XalqXəbər.Az

2 azərbaycanlı futbolçu həbs edildi - “səbəbləri açıqlasam, böyük partlayış ola bilər”

yüklənir...
2 azərbaycanlı futbolçu həbs edildi - “səbəbləri açıqlasam, böyük partlayış ola bilər”
30-11-2017, 10:03
yüklənir...

Premyer Liqanın XIII turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” oyunu böyük qalmaqala səbəb olacaq. Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi matçda qonaqların könüllü təslim olmasına dair ehtimallar təsdiqini tapır.

Xalqxeber.az Futbolinfo.az saytına istinadən xəbər verir ki, bu oyun yüksək səviyyədə araşdırılır və ilk addımlar atılıb.

Dünən “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovun 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması haqda açıqlamasından bir neçə saat sonra şok hadisə baş verib. Axşamüstü hər iki futbolçu müvafiq orqanlar tərəfindən saxlanılıb və hazırda dəmir barmaqlıqlar arxasındadırlar.

“Neftçi” ilə oyundan sonra Ramiz Məmmədovun “səbəbləri açıqlasam, böyük partlayış ola bilər” sözləri təsadüfi deyilmiş. Sən demə, “Keşlə”nin çalışdırıcısı hadisədən xəbərdar imiş. O, komandanın əksər oyunçularının bilərəkdən uduzduğunu meydanda sərgilədikləri futboldan hiss edibmiş. “Neftçi” ilə matçdan öncə məşqçi hadisələrin bu şəkildə inkişaf edəcəyini hiss edibmiş. Amma mümkün məğlubiyyətin məsuliyyəti altında qalmamaq üçün həmin futbolçuları meydana buraxıb və şübhələri öz təsdiqini tapıb.

Məlumata görə, "Neftçi" ilə oyunda start heyətdə meydana daxil olan futbolçuların böyük əksəriyyəti bu plana qulluq edirmiş. Orxan Sadıqlı, Sertan Taşkın, Adrian Skarlatake və Pərdis Fərcad-Azaddan başqa bütün futbolçular könüllü məğlubiyyətə razılaşıb.

Baş rolda “Neftçi” ilə müqavilə bağlamağa hazırlaşan Hacıyev və futbolçular üzərində gizli hökmranlığı olan Seyidov olub. İlk olaraq komandadan bu futbolçuların qovulması və hüquq-mühafizə orqanları tərəfindən məhz onların saxlanılması da təsadüfi deyil. Yaxın günlərdə bu işdə əli olan digər futbolçuları da eyni aqibət gözləyir.

Bu qalmaqal heç də yalnız “Neftçi” ilə oyunla bağlı deyil. “Keşlə”nin ardıcıl 7 məğlubiyyəti təsadüfi deyilmiş və daha bir neçə matçla bağlı şübhələr var. Araşdırma davam edir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.