SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Qarabağla bağlı nə baş verir? - “Ermənistan qoşunları çıxarılmalıdır”

Qarabağla bağlı nə baş verir? - “Ermənistan qoşunları çıxarılmalıdır”

Tarix:

19-09-2017, 11:39

/ 36 473 dəfə oxundu.
Qarabağla bağlı nə baş verir? - “Ermənistan qoşunları çıxarılmalıdır”

Xəbər verdiyimiz kimi, Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal olunmuş bəzi torpaqlarının geri qaytarılması ilə bağlı açıqlama verib. XİN rəhbəri açıqlamasında Qarabağa təhlükə yaratmayacaq ərazilərdən söhbət getdiyini vurğulayıb.

E. Nalbandyanın sözügedən açıqlaması ilə bağlı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa və Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev “Qafqazinfo”ya danışıblar.

F. Mustafa qeyd edib ki, erməni tərəfinin Qarabağ üçün təhlükə yaratmayaq ərazi anlayışı bizim üçün məqbul olmaya bilər: “Biz, ümumiyyətlə, Qarabağ üçün faktik olaraq təhlükə vəd etmirik. Bilirik ki, Qarabağ Azərbaycanın tərkibində inkişaf etmiş bir bölgəyə çevrilə bilər. Bunun üçün Azərbaycanın hazırkı iqtisadi imkanlarından istifadə edə bilərik. Ona görə də Ermənistan tərəfi açıqlamalıdır ki, “təhlükə yaratmayan bölgə” deyəndə nə nəzərdə tutulur? Qarabağla bağlı məsələdə Azərbaycanın birmənalı mövqeyi ondan ibarətdir ki, ən yüksək səviyyədə Qarabağa muxtariyyət verilir və onun təhlükəsizliyi təmin olunur. Ona görə də ermənilərin narahatlıq keçirməsi üçün heç bir əsas yoxdur. Qarabağ Azərbaycanın tərkibində qalaraq mövcudluğunu sürdürərsə, bu məsələdə narahatlıq olmayacaq. Azərbaycan dövləti beynəlxalq ictimaiyyət qarşısında təhlükəsizik üçün hər cür təminat verəcək”.

Onun sözlərinə görə, müəyyən mənada “təhlükə yaratmayacaq ərazi” deyəndə beş rayondan söhbət gedə bilər: “Bunu daha çox ermənilər vurğulayırlar. Onlar Qarabağın müstəqillik şərti ilə verilməsinə daha çox üstünlük verirlər. Amma hər halda bu məsələdə müəyyən problemlər hələ də qalmaqdadır. Ancaq bununla bağlı hələ də razılaşma yoxdur. Buna görə də bizim maraqlarımıza uyğun deyil. Ona görə də onların nəzərdə tutduğu təhlükəsizlik məsələsi bizim real təhlükəsizlik anlayışımız ilə uyğun gəlmir”.

XİN sözçüsü Hikmət Hacıyev isə bildirib ki, Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş əraziləri birmənalı olaraq geri qaytarılmalıdır: “BMT TŞ-nın qətnamələrində də bu mövqe təsdiq olunub. Münaqişənin həllinin prinsipləri bu ilin avqustunda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqland tərəfindən bir daha açıqlandı. Bu prosesin də mahiyyətini məhz qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğal faktına son qoyulması təşkil edir. Beləliklə də status-kvo dəyişir”.

O vurğulayıb ki, bu açıqlaması ilə Nalbandyan nə dediyini özü bilər: “Ancaq Ermənistan tərəfi prosesinin mahiyyətini daim təhrif etməklə məşğuldur. Bir çox hallarda onların bu kimi açıqlamaları daxili istehlaka yönəlir. Prosesin mahiyyəti odur ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunları çıxarılmalı və ərazi bütövlüyümüz təmin olunmalıdır. Bu proses çətindir və biz də reallığı anlayırıq. Ona görə də prosesə mərhələli yanaşma olmalıdır. Mərhələli şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunları çıxarılmalıdır”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, Ermənistan prezidenti Ser Sarkisyan da BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün ABŞ-a gedib.

Şərhlər

XƏBƏR LENTİ