SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qarış-qarış viran qoyulan MASALLI - Sakinlər narazıdır, başçı isə...

Qarış-qarış viran qoyulan MASALLI - Sakinlər narazıdır, başçı isə...

Tarix:

27-07-2017, 11:42

/ 114 137 dəfə oxundu.
Qarış-qarış viran qoyulan MASALLI - Sakinlər narazıdır, başçı isə...

Dövrü mətbuatı izləyən hər kəs görür ki, son vaxtlar əksər media orqanlarında Masallı rayonu ilə bağlı daha çox tənqidi mövzular dərc olunur və adı çəkilən rayonun sosial-iqtisadi problemləri mütəmadi olaraq qabardılır. Sözsüz ki, bunu zəruri edən həm obyektiv, həm də subyektiv səbəblər var. Bu səbəblər içərisində hər kəsin diqqətini cəlb edən hal isə, rayon rəhbərliyi ilə yerli sakinlər arasında əmələ gələn uçurumun varlığı, məmur özbaşınalığı, sadə sakinlərin müraciət və təkliflərinə məhəl qoyulmaması və s. kimi amillərin varlığı, daha çox rol oynamaqdadır. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev istər televiziya çıxışlarında, istərsə də digər tədbirlərdə çıxışı zamanı “kimi hansı vəzifəyə təyin edirəmsə, ilk öncə həmin vəzifə sahibinə xalqa xidmət etmək tapşırığını verirəm, xalqın xidmətçisi olmasını diqqətinə çatdırıram” deyə tapşırıqlar verdiyini bildirsə də, çox təəssüflər olsun ki, bu gün Masallıda baş verənlər, sanki verilən tapşırıqların saya salınmadığını sübut etmiş olur.

Sahibkar “gözümçıxdıya” salınır

Çünki, adı çəkilən rayonda baş alıb gedən anarxiyanın, məmur özbaşınalığının, xaosun və s. həddi-hüdudu yoxdur. Belə bir səbəblər üzündən də, Masallıda məmur həngamələrinin varlığını eşitdikcə, sanki dəhşətə gəlirik. Adicə bir misal çəkək. Məlumatlara görə, rayonun Xalıcallı kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Quliyev Vidadi Mahmud oğlu, artıq xeyli müddətdir ki, məmur özbaşınalığı ilə üz-üzə qalıb. Bir sahibkar olaraq ona qarşı atılan addımlar, bu gün nə yerə, nə göyə sığası məsələdir. Baxmayaraq ki, ölkəmizdə əlverişli biznes mühitinin yaradılması, ölkə əhalisinin ən zəruri mallara olan ehtiyaclarının ödənilməsi, bir sözlə özəl sektorun inkişaf etdirilməsi və s. yöndə lazımi addımlar atılır, ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi istiqamətində vermiş olduğu tapşırıqlar mərhələli şəkildə həllini tapır. Amma, bütün bunların qarşılığında Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov başda olmaqla, qurumda çalışan ayrı-ayrı vəzifə sahibləri yerli sahibkara qarşı qənim kəsilirlər, onu gözümçıxdıya salırlar.

Cəzasızlıq mühiti kimləri nələrə sövq edir?

Diqqəti bir məqama da yönəldək ki, ölkə rəhbəri hər zaman məmurların və onların övladlarının hərəkətlərinə diqqətlə yanaşır, yolunu azan, qudurqanlıq edən hər kəsə qarşı qətiyyətli iradəsini də ortaya qoyur. Amma daxil olan məlumatlara görə, Masallı rayon İcra Hakimiyyəti başçısının oğlu dəfələrlə avtoxuliqanlıq etsə də, hətta idarə etdiyi avtomobili ilə adı çəkilən rayonun Həsənli kənd sakinini öldürsə də, hansısa səbəblər üzündən nə onun özü cəzalandırıldı, nə də ki, atası daşıdığı vəzifəsindən uzaqlaşdırıldı. Belə bir halın varlığı bir daha onu ehtimal etməyə əsas verir ki, Masallı RİH-nin başçısını ən yüksək səviyyədə kimlərsə müdafiə edir və belə bir səbəb üzündən də, cəzasızlıq mühiti hökm sürür.

Nəsir Muxtarlının “qənim kəsilməsi” nələrə səbəb olur?

Hal-hazırda Masallıda daha çox müzakirə olunan və hər kəsin diqqətini cəlb edən mövzulardan biri də, RİH başçısının müavini vəzifəsini daşıyan Nəsir Muxtarlının Xalıcallı kənd sakinlərinə də qənim kəsilməsidir. Əsas mətləbə keçməzdən öncə onu vurğulayaq ki, adı çəkilən muavin yerli sakinlərinə məxsus hektarlarla torpaq sahələrini bu və ya digər yollarla ələ keçirmiş və həmin sahələrdə çəltik, tütün və digər kənd təsərrüfatı məhsulları da əkdirmişdir. Eyni zamanda o, ölkə rəhbərinin imzaladığı sərəncam əsasında kənd sakinlərinə verilməli olan subsidiyaları da, müxtəlif adlar adı altında mənimsəyir. Onun Viləş çayının suyundan Xalıcallı kənd sakinlərinə su verməməsi, artıq tərəflər arasında əməlli-başlıca qarşıdurma da yaradıb.

Xalıcallı kənd sakinləri Viləş çayının suyu ilə imtahana çəkilirlər

Hal-hazırda Vidadi Quliyev icra başçısı başda olmaqla onun müavini Nəsir Muxtarlı tərəfindən, Viləş çayının suyu ilə də “imtahana çəkilir”. Yəni, hər iki vəzifə sahibi Xalıcallı kəndi ərazisində sahibkara məxsus balıq gölünə axan suyun qarşısını kəsdirirlər və çayın suyundan özlərinə məxsus çəltik, tütün sahələrinin suvarılmasında istifadə edirlər. Belə olan halda Vidadi Quliyevə məxsus göldə qurumalar baş verir ki, bununla da onun balıqçılıq təsərrüfatına külli miqdarda vurulmuş ziyan olur. Son anda ən çox ziyan çəkən, məhz Xalıcallı kənd sakinləri olurlar. Çünki, əgər əvvəllər sakinlər şəxsi təsərrüfatlarını və digər ehtiyaclarını ödəmək üçün Vidadi Quliyevə məxsus gölün suyundan istifadə edirdilərsə, bu gün sahibkara məxsus gölün quruması, məhz Xalıcallı kənd sakinlərinin olmazın iztirablarla üz-üzə qalmalarına da səbəb olur.

Şikayət edən hər kəs ya həbs olunur, ya da şantajla üz-üzə qalır

Bu gün istər onun, istərsə də rayon rəhbərliyinin əməllərindən bir kimsə PA-na, digər dövlət qurumlarına şikayət ərizəsi ünvanlayarsa, dərhal həmin şəxs ya hədə, ya da ki, şantajla üz-üzə qalır. Hətta, həmin şəxs barəsində qondarma cinayət işi də açılır. Bir qədər araşdırma aparıldıqdan sonra, başlanmış cinayət işinə müəyyən şərtlər daxilində xitam da verilir. Yəni, həmin şəxs bir daha şikayət etməmək haqqında üzərinə öhdəlik götürür.
Bütün bunlardan əlavə, Nəsir Muxtarlı idarəçiliyində bəzi metodlardan da istifadə edir. Belə ki, o, rayon ərazisində yaşayan dul qadınlara, aztəminatlı ailələrə müəyyən sosial yardımlar düzəltdirir, bəzi dövlət idarələrində kimlərəsə staj yazdırır və bu cür yollarla onların qarşısına şərt də qoyur ki, kimsə icra başçısından, yaxud da müavinlərdən yuxarı instansiyalara şikayət edərsə, həmin şəxslərin üzünə dursunlar. Bu cür addımlarının nəticəsidir ki, rayon ərazisində bəzi şəxslər onu “Fətullah Gülən universitetinin əlaçı tələbəsi” adlandırmaqdan da belə çəkinmirlər.

Sakinlərin media qurumlarına müraciəti və atılan addımlar

İndi isə keçək əsas mətləbə. Bu gün hər kəs görür ki, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, müasir texnologiyaların tətbiqi, dövlət-sahibkar münasibətlərinin lazımi macəraya yönəldilməsi və s. istiqamətində, ən yüksək səviyyədə məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Başlıca məqsəd, sahibkarlığı inkişaf etdirilməsi sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, davamlı inkişafın təmin edilməsidir. Atılan addımların varlığına baxmayaraq, bu gün Masallı rayonunda icra başçısı başda olmaqla, bəzi vəzifə sahibləri şəxsi maraqlarının həlli naminə iş adamlarını, bir çox sahibkarları, kişik biznes fəaliyyəti ilə məşğul olanları incitməkdə davam edirlər. Belə bir səbəblər üzündən də, onların əməlləri ilə bağlı aidiyyəti dövlət qurumlarına, əksər media orqanlarına ünvanlanan şikayət məktublarının ardı-arası kəsilmir, sadalanan problemlərin ictimailəşdirilməsi də xahiş olunur.

Məsələn, belə bir məlumat əldə etmişik ki, Masallı rayonu Xalıcallı kənd sakini Quliyev Vudadi Mahmud oğlu rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdəndir. O, rayonun Qarğalıq bələdiyyəsinin əhatə etdiyi ərazidə, daha dəqiq desək Xallıcallı kəndində yerləşən və 1932-ci ildən fəaliyyət göstərən 61,42 ha su tutarının ilk öncə icarəyə götürür. Bir qədər vaxt keçdikdən sonra o, qəbul olunmuş “Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, Hərraca çıxarılması üçün lazımi sənədlərlə, qanuni prosedurlarla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Cəlilabad 15 saylı Torpaq müsabiqə və hərrac komissiyasının 16 fevral 2016-cı il tarixdə keçirdiyi hərracda iştirak edir və keçirilən hərracın qalibi də olur.

Hərrac sakibkarın başına “bəla” olub

Əldə olan rəsmi sənədlərin varlığı, məhz söylədiklərimizi tam sübut etməyə əsas verir. Belə ki, keçirilən hərrac zamanı Vidadi Quliyevə Hərrac Komissiyası tərəfindən AM seriyalı 001977 n-li Şəhadətnamə də verilir. O, düz altı il bundan əvvəl 150 min manat vəsait hesabına balıq gölü yaratsa da, təkcə balıqların yemlənməsinə 67 min manat xərcləsə də və hər il Qarğalıq bələdiyyəsinin büdcəsinə müəyyən ödəmələr ödəsə də, bu gün onun üz-üzə qaldığı problemlər daha dözülməz həddə çatıb. Baş verən problemlərin kökündə isə, üç il əvvəl abadlaşdırma və Heydər Əliyev Fonduna köçürmək məqsədi üçün ondan alınmış 40 min mant pulun varlığı və ödənilmiş pulla bağlı Vidadi Quliyevin bir müddət bundan əvvəl qəbz istəməsi olur.
Baş verən problemlər və ona qarşı qol qoyulan haqqsızlıqlar da, elə həmin vaxtdan başlayır.
Yəni, Vidadi Quliyevə bildirilir ki, 20 gün ərzində istifadə etdiyin sahəyə görə, mülki qanunvericiliyə uyğun olaraq kənd bələdiyyəsi ilə müqavilə bağlamalısan.
Amma, dəfələrlə onun aidiyyəti üzrə müraciətlər etməsinə baxmayaraq, Qarğalıq bələdiyyəsinin rəhbərliyi heç bir əsas gətirmədən Vidadi Quliyevlə müqavilə bağlamır. Belə olan halda sahibkar aidiyyəti qurumlara davamlı müraciətlərini ünvanlayır, nəticədə icra hakimiyyəti tərəfindən bələdiyyə rəhbərliyinə Vidadi Quliyevlə müqavilə bağlamaq tapşırığı verilir. Bağlanmış müqavilə sənədinə əsasən sahibkarın “Kapital Bank”a lazımi miqdarda rüsum ödəməsi, çox keçmir ki, onun üçün əməlli-başlıca problem də yaradır. Yəni, atılan addımın rayon rəhbərliyinin narazılıqla qarşılaması fikri, məhz Vidadi Quliyevin diuqqətinə də çatdırılır. “Özüm birbaşa tapşırdıqdan sonra, sahibkarla müqavilə bağlayardın” deyən icra başçısı, çox keçmir ki, bələdiyyə sədrini “gözümçıxdıya” salır, hətta sədrdən bələdiyyəyə məxsus möhür və ştampı da alır. Az sonra bələdiyyə sədrini müəyyən yollarla cəzalandırdıqdan sonra, qeyri-qanuni vasitələrdən istifadə edibs, onu sədr vəzifəsindən də uzaqlaşdırır.
Artıq bu gün tərəflər arasında münasibətlər arzuolunmaz səviyyəyə də çatıb. İcra başçısı ətrafına kölə olanları yığır ki, rayonda hegomonluğunu yenə də davam etdirə bilsin. O, Masallıda fəaliyyət göstərən hər bir obyektə, istirahət mərkəzlərinə və s-lərə müəyyən etdiyi “rüsumu” tətbiq edir. Rafil Hüseynov tələb etdiyi “rüsümu” çatdırmayan hər kəsi, dərhal işindən uzaqlaşdırır. Belə bir səbəblər üzündəndir ki, Qarğalıq bələdiyyəsinin sədri də daşıdığı vəzifəsinə “əlvida” deməli olub.

İcra başçısı ölkə rəhbərinin yürütdüyü siyasətin əleyhinə gedir

Hal-hazırda icra başçısı Vidadi Quliyevə xəbərdarlıq edir, müxtəlif yollarla ona təzyiqlər göstərir, keçirilmiş hərracın nəticəsini dəyişmək üçün sahibkara müxtəlif yollarla zərər də vurdurur. Belə bir addımlarını atan Rafil Hüseynov, açıq-aydın şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin əleyhinə çıxır, sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı qəbul olunmuş Qanunlara məhəl qoymur, sahibkarın Konstitusiya ilə qorunan hüquqlarını tapdaqlar altına atmaqda davam edir. Belə bir addımların nəticəsi olaraq, bu gün Vidadi Quliyev media vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə müraciətini çatdırır və Rafil Hüseynovun qanunsuz addımlarının qarşısını almağı da xahiş edir. Ünvanlanmış müraciətdən sonra biz o hala da inanırıq ki, cənab Prezidentimiz hər zaman olduğu kimi, bu dəfə də yolunu azan, verilmiş tapşırıqlara məhəl qoymayan, qəbul olunmuş qanunları tapdaqlar altına atan bir çox vəzifə sahibləri ilə bağlı lazımi addımlarını atacaq. Yəqin ki, o halda Masallı RİH başçısının rayondakı hegomonluğuna son qoyulacaq, əksər sakinlərə, xüsusilə də ona “boyun əyməyən” sahibkarlara qarşı sərgilədiyi sərt və ciddi addımlarının qarşısı da alınacaq.
Rayon sakinlərinin iddialarına görə, icra başçısı bu gün sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara açıq-aydın divan tutur, davamlı təzyiqlərini göstərir. Rayon rəhbərliyi addımlarını atarkən, daşıdığı vəzifəsindən birbaşa sui-istifadə edir. Rayonun abadlığına ayrılan vəsaitləri şəxsi bizneslərinə, müxtəlif ünvanlarda olan imarətlərinə, sanatoriyalarına xərcləyir, ölkə daxilində və ölkə xaricində milyonluq obyektlər inşa etdirir, xaric ölkələrdə istirahət edir, şəxsi karyerasını gücləndirir. Masallıda uşaqdan böyüyə hər kəs qorxu işində yaşayır. Çünki, kim haqqını tələb edirsə, çox keçmir ki, onu acınacaqlı həbs, şərlənmələr gözləyir bir çox xoşagəlməz iztirablarla üz-üzə qalırlar.

Bu yöndə araşdırmamız davam edəcək.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

“Gündəm Xəbər”

Şərhlər

XƏBƏR LENTİ