SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Müsavat seçki islahatları ilə bağlı yeni layihə təqdim etdi

Müsavat seçki islahatları ilə bağlı yeni layihə təqdim etdi

Tarix:

19-09-2017, 18:10

/ 53 184 dəfə oxundu.
Müsavat seçki islahatları ilə bağlı yeni layihə təqdim etdi

Bu gün Müsavat Partiyası seçki islahatları mövzusuna həsr olunan tədbir keçirib.

Tədbirdə Müsavat başqanı Arif Hacılı, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanının müavini Elman Fəttah, MNTK üzvü Chingiz Alı şıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycanın bütün köklü problemlərinin həlli demokratik seçkilərdən keçir. Müsavat Partiyası 2018-ci ildə Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün ciddi seçki islahatlarının keçirilməsini və ictimai diqqətin bu məsələyə köklənməsini zəruri sayır.

Tədbirdə seçki islahatları ilə bağlı irəli sürülən təkliflərin layihəsi açıqlanıb. Layihəni təqdim edirik:

“Qarabağın işğaldan azad edilməsi istiqamətində irəliləyişlərin olmaması, korrupsiya və rüşvətxorluğun misli görünməmiş səviyyəyə yüksəlməsi, hakimiyyət nümayəndələrinin ölkə büdcəsinə aid olan 48 milyarddan artıq vəsaiti ofşor zonalarında yerləşdirməsi, Panama Papers sənədlərində göstərilən əmlak siyahısında hakimiyyət nümayəndələrinin adlarının yer alması, son günlərdə 2,9 milyard dollar vəsaitin “pul yuyulması” əməliyyatı kimi xarici banklara köçürülməsi və bu vəsaitdən seçki saxtakarlıqlarına göz yumulması üçün istifadə edilməsi yerli və beynəlxalq ictimaiyyətin etimad göstərmədiyi, saxta seçkilər vasitəsilə hakimiyyəti zəbt etmiş zümrənin demokratik seçki yolu ilə dəyişməsi ümummilli miqyaslı zərurət olduğunu bir daha təsdiq edir.

1918-ci ildə Şərqdə ilk demokratik respublika yaratmağa nail olan Azərbaycan dövlətində hazırda azad və ədalətli seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik şərait və müvafiq qanunvericilik bazası mövcud deyil. 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın, 1998 və 2003-cü ildə qəbul olunmuş seçki qanunvericiliyi aktlarının sonradan dəyişikliklər hesabına daha da mürtəce hala salınması (proporsional seçki sisteminin ləğv edilməsi, seçki komissiyalarının tam olaraq hakim partiyanın nəzarəti altına salınması, seçki kampaniyası və təşviqat müddətinin azaldılması, qeydiyyat depozitinin ləğv edilməsi, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyan müddəanın ləğv edilməsi, prezidentin səlahiyyət müddətinin 7 ilə qaldırılması, təbliğat imkanlarının məhdudlaşdırılması) nəticəsində ölkədə seçki institutunun sıradan çıxarılması cəhdləri davam edib, cəmiyyətdə seçki yolu ilə hakimiyyət dəyişiklikliyinin mümkünlüyünə inam zəifləyib. Müsavat Partiyası ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi və demokraik seçki mühitinin formalaşdırılması üçün referendumun keçirilməsini, eyni zamanda Seçki Məcəlləsində dəyişikliklər yolu ilə aşağıda göstərilən seçki islahatlarının prioritet olaraq aparılmasını tələb edir.

Mövcud seçki sistemi proporsional seçki sistemi ilə əvəz edilsin. Parlamentdə deputatların sayı 200 nəfər müəyyən edilsin.
Bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə imkan verən maddə ləğv edilsin. Prezidentin səlahiyyət müddəti 5 il müəyyənləşdirilsin.
Bütün seçki komissiyaları və seçki komissiyalarındakı vəzifələr iddiaçı tərəflərin bərabər təmsilçiliyi əsasında, paritet qaydada təşkil olunsun.
Seçkiqabağı təşviqat kampaniyası üçün ədalətli hüquqi mühit, bərabərhüquqlu siyasi rəqabət şəraiti təmin edilsin, seçki kampaniyasının müddəti 120 gün, təşviqat kampaniyasının müddəti 60 gün müəyyən edilsin.
Namizədlərin qeydiyyatının alternativ variantı olan qeydiyyat depozitinin qoyulması qaydası bərpa edilsin.
Seçki prosesinin, səslərin sayılması, seçkilərin yekun protokollarının doldurulmasında aşkarlıq, eləcə də səslərin paralel sayılması mexanizmi təmin edilsin”.
Çıxışlarda həmçinin hakimiyyətə və digər partiyalara ünvanlanan mesajlar yer alıb. Tədbirin videosu reportaja əlavə ediləcək.
Müsavat seçki islahatları ilə bağlı yeni layihə təqdim etdi
Müsavat seçki islahatları ilə bağlı yeni layihə təqdim etdi
Müsavat seçki islahatları ilə bağlı yeni layihə təqdim etdi
Müsavat seçki islahatları ilə bağlı yeni layihə təqdim etdi

Şərhlər

XƏBƏR LENTİ