SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Alimlərin ev davası və AMEA rəhbərliyinə qarşı növbəti sərt ittihamlar…

Alimlərin ev davası və AMEA rəhbərliyinə qarşı növbəti sərt ittihamlar…

Tarix:

22-07-2017, 11:29

/ 91 100 dəfə oxundu.
Alimlərin ev davası və AMEA rəhbərliyinə qarşı növbəti sərt ittihamlar…

Ötən günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində mənzil məsələsi ilə bağlı narazı olan bir qrup elmi işçi ilə görüş keçirildi. Görüşün nəticəsində elmi işçilərin inşa olunmuş binaya köçürülməsi məqsədilə yaradılmış komissiyanın ləğv edilməsinə və ya tərkibində qismən dəyişiklik edilməsinə dair təklif irəli sürülüb. Lakin bu hal da narazı alimləri razı salmayıb.

Belə ki, alimlər musavat.com-a müraciət edərək, görüşlə bağlı öz şikayətlərini bildiriblər.

Onlar aşağıdakıları qeyd ediblər: “İyulun 19-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən Aspirantlar yataqxanasında yaşayan, hüquqları kütləvi şəkildə pozulmuş sakinlər – bizlər Prezident Administrasiyasına növbəti dəfə müraciət etdik. Prezident Administrasiyasının səlahiyyətli nümayəndələri problemin yerində araşdırılması üçün bizi AMEA-ya yönləndirdilər. Nəticədə AMEA-da ev bölgüsü ilə məşğul olan komissiyanın sədri İbrahim Quliyev (İ.Quliyev yalnız iki nəfər nümayəndəni qəbul etdi) və ümumi işlər üzrə müavin Fətəli Abdullayev bizi qəbul etdi. Sakinləri səmimiyyətlə qəbul edən F.Abdullayev sözə başlar-başlamaz mənzil komissiyasının yarıtmaz və kütləvi narazılıqlara səbəb olan səriştəsiz fəaliyyəti ilə bağlı şikayətləndi. Nə qədər absurd olsa da o, beş il müddətində aparılan tikinti prosesi zamanı layihədə aspirantlar yataqxanasında yaşayan sakinlər üçün nəzərdə tutulmuş (hazırda satışa çıxarılan) bir bloklu, on altı mərtəbəli və hər biri ortalama 65 kvadratmetr sahəsi olan mənzillərdən ibarət binadan xəbərsiz olduğunu bildirdi. Əgər mənzil komissiyasının ən mötəbər üzvü F.Abdullayev bu qədər həssas və məsuliyyətli məsələdən xəbərsizdirsə, komissiyanın digər üzvlərindən hansı ciddiyyəti və vicdanlı qərarı gözləmək olar?”

Onlar həmçinin iddia ediblər ki, bu komissiya da sakinlərin onlara təqdim olunan qanuni sənədləri əsasında deyil, qulaqlarına pıçıldanan qeyri-ciddi faktlar əsasında layihədə sakinlər üçün nəzərdə tutulan binada yox, sonradan tikilən başqa binada ev bölgüsü aparıb: “Diqqəti çəkən məqamlardan biri də F.Abdullayevin qarşımıza sədd kimi qoyduğu vaxtilə adına mənzil olan, evi omasa belə, hazırda AMEA-da işləməyən sakinlərə ev verilməyəcəyi ilə bağlı fikri oldu. F.Abdullayevin söhbət zamanı dönə-dönə diktə etdiyi “AMEA rəhbərliyi müqavilə və digər qanuni sənədlərlə deyil, öz prinsiplərinə uyğun bölgü aparır” fikri bizim diqqətimizdən yayınmadı. Aspirantlar yataqxanasında yaşayan sakinlər üçün nəzərdə tutulmuş (hazırda satışa çıxarılan) bir bloklu, on altı mərtəbəli hər biri ortalama 65 m2 sahəsi olan mənzillərdən ibarət bina dövlət başçısının göstərişi əsasında yataqxana sakinlərinin mənzil şəraitini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. AMEA rəhbərliyi isə öz maddi maraqlarını dövlət başçısının göstərişindən və qanunlardan üstün tutur.

AMEA-nın mərhum prezidenti M.Kərimovun ölkə başçısına ünvanlanmış məktubunda “aspirantlar yataqxanasının sakinlərinin mənzillə təmin olunması və yaxud həmin yataqxananın özəlləşdirilərək orada yaşayan sakinlərin şəxsi mülkiyyətinə verilməsi” faktı ilə bağlı sakinlərin ünvanladığı sualı cavablandırmaqda F.Abdullayev aciz qaldı. Əgər yataqxana ərazisində bina tikilməsəydi və yataqxana özəlləşdirilsəydi, bu gün AMEA rəhbərliyi tərəfindən ajiotaj yaratmaq və mövcud saxtakarlığa pərdə çəkmək üçün yerli-yersiz gündəmə gətirilən, yataqxanada qeyri-yaşayış sahəsinə (2 kvadratmetrlik süpürgə otağına) qeydiyyatda olub, guya kirayədə yaşayan 48 “gənc alim” yataqxanadakı hansı mənzildən özəlləşmə payı alacaqdı?AMEA rəhbərliyi ev verməkdən imtina etdiyi 50-dən çox yataqxana sakini və ajiotaj üçün gündəmə gətirdiyi 48 ”gənc alimin” üzərindən şirkətdən yeni mənzil qoparmaq niyyətini gizlətmir. Açıq-aşkar görünür ki, AMEA rəhbərliyi böyük ziyalı kütləsinin hüquqlarını pozmaqla ölkə prezidenti tərəfindən həssaslıqla qorunan hakimiyyət-vətəndaş münasibətlərinin korlanmasına şərait yaradaraq ciddi qanun pozuntusuna yol verir”.

Səslənən ittihamlara cavab almaq üçün qarşı tərəflə əlaqə yaratmağa cəhd etsək də, buna müvəffəq ola bilmədik.

Şərhlər

XƏBƏR LENTİ