SON DƏQİQƏ
XalqXeber.Az » İdman » "Ayrılan pullar məmurların xarici səfərlərinə xərclənir" (İTTİHAM)

"Ayrılan pullar məmurların xarici səfərlərinə xərclənir" (İTTİHAM)

Tarix:

19-11-2018, 18:51

/ 1 355 dəfə oxundu.
"Ayrılan pullar məmurların xarici səfərlərinə xərclənir" (İTTİHAM)

"Saxta şahmatçılar” dövlətdən mənzil alır, federasiyaya ayrılan pullar isə vəzifəli şəxslərin xaricə getməsinə sərf edilir".

Bu sözləri Qaynarinfo-ya beynəlxalq qrossmeyster, əməkdar məşqçi, FIDE hakimi, FIDE-nin məşqçisi, eyni zamanda bir çox beynəlxalq turnirlərin qalibi Azər Mirzəyev məlumat verib.

O, Azərbaycan Şahmat Federasiyasının fəaliyyətindəki nöqsanlar barədə saytımıza məktub ünvanlayıb.

Qrossmeyster bildirib ki, federasiyanın prezidenti Elman Rüstəmov şahmatçılarla çox az maraqlanır ya da ümumiyyətlə maraqlanmır, onun qəbuluna düşmək mümkün deyil, vitse-prezidentlər Faiq Həsənov və Mahir Məmmədov isə federasiyanı öz bildikləri qaydada idarə edirlər:

"Ayda 8000 avro maaş verməklə xaricdən legionerlər gətirirlər. Halbuki bizim öz şahmatçılarımız onlardan qat-qat güclüdürlər. 2015-ci ildə ilk legioner gələndən sonra komandamız 2016-cı il Olimpiadasında 12-ci, 2018-ci ildə isə 15-ci yeri tutdu. Budurmu şahmatın inkişafı üçün atılan addım?! Halbuki 2014-cü ildə legionerlər olmadan şahmatçılarımız Avropa çempionu olmuşdular".
Azər Mirzəyevin sözlərinə görə, federasiya rəhbərləri yaxın adamlarına şahmatçı adı ilə dövlətdən ev alır və federasiyaya ayrılan pullar bu sahəyə yad olan şəxslərin, onların valideynlərinin, həmçinin məmurların xarici səfərlərinə xərclənir:

"Adi şahmatçılara turnirlər üçün 5-6 min dollar pul xərcləyirlər, amma mənə 2012-ci ildən etibarən heç bir turnirə görə vəsait ödənilməyib. Hətta bir dəfə Mahir Məmmədovun göstərişi ilə jurnalistlərdən birinə "Limuzin" xidməti üçün gündəlik 700 dollar verildiyinin şahidi olmuşam. Yeri gəlmişkən qeyd edim ki, həmin jurnalist İspaniyada keçirilən turnirə mənimlə birgə adi sərnişin qatarında getmişdi. Bu 700 dollarlarla iki istedadlı uşağı qonşu Gürcüstanda keçirilən turnirə göndərmək olardı. Bu israfçılıq nəyə lazımdır?! Hansı ki, istedadlı uşaqların valideynləri övladlarını yarışlara göndərə bilmək üçün yüksək faiz dərəcələri ilə kreditlər götürməyə məcbur olurlar”.
Qrossmeyster ölkədə şahmat üzrə klub çempionatlarının da olmadığını vurğulayıb və bildirib ki, ölkənin ən nüfuzlu yarışında verilən mükafat qonşu ölkələrdən qat-qat aşağıdır:

"Ölkənin bir klub çempionatı (liqa) belə yoxdur. Hansı ki, qeyri-şahmat ölkələri olan Finlandiya, Belçika və Lüksenburqda belə çempionatlar təşkil edilir. Kişilərarası milli şahmat çempionatı ölkənin ən böyük yarışıdır. Amma son çempionata heç bir peşəkar şahmatçı qatılmadı. Hansı ki, ölkədə 23 qrossmeyster var. Belə bir önəmli yarışın mükafatı isə cəmi 4000 manatdır. Qonşu Gürcüstan və Ermənistanda bu tip yarışlara 10 000 dollar mükafat ayrılır".

O, qeyd edib ki, bu kimi səbəblərdən son 2-3 il ərzində 30-dan çox məşqçi ölkəni tərk edib:

"Federasiya 11 ildir yaransa da, bu vaxta qədər seçki keçirilməyib. Məşqçilər hansısa istedadına, işinə görə deyil, Həsənov və Məmmədovun istəyi ilə seçilir. 25 ildir çalışan məşqçilər var ki, kompüter və proqramlardan necə istifadə etməli olunduğunu bilmir. Nə qədər ki, Həsənov-Məmmədov tendemi şahmatçılarla belə rəftar edir, ölkənin şahmat mənzərəsi də ürəkaçan olmayacaq. Hər il Gənclər və İdman Nazirliyi federasiyaya 250 000 manat pul ayırır, lakin bu pulla hansı işlər görüldüyü barədə ətraflı məlumat verilmir. Hesab edirəm ki, bu, dövlətin puludur və şahmatçılar bu vəsaitlərin hansı məqsədlər üçün xərcləndiyini bilmək hüququna malikdirlər. Ötən il şahmatçılarımız Avropa çempionatında 3-cü dəfə qızıl medal qazandıqları üçün prezident İlham Əliyev şahmatın inkişafı üçün bir milyon manat ayırdı. O bir milyonun harada və necə xərcləndiyi də müəmmadır”.

Şərhlər

XƏBƏR LENTİ