhumda, içimdə olan xətti bir lider olaraq aparır.

- Zəlimxan bəy, indi Borçalı İctimai Cəmiyyəti ilə sizi nəsə bağlayır?
- Mən o cəmiyyətin sədriyəm.
- Bəs mətbuatda informasiya getmişdi ki, Beynəlxalq Mətbuat Mərkəzində Borçalı ziyalıları yığıldı, Kərəm Məmmədovu Borçalı İctimai Cəmiyyətinin sədri seçdi.
- Bəli, elə bir məlumat yayılmışdı. Amma bu, idialları olmayan, madiyyata qul olan, ruhdan xəbərləri olmayan cismlərin hərəkəti idi. Bu barədə açıq da yazmışdım ki, qardaşlar, etməyin, eləməyin. Bu yuvanı dağıtmaq düşmənlərin işidir.
- BMM-də keçirilən seçkidə siz olmusunuz?
- Yox!
- Bəs Kərəm Məmmədovu kimlər sədr seçib?
- Kəramət bəy, siz publika.az saytında işləyirsiniz və bir heyyətiniz var. Eləmi? Birdən mən gəlib sizin sayta girirəm, tutalım, deyirəm ki, bura mənimdir. İkincisi, dost-tanışımı yığıram, Ədliyyə Nazirliyinə də bir "xod" tapıram, borçalılar adından sizin publika.az saytınızı əlinizdən alıram. Belə şey olarmı? Axı hər şeyin hüququi tənzimlənmə mexanizmi var. Əvvəla, mən gəlib Borçalı İctimai Cəmiyyətinin üzvü olmalıyam, seçim haqqı qazanmalıyam və bundan sonra seçkidə iştirak etməliyəm, sədrliyə namizədliyimi verməliyəm.
- Kərəm müəllim üzv deyil?
- Xeyir. O, özü də sosial şəbəkədə yazıb ki, mən bu cəmiyyətin üzvü deyiləm. Elə bil Kərəm müəllimi şeytan danışdırmışdı, boynuna almışdı. Kərəm müəllimin özünə də dedim ki, bizim iki yüzdən artıq üzvümüz var, yığılıb konfrans keçirmişik və mən növbəti dəfə sədr seçilmişəm. Burda ictimai-siyasi xadimlər də iştirak ediblər. Hesabatımı vermişəm. Mətbuatda da geniş şəkildə işıqlandırılıb. Yanlnız bundan sonra xəbər tutmuşam ki, Eyvaz Borçalının iş birliyi ilə BMM-də tədbir keçiriblər, özləri üçün sədr seçiblər. Mən isə məhkəməyə müraciət etdim. Məhkəmə də olub, iş Avropa Məhkəməsinə gedir. Mən hüquq məsələsini sona qədər aparacam.
- Bəs sizin cəmiyyətin üzvlərində BMM-də keçirilən seçkidə iştirak eləyən vardı?
- O seçki tədbirində üzvlərimizdən cəmi bir nəfər iştirak edib. O da qurulan oyunun toruna düşdü, indi də peşimançılığını çəkir. Axı hüquq var, qanun-qayda var. Qardaş, orda iştirak eləyənlər Borçalı İctimai Cəmiyyətinin üzvləridirmi? Yox! Bəs necə sədr seçiblər? Hətta sədr də cəmiyyətin üzvü deyil. Belə şey olar?
- Bu işərə Eyvaz Borçalı nə deyir?
– Eyvaz Borçalının özünə də dedim ki, yaşın səksəni keçib. Düzdür, Allah mənim canımı daha tez ala bilər. Ancaq fikirləşirdim ki, Allah sənin canın tez alsa, mənim orda çıxış eləmək imkanım ola bilər. Orda demək istəyirdim ki, nəhayət, Borçalı soyadını, təxəllüsünü axıra kimi urvatlı daşıyan Eyvaz müəllim oldu. Amma o, ağsaqqalıq imicini də, Borçalılıq imicini də məhv elədi.
- Konkret olaraq səbəb nədir, o, niyə ağsaqqallıq, Borçalılıq imicini məhv elədi?
- Eyvaz Borçalıya deyirlər ki, qəhrəmanının başını gətir. O isə soruşmadı ki, kişi, niyə gətirim? Və Eyvaz Borçlı bu hərəkəti ilə ağsaqqallığa böyük zərbə vurdu, Borçalını urvatsız hala saldı. Çox şey danışmaq olar, sadəcə, ehtiyac görmürəm.
- Sizin cəmiyyətin ofisi varmi?
- Bəli... "Qələbə" Kinotatrı tərəfdədir.
- Bəs maliyyəni hardan alırsınız?
- Zəngin maliyyəmiz yoxdur. Və heç vaxt da olmayıb. Maliyyəmiz sadəcə, ruh adamlarının 5-3 manatından ibarətdir. Heç kimin də qapısını döyüb pul dilənməmişəm. Öz şəxsiyyətimi qorumağı xoşlayıram.
Bir dəfə Nazim İbrahimovla görüşdük. Dedi, sizin təşkil etdiyiniz Elat bayramında on min adam iştirak edib, nə qədər pulunuz çıxıb? Sonra mən soruşdum ki, nə qədər çıxar? "Adambaşı yüz manat" dedi. Güldüm, on mini yüzə vuranda nə qədər eləyir? Məndə bu qədər pul hardandır?
- Elat bayramı hansı pulla keçirmişdiniz?
- Çevrəmizdə olanlar, cəmiyyətin üzvləri öz ciblərindən pul qoymuşdular. İki min mən, min manat o birisi, beş yüz manat başqa biri... Amma elə iş adamları var ki, məhz onlar Borçalı Cəmiyyətinin hesabını on milyon dollar etməlidir. Çünki biz bu pulla iş görürük, cibimizə qoymuruq.
- Zəlimxan bəy, siz konkret hansısa siyasi partiyanın üzvüsünüz?
- Mən KXCP-nın Ali Məclisinin sədri olmuşam...
- Deyəsən, sonra ayrıldınız...
- Bəli... Borçalı Cəmiyyətinin aktiv siyasi fəaliyyəti KXCP ilə uyğun gəlmədiyinə görə ayrıldıq. Hətta Tiflisdə Heydər Əliyevin bir büstü var, bizim ora yürüşümüz vardı. Yürüşümüz qara zurnalı, geniş, xeyli təmtəraqlı keçdi. Onda Heydər Əliyevin büstünün qabağına əklil qoymuşdum. Əklilin üstündə də Borçalı Cəmiyyəti yazılmışdı. Məqsədim isə iqtidar-müxalifət fərqi qoymadan ümumi bir barış, ümummilli bir layihə idi. Çünki milli maraqlar naminə Qarabağ səngəri hamımızındır, Borçalı səngəri hamımızındır. Mən yaxşı bir işi təqdir eləyə bilərəm, amma boş yerə yarınmaq mənlik deyil.

Publika.az

Şərhlər

XƏBƏR LENTİ