yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Prezident Xırdalanda Hacı və Məhəmmədrəsulla görüşdü - Fotolar

Prezident Xırdalanda Hacı və Məhəmmədrəsulla görüşdü - Fotolar
16-11-2017, 14:49 273 dəfə baxılıb

Prezident İlham Əliyev noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Xalqxeber.Az xəbər verir ki, prezident İlham Əliyev açılışda Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla da görüşüb.

Ölkə başçısının görüşdəki çıxışı təqdim edirik:

"Mən burada bizim görkəmli idmançılarımızı görürəm, sizi xüsusilə salamlayıram. Bu gün Abşeron rayonunun həyatında çox əlamətdar bir gündür. Biz Abşeron Olimpiya İdman Kompleksinin açılışını birlikdə qeyd edirik. Bu gözəl hadisə münasibətilə idmançıları, Abşeron rayonunun sakinlərini ürəkdən təbrik edirəm.
Bu, bölgələrdə inşa edilmiş sayca 42-ci Olimpiya İdman Kompleksidir. Bu rəqəm özlüyündə bir göstəricidir. İndi bizim əksər rayonlarımızda ən müasir idman kompleksləri fəaliyyət göstərir. Əlbəttə, biz növbəti illərdə də yeni komplekslərin tikintisi ilə məşğul olacağıq. Ağcabədi Olimpiya İdman Kompleksi artıq açılışa hazırdır. Bu kompleks yaxın zamanlarda açılacaq. Gələn il də yeni komplekslərin açılışı nəzərdə tutulur.
Bu idman obyekti Abşeron rayonu üçün çox böyük əhəmiyyət kəsb edir. Burada 1000 nəfərlik gözəl idman zalı, 1600 nəfərlik stadion, məşq zalları, boks, şahmat bölmələri, açıq idman meydançaları, kort var. Bir sözlə, burada idmanın əksər növləri ilə məşğul olmaq mümkündür. Bu, Abşeron rayonu üçün, idmançılar üçün gözəl bir hədiyyədir. Əminəm ki, həm rayon sakinləri, uşaqlar, yeniyetmələr, eyni zamanda, idmançılar da bu kompleksin imkanlarından istifadə edəcəklər. Beləliklə, bütün bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində növbəti önəmli addım atılır.
Bu kompleksin açılışında bizim Olimpiya, dünya çempionlarımız iştirak edirlər. Mən sizi xüsusilə salamlayıram. Əminəm ki, sizin gələcək fəaliyyətiniz də Azərbaycan idmanına xidmət edəcək. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. Bizim uğurlarımız indi bütün dünya idman ictimaiyyəti tərəfindən qəbul edilir. Bizim idmançılar Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər, bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Bu il bizim iki idmançımız - burada iştirak edən Hacı Əliyev və Məhəmmədrəsul Məcidov üçqat dünya çempionu olublar. Bu, doğrudan da böyük idman nailiyyətidir. Yəni, onlar artıq üçüncü dəfə təsdiqlədilər ki, dünyada birincidirlər. Əlbəttə ki, bizim olimpiyaçılarımızın, üçqat dünya çempionlarımızın qələbələri uşaqları da idman bölmələrinə cəlb edir. Əminəm ki, uşaqlar, yeniyetmələr bu idman kompleksindəki bölmələrdə məşq edəcəklər və gələcəkdə sizin yerinizi tutacaqlar. Çünki idmanın dayanıqlı inkişafı gənc nəslin yetişməsindən başlayır. Gənc nəslin yetişdirilməsi, hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmalıdır. Eyni zamanda, onların qarşısında gözəl nümunələr olmalıdır. Onlar da sizin kimi Olimpiya, dünya çempionları olmaq istəyirlər. Beləliklə, bu gün Azərbaycanda idmanın kütləviliyi də təmin edilir. Biz əlbəttə ki, idmançılarımızın uğurları ilə fəxr edirik. Bu, ölkəmizin şöhrətini daha da yüksəklərə qaldırır. Ancaq bununla bərabər, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir, vətəndaşlarımızın sağlamlığıdır. İdman insan sağlamlığı üçün bəlkə də əsas vasitədir.
Bu gün idman ölkəmizin müxtəlif yerlərində artıq kütləvi xarakter alıb. Mən həmişə tövsiyə edirəm, bu gün də demək istəyirəm, hər bir insan hər gün, hər gün olmasa da, həftədə heç olmasa üç dəfə idmanla fəal məşğul olsun. Bu, insanların sağlamlığı, ümumiyyətlə, ovqatı üçün çox böyük əhəmiyyət daşıyan məsələdir.
Əlbəttə, biz idmanla bağlı siyasətimizi növbəti illərdə davam etdirəcəyik. Bu gün idmançılarımız bütün beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər. Azərbaycanda keçirilmiş Avropa və İslam Həmrəyliyi oyunlarında biz ən qabaqcıl yerlərdəyik. Bu il İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir və bütün müsəlman aləmində Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Avropa məkanında isə biz ikinciyik. Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir və bu nailiyyəti bizə bəxş edən idmançılardır. Mən çox şadam ki, bu gün burada bir neçə Olimpiya çempionu - Nazim Hüseynov, Elnur Məmmədli, Namiq Abdullayev, Radik İsayev, Toğrul Əsgərov, Zemfira Meftahətdinova və dünya çempionları iştirak edirlər. Onların sayı kifayət qədər çoxdur. Bir sözlə, bax, budur, bizim idmanımızın qələbələri, qalibləri, hər bir ölkə belə idmançılarla fəxr edə bilər".
Prezident Xırdalanda Hacı və Məhəmmədrəsulla görüşdü - Fotolar
Prezident Xırdalanda Hacı və Məhəmmədrəsulla görüşdü - Fotolar
Prezident Xırdalanda Hacı və Məhəmmədrəsulla görüşdü - Fotolar


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Fotolar, , Xirdalanda, gorushdu, Prezident, ve, Mehemmedresulla, Haci
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

su[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ