SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ABŞERONUN İCRA BAŞÇISI MƏKTƏB DIREKTORLARINDAN 15-20 MIN MANAT PUL YIĞDIRIR?

ABŞERONUN İCRA BAŞÇISI MƏKTƏB DIREKTORLARINDAN 15-20 MIN MANAT PUL YIĞDIRIR?

Tarix:

30-05-2018, 08:56

/ 632 dəfə oxundu.
ABŞERONUN İCRA BAŞÇISI MƏKTƏB DIREKTORLARINDAN 15-20 MIN MANAT PUL YIĞDIRIR?

Abşeron təhsilinin “qara günləri”

Hansı ki, mövcud qanunvericiliyə görə TŞ-i rəhbərliyinin belə bir addım atması qanunla qadağandır

Orta təhsil məktəblərində dərs günlərinin başa çatmasına az qalmasına baxmayaraq, bu gün bəzi şəhər və rayonların təhsil müəssisələrində idarəetməni həyata keçirən elə rəhbər şəxslər var ki, onlar qol qoyduqları qanunsuzluqlarla hələ də “əndazəni aşmaq”da davam edirlər. Bu sırada Abşeron rayonunun adı daha öncüllər sırasında çəkilir. Əvvəla onu qeyd edək ki, son dörd-beş il ərzində adı çəkilən bu rayonun TŞ müdiri vəzifəsini bir neçə şəxs icra edib ki, hal-hazırda həmin vəzifəni Nazilə xanım Məmmədova daşımaqdadır. Onu da vurğulamaq yerinə düşər ki, Abşeron rayonunda bu vəzifəni daşıyan hər kəs, zaman-zaman təhsil müəssisələrində yaratdığı çoxsaylı problemlərlə bağlı özündən sonra silinməz izlər də buraxıblar. Bugünkü ab-havaya diqqət yetirməklə belə bir qənaətə də gəlmək mümkündür ki, Nazilə xanım qısa müddət ərzində həyata keçirdiyi yarıtmaz idarəçiliyi ilə Abşeron təhsilinə elə bir “dağ çəkib” ki, onu “sağaltmaq”, problemlərini aradan qaldırmaq və s. artıq “müşkül məsələ”yə çevrilib.

Deryaz.az saytı olaraq belə bir məlumat əldə etmişik ki, bu gün Abşeron rayonu ərazisində 39 təhsil müəssisəsi var ki, həmin təhsil ocaqlarında təqribən 50 min nəfərdən çox şagird təhsil alır. Hal-hazırda Nazilə xanım Məmmədovanın vermiş olduğu şifahi tapşırıq əsasında, hər şagirddən “Gündəlik pulu” adı altında 1 manat 70 qəpik pul yığılmaqdadır. Baxmayaraq ki, həmin gündəliyin bazarda bir ədədinin satış qiyməti 1 manat, yaxud da 1 manat 10 qəpik olduğu bildirilir. Bu ad altında “yığım kompaniyası”na TŞ-də metodist vəzifəsini daşıyan Aysel xanımın rəhbərlik etdiyi də söylənilir. O halda sual oluna bilər ki, təqribən 50 min nəfər şagirddən yığılan əlavə 70 qəpiklər kim(lər)in cibinə daxil olur? Yaxud da niyə daxil olmalıdır?

Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi orta məktəb şagirdləri üçün gündəliyin vahid formasını tərtib edib çapını həyata keçirtsə də, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın daha çox gəlir əldə etməyi daha öndə tutulur. Belə ki, o, rəhbərlik etdiyi rayonda özünə məxsus mətbədə çap olunan gündəliyi şagirdlərə1 manat 70 qəpiyə məcburi qaydada satdırır.

Əldə etdiyimiz başqa bir məlumatda o da bildirilir ki, TŞ-i rəhbərliyinin qol qoyduğu qanunsuzluqlar təkcə bunlarla yekunlaşmır. Məslən, çatdırılan məlumatlarda o da vurğulanır ki, Nazilə xanım Məmmədovanın vermiş olduğu tapşırıqlar əsasında bu gün Abşeronun təhsil müəssisələrindəki şagirdlər arasında qiymətləndirmə keçirilir. Hansı ki, mövcud qanunvericiliyə görə TŞ-i rəhbərliyinin belə bir addım atması qanunla qadağandır. Yəni, qiymətləndirməni məktəblərdə direktor vəzifəsini daşıyan şəxslərin səlahiyyət verdiyi müəllimlər keçirməlidir. Bu belə olmalı olduğu halda, Nazilə xanım nə qanunu sayır, nə də ki, qanundan irəli gələn tələblərə məhəl qoyur. Hətta, o, bu ad altında hər şagirddən 3 manat test pulu da toplatdırır. Ümumi məbləğ haqda təqribi statistik bir hesablama aparsaq, o halda bu məbləğin 150 min manat olması bəlli olacaq.

Etibarlı mənbə bildirir ki, İcra başçısının müavini Fuad müəllim məktəb direktorlarını yığıb tapşırıq verib ki, yuxarıdan deyiblər ki, böyüklüyündən -kiçikliyindən asılı olaraq hər bir məktəb 15000-20000 manat pul verməlidir.

Bəli, baş verənləri təhlil edib belə bir qənaətə gəlmək mümkündür ki, bu gün Nazilə xanım Məmmədova Abşeron təhsilini düşünülmüş şəkildə “uçuruma sürükləməkdədir”. Atılan bu cür addımlar onu söyləməyə əsas verir ki, hal-hazırda RTŞ-nin müdirini təhsilin səviyyəsi deyil, daha çox şəxsi maraqları düşündürməkdədir. Qarşı tərəfi də dinləyə bilərik.

Bu yöndə araşdırmamızı davam etdirəcəyik.

Şərhlər

XƏBƏR LENTİ