SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Benzin idxalı rüsumdan azad edildi, amma qiymət enməyəcək

Benzin idxalı rüsumdan azad edildi, amma qiymət enməyəcək

Tarix:

21-07-2017, 12:24

/ 114 873 dəfə oxundu.
Benzin idxalı rüsumdan azad edildi, amma qiymət enməyəcək

Ekspert deyir ki, Neftayırma Zavodu təmirə bağlandığından idxal olunan neftin aksiz vergisindən azad edilməsi gündəmə gəlib
Hökumət 3 aylıq müddətə benzin üçün alınan aksiz vergisini 200 manatdan 1 manata endirib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, hazırda Heydər Əliyev adına Neftayırma Zavodu cari təmirə bağlandığından idxal olunan neftin aksiz vergisindən azad edilməsi gündəmə gəlib: “Avqust ayının əvvəlində zavod cari təmirə bağlanacaq. Həmin müddətə qədər ehtiyatlar yığılacaq. Təmir işlərinin davam edəcəyi müddət ərzində ölkənin tələbatını ödəmək üçün benzin idxal olunacaq. Adətən cari təmir 3 həftə müddətində yekunlaşır. Buna görə də heç vaxt həmin müddətdə ölkəyə xaricdən benzin gətirilmirdi. Həmin müddət ərzində anbarlarda yığılmış benzin bizim 21 günlük ehtiyacımızı təmin edirdi. İkinci bir məsələ isə odur ki, əvvəllər bu qədər avtomobil yox idi. Avtomobillərin sayı 1 milyona qədər idi. İndi isə istifadədə avtomobillərin sayı 1,2 milyondur. Yəni ölkədə yanacağa olan tələbat artıb”.
İlham Şabanın sözlərinə görə, modernizasiya işləri daha çox vaxt tələb etdiyi üçün idxal oluna benzinin aksiz vergisindən azad olunması qaçılmaz olub: “Başqa bir məsələ isə burdur ki, ötən ildən başlayaraq Heydər Əliyev adına neftayırma zavodunda modernizasiya işləri başlayıb. Zavod cari təmirə dayananda əsas işləri də həmin zaman kəsimində görməyə çalışırlar. Modernizasiya bir qədər uzun zaman tələb edir. Bu bir ay da ola bilər, daha çox da ola bilər. Ona görə də Nazirlər Kabineti ilk dəfə ötən il belə bir qərar verdi. Həmin müddətdə ölkəyə 25-30 milyon ton benzin idxal olunmuşdu. Həmin müddətdə aksiz vergisi ləğv olunduğundan idxal olunan benzinin qiyməti dəyişmədi. İndi yenidən Nazirlər Kabineti oxşar qərar qəbul edib ki, zavodun təmirdə olduğu və benzinin xaricdən gətirildiyi müddətdə qiymətlər dəyişməsin. Biz topdansatış bazası olaraq qonşu Gürcüstan bazarından Rumıniya benzini alırıq. Orada topdansatış qiyməti ilə təxminən Aİ 92 markalı benzinin 1 litri bizim pulla 86 qəpiyə başa gəlir. Nəqliyyat xərclərini də bunun üzərinə əlavə etsək, gəlib 1 manatdan çox edir. Ona görə də aksiz vergisini ləğv ediblər ki, idxal olunan benzinin qiyməti yerli istehsal olunan benzinlə eyni qalsın. Həmin qərar bu zərurətdən yaranıb. Zavod yenidən fəaliyyətə başlayandan sonra artıq idxal benzininə ehtiyac qalmayacaq, buna görə də, aksiz vergisi əvvəlki kimi yenidən bərpa olunacaq”.
İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd etdi ki, “Aİ-92" markalı yanacağın qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün aksiz vergisinin ləğvi yanacağın qiymətinə heç bir təsir etməyəcək: ”Tarif Şurasının müvafiq qərarı olmalıdır ki, qiymət aşağı düşsün və aşağı düşəcəyinə də inanmıram. 92 markalı benzinin dünyada istehsalı da demək olar ki, yoxdur. Bu benzin əsasən Rusiyada istehsal edilir. Hazırda, yəni Aİ-92-nin 90 qəpiyə olduğu vəziyyətdə, indiki məzənnə ilə Rusiyadan benzini alıb gətirib, Azərbaycanda satmaq çox sərfəli bir hala gəlib. Ölkəyə benzin idxal edən SOCAR-treyder çox güman ki, Rusiyadan Aİ-92 alaraq bazara çıxaracaq. “Premium” markalı benzini də SOCAR-treyder gətirir. Bu da SOCAR-a çox böyük gəlir gətirəcək. Bu qərarın qəbul edilməsi SOCAR-a böyük dövlət dəstəyidir. Çünki Rusiyadan hazırda benzinin ölkəyə gətirilməsi 55 qəpiyə başa gəlir. Satışı 90 qəpikdən nəzərə alsaq, bu da kifayət qədər qazanc deməkdir. Hələlik bu qərar 90 günlük verilib. Düşünürəm ki, bu qərar uğurlu olsa və SOCAR-a kifayət qədər gəlir gətirsə, növbəti dəfə bu qərar daha uzunmüddətli verilə bilər".
N.Cəfərli də vurğuladı ki, bu qərar neftayırma zavodunda baş tutacaq təmir işləri səbəbindən yerli istehsalın məhdudlaşması və daxili tələbatın ödənilməsi səbəbindən verilib.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ