yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Konte bu gün saqqalını Bakıda qoyub gedəcəkmi...

Konte bu gün saqqalını Bakıda qoyub gedəcəkmi...
22-11-2017, 11:15 127 dəfə baxılıb

Bunun gerçəkləşməsi üçün “Qarabağ” bu gün döyüşməli, Bakı Olimpiya Stadionunu ağzınadək doldurmuş azarkeşlərə bu zövqü yaşatmalıdır

Çempionlar Liqasının qrup mərhələsi başa çatmaqdadır. Bu gün təmsilçimiz “Qarabağ” ÇL beşinci turunda Bakı Olimpiya Stadionunda Avropanın ən güclü klublarından biri olan “Çelsi” ilə qarşılaşacaq.

Son iki oyunda “Qarabağ” Madridin “Atletiko” klubu ilə oyunlarda aktivinə 2 xal yazması əlbəttə ki, azarkeşləri ümidləndirib. Nəzəri cəhətdən hətta “Qarabağ”ın 3-cü yer tutaraq Avroliqada “pley-off” da oynamaq hüququ qazanmaq şansı var. Bunun üçün isə bu gün mütləq “Çelsi”yə qalib gəlmək lazımdır.

“Çelsi” ilə ilk oyunda ağır məğlubiyyəti hələ də həzm etmək mümkün olmasa da, “Qarabağ” ilk turdakı həyəcanını arxada qoyub, ilk topunu və 2 xalını qazanıb. “Atletiko” ilə oyunlar bir daha sübut etdi ki, “protiv loma yes priyoma”. Yəni ən güclü klubu belə meydandan məyus göndərmək olar, yetər ki, oyun alınsın, bu istək olsun. “Atletiko” hazırda yaxşı formada deyil, amma “Roma” ilə qarşılaşmada “Çelsi” də ilk oyunda qapımıza 6 top vuran kluba az bənzəyirdi. “Qarabağ” Bakıda “Roma”nı xeyli sıxmışdı və ilk 15 dəqiqdə buraxılmış qollar olmasaydı, “Roma” da Bakıda umduğu xalla getməyə bilərdi.

“Çelsi”nin “Roma”ya 3 top fərqi ilə uduzması, əslində bizə sərf etmədi. O baxımdan ki, İngiltərə təmsilçisi indi həm turnir vəziyyətini, həm sifətini qorumaq üçün bu gün daha hırslı olacaq. Bəlkə də bu indi milli komandanın da yükünü çiyinlərində çəkən Qurban Qurbanovun işinə yarıya bilər. “Hirsli başda ağıl olmaz” deyirlər axı..."Çelsi" bu havaya Bakıya gəlib və onlarla oyunun çox çətin olacağını indi əlində bilet axşam saat 9-u gözləyən uşağa da aydındır.

“Atletiko” ilə səfər matçı ərəfəsi də yazmışdım ki, əgər heç-heçəni və ya qələbəni bayram edə bilsək, bu, həmin turun sensasiyası olacaq. Elə də oldu. Dünya mediası “Qarabağ”ın uğurundan danışdı. Dünənədək bir çox klub rəhbərlərinin ağız büzdüyü “Qarabağ” bu gün də eyni oyunu sərgiləyə, “Çelsi”ni Bakıdan xalsız göndərə bilərsə, ÇL qəhrəmanları onlar olacaq. Bu çox çətin, əsas hücumçusu Pedro Enrikeni itirən “Qarabağ” üçün bəlkə də mümkünsüz bir işdir. Amma “Qarabağ”ın gücü həm də mümkünsüzü edə bilmək bacarığındadır. Biz “Qarabağ”ı həm də bu xarakterinə görə bəyənir, sevir və dəstəkləyirik.

Matçın intriqasını artıran başqa bir səbəb “Çelsi”nin baş məşqçisi Antonio Kontenin saqqalı ilə bağlıdır. Azərbaycanın idman saytları yazdı ki, italiyalı mütəxəssis saqqal saxlayır və “Qarabağ”a uduzsa, saqqalını qırxacaq. Əlbəttə ki, Konte birbaşa elə bir fikir deməyib. Konte jurnalistlərə deyib ki, həyat yoldaşının istəyi ilə saqqal saxlayıb: “Həyat yoldaşım dedi ki, sifətdə tük yetişdirməyi bir dəfə sınaqdan çıxar. Bunu ilk dəfədir edirəm. Qarşıdakı görüşə baxacağıq. Görək, mənə uğur qazandıracaq, yoxsa... Zahiri görkəmimi yalnız xanımım belə istədiyi üçün dəyişməyə çalışacağam”.

“İlk məğlubiyyətinizədək saqqal qalacaqmı” sualına isə Konte “bəli, ümidvaram ki, mövsümün sonlarında mənim böyük saqqalım olacaq” deyərək, iddiasını ortaya qoyub.

Saqqal Konteyə ilk matçda düşərli olub. Klub “Vest Bromviç” lə səfər matçından qələbə ilə qayıdıb(0:4) və bu motivasiya ilə də Bakıya gəliblər. Bizim idmandan yazan həmkarlarımız bu saqqal məsələsini yaxşı edib qabardıblar. İndi “Çelsi” ilə oyun bu saqqala görə lap maraqlı olmalıdır. Azərbaycanlılar belə mərclərdə də bərk azarkeşdirlər. “Xal arxasınca Bakıya gələn Konte saqqalını qoyub getdi”. Ləzzətli sərlövhədir. Nə olar-nə olmaz, heç olmasa, yazıb ürəyimizi boşaldaq. Amma niyə də yox? (düzü, bu “niyə də yox” yazanda yadıma millinin hələ də sənədlərlə baş məşqçisi olan Roibert Prosineçki düşür ki, bu heç də xoş hiss deyil). Bunun gerçəkləşməsi üçün isə “Qarabağ” bu gün döyüşməli, Bakı Olimpiya Stadionunu ağzınadək doldurmuş azarkeşlərə bu zövqü yaşatmalıdır.

Konte bugünkü oyun haqda danışarkən deyib ki, bu, onlar üçün cari mövsümün ən vacib qarşılaşması olacaq: “”Qarabağ"la matçda qazanılacaq qələbə bizə 1/8 finalda oynamaq imkanı verəcək. Bu, çox vacibdir. Amma qalib gəlmək asan olmayacaq. Çünki onlar “Atletiko” ilə iki matçda uduzmayıblar. “Roma” ilə görüşdə məğlub olsalar da, sonadək mübarizə apardılar. Ona görə də qələbə qazanmaq üçün oyuna yaxşı köklənməli, üzərimizdə işləməliyik". “Çelsi”nin kapitanı Qari Keyhill “Qarabağ”la oyunun çətin olacağını etiraf edib. O deyib ki, Bakıda “Çelsi”yə qələbə lazımdır.

“Qarabağ”ın prezidenti Tahir Gözəl “Çelsi”yə qarşı oyunda “Qarabağ”dan əzmkar oyun gözləyir. “Çox ağır qrupa düşmüşük. Rəqiblərimiz milyardlıq komandalardır. Heyətində dünyanın məşhur futbolçuları var. ”Çelsi"yə ilk oyundakı böyük hesablı məğlubiyyəti kənara qoyaq. Londonda oyunumuz alınmadı.

“Qarabağ” topa nəzarəti itirmişdi. Bakıda isə möhtəşəm azarkeş dəstəyi ilə “Roma” və “Atletiko”ya qarşı keçirdiyimiz gözəl oyunları “Çelsi” ilə matçda da görmək istəyirəm. Nəticə nə olursa, olsun “Qarabağ”ın möhtəşəm oyun göstərəcəyinə ümid edirəm" (sitatlar qol.az saytındadır).

Hakimlərə gəlincə, oyunu portuqaliyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Manuel De Souza olacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Fabio Verissimo və Luis Migel Branko Qodinyo isə əlavə hakim köməkçiləri funksiyasını yerinə yetirəcək.

Uğurlar “Qarabağ”!

Nazim SABİROĞLU \\musavat.com\\


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Bakida, gun, qoyub, gedecekmi, bu, saqqalini, Konte
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramaz[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ