SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yeni mərasim zalı biznesi: Qiymətlər əzrailin belində

Yeni mərasim zalı biznesi: Qiymətlər əzrailin belində

Tarix:

19-09-2017, 16:29

/ 54 220 dəfə oxundu.
Yeni mərasim zalı biznesi: Qiymətlər əzrailin belində

Yas mərasimlərində açılan ehsan süfrəsi, qurulan mağarlar, qonaqlara göstərilən xidmət toy mərasimlərindən çox az məqamlarda fərqlənir. Məhz bu fakt Qafqaz Müsəlmanlari İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kimi orqanların narahatlığına səbəb olmuşdu. Hər iki qurum əhaliyə yasların keçirilməsi ilə bağlı tövsiyə vermiş və yasların bu qədər dəbdəbəli keçirilməsinin din ilə heç bir əlaqəsinin olmadığını bildirmişdi.

Bundan sonra yas çadırları yavaş-yavaş aradan qaldırıldı və yasların təşkil edilməsi üçün xüsusi məkanlar fəaliyyət göstərməyə başladı. Lakin maraqlısı odur ki, bu məkanların xidməti çadırlardan da baha başa gəldi.

Çünki bu məkanlarda keçirilən yas mərasimlərinin xərcləri toy kimi adam sayına və yaxud menyuya görə hesablanır.

Əhali arasında apardığımız sorğu əsnasında bəlli oldu ki, mərasim zallarında qiymətlər bir nəfər üçün 10-20 manat arasında dəyişir. Məsələni yerində aydınlaşdırmaq üçün bir neçə mərasim evinə üz tutsaq da, heç biri suallarımızı cavablandırmadı. Buna görə də bu işin təşkilatçılığı ilə məşğul olan bir neçə təcrübəli şəxsdən yas mərasimlərinin təşkili məsələsini öyrəndik.

İllərdir yas mərasimlərinin təşkilatçılığı ilə məşğul olan Hacı Səyyaf Mehdiyev mövzu ilə bağlı suallarımızı cavablandırdı:

“Yas mərasimlərinin keçirilməsi xalqın qədim ənənələrindən biridir. Lakin son zamanlarda bu mərasimlər çox qəribə və din qaydalarından kənar formada təşkil edilir. 3-5 il öncə mərasimlər yalnız çadırlarda keçirilirdi. Bu gün isə şadlıq sarayları kimi yas üçün də xüsusi məkanlar istifadəyə verilib. Düzdür, çadır ənənəsi hələ də yaşamaqdadır. Ancaq yasın əlavə işləri ilə məşğul olmaq istəməyən və mərasimin rahat, hətta lüks formada həyata keçirilməsini üstün tutan insanlar bu işi mərasim zallarına həvalə edirlər. Zalların inzibati işləri ilə məşğul olan şəxslər isə mərasim sahibinin başının qarışmasından və işin təcili olmasından istifadə edərək qiymətləri maksimum dərəcədə qaldırmağa çalışır.
Yas mərasimi üçün icarəyə götürülən mağarın qiyməti 350-800 manat arası dəyişir. Bu qiymət mağarın şəraitindən və icarəyə verənlərin təklif etdiyi xidmətlərdən asılıdır. Buraya aşbaz, ofisiant, çayçı, molla xidmətləri daxildir. Mağarda yas təşkil etmək mərasim zallarına nisbətən daha ucuz başa gəlir.

Zallarda icarə qiyməti gələn qonaqların sayından asılıdır. 100-150 nəfərlik zalın sadəcə məkanını icarəyə götürmək 400-700 manata başa gəlir. Əgər yasda verilən ehsan mərasim zalı tərəfindən menyu kimi təklif edilirsə, burada qiymət oturacaq sayına görə təyin edilir. Bu qiymətlər 10 manatdan 15-20 manata qədər yüksələ bilir. Qiymətlərin belə dəyişkən olması verilən təamların sayından asılıdır.

Hər iki variantda təşkil edilən yas mərasimlərində molla xidmətinin standart qiyməti 50 manat təyin edilib. Aşpaz 100-150, ofisiantlar 15, çayçı 50 manata xidmət göstərir. Ümumilikdə bir günlük yas mərasimi çadırda 1800-2000, mərasim zalında isə 2000-4000 manata başa gəlir”.

Əvvəlki illərlə müqayisədə qiymətlərin fantastik dərəcədə qalxmasının şahidi oluruq. Hacı Səyyaf bu artımın ilkin səbəbini manatın zəifləməsində görür. İkinci səbəb isə əhalinin yas mərasimlərini dəbdəbəli keçirməsi, yasda hər növ təamın verilməsini istəməsi ilə bağlıdır.

Təzəpir məscidinin mərasim zalında inzibati işlərə baxan səlahiyyətli şəxs zalın icarəyə verilmədiyini, ehsanın menyu formasında təklif edildiyini bildirdi.

Bu isə adambaşına standart qiymətə – 12 manata təklif edilir. Kimisi mollanı özü gətirir, kimisi də zalda xidmət edən mollalardan birini çağırır.

Paytaxtın 7-ci mikrorayon ərazisində yerləşən “Əcəmi mərasim zalı”nınsəlahiyyətlisi Rövşən İsmayılov 8 ildir yas mərasimlərinin təşkili ilə məşğuldur. Bu sahədə kifayət qədər təcrübəsi olan təşkilatçı müştərilərə molla xidməti təklif etməyin çox riskli olduğunu bildirdi:

“Müsəlmanlar arasında dini ayrıseçkilik yarandığı üçün hər molla bir əqidədə olur. Bir də görürsünüz mollanı göndəririk, məclisdə nə danışırsa, az qala dava çıxır. Bu da yas sahibinin narazılığına səbəb olur. Buna görə də artıq molla xidmətini təklif etməkdən imtina etmişik.

Mərasim zalımız iki istiqamətdə – həm icarə əsasında, həm də menyu ilə xidmət göstərir. Əhali daha çox icarə götürməyə üstünlük verir. Çünki mərasimdən sonra qalan məhsulları evə apara bilir və yasın növbəti günlərində də istifadə edir. Lakin menyu əsasında təşkil edilən yasdan heç bir şey evə göndərilmir. Buna görə də menyu əsasında təşkil edilən yas mərasimlərinin sayı çox azdır.

Son zamanlarda təşkil edilən ehsan mərasimlərində olduqca çox israfçılıq hallarına rast gəlinir. Ehsan verilən məclis süfrəsində barmaq qoymağa yer olmur. Bu isə əhalinin tələbi əsasında belə halı alır. Bu məsələdə mərasim zallarının heç bir günahı yoxdur. Biz işimizi sifariş əsasında qururuq və nə tələb olunursa, onu edirik”.

Din xadimləri bildirir ki, əslində yas mərasimlərinə bu qədər xərc çəkməyin heç bir əhəmiyyəti və məcburiyyəti yoxdur. İnsan torpağa tapşırıldığı gün sadəcə çay, limon və halva ilə verilən süfrə də ehsan sayılır. Bu qədər dəbdəbəyə və xərcə girməyə ehtiyac yoxdur.

İslam dini insana sağlığında qiymət verməyi tövsiyə edir. Yəni dəbdəbəli yas mərasimi digər dünyada heç kimin üzünü ağ eləmir. Buna görə də çalışmaq lazımdır ki, həm insan özü, həm də ətrafındakılar elə sağlığındaca gözəl, bərəkətli günlər yaşasın.

Şərhlər

XƏBƏR LENTİ